ADP-dən İctimai Palataya dəstək

adp-den-ictimai-palataya-destek
Oxunma sayı: 663

Toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər və partiya həyatına dair bir sıra cari məsələlər əsas müzakirə obyekti olub. Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, İdarə Heyəti üzvləri ilk növbədə 2 aprel mitinqində həbs edilən şəxslər barədə prokurorluğun irəli sürdüyü ittihamların və məhkəmənin qərarlarını siyasi motivli olduğunu bir daha cəmiyyətin diqqətinə çatdırıb və hakimiyyəti bütün siyasi məhbusları təcili olaraq azad etməyə çağırıb.

Partiya yetkililəri Avropa Şurası İnsan Hüquqları üzrə komissarının Azərbaycanda siyasi məhbus probleminin hələ də həllini tapmaması barədə verdiyi kəskin bəyanata mövqe bildirib və bu bəyanatın Azərbaycan reallıqlarını tam əks etdirdiyini diqqətə çəkib. Eyni zamanda İH üzvləri Avropa Şurasının Azərbaycanda siyasi məhbus məsələsinin həlli istiqamətində təsirli tədbirlər görməməsi nəticəsində vəziyyətin daha da gərginləşməsini qeyd edib və bu sahədə beynəlxalq təzyiqlərin artırılmasının zəruri olduğunu onların diqqətinə çatdırıb.

İdarə Heyəti üzvləri İslam partiyasının üzvlərinə qarşı ağır cəzalar verilməsindən narahat olduğunu bildirib və bu motiv üzrə vətəndaşlara həbs qəti imkan tədbiri görülməsi praktikasının və ağır cəza verilməsinin ədalətli və məqsədə müvafiq olmamasını məhkəmələrin diqqətinə çatdırıb.

İclasda ADP üzvlərinin İctimai Palatadakı üzvlük məsələsi ətrafında da müzakirələr aparılıb və bu quruma daxil olan bir sıra şəxslərə qarşı hazırda hakimiyyət tərəfindən siyasi təqib kampaniyası aparılması əsas götürülərək partiya üzvlərinin bu qurumda fəaliyyətlərinə son verilməsi məqsədəuyğun hesab edilməyib.