ADP hakimiyyətin aşura müdaxiləsini pislədi

adp-hakimiyyetin-asura-mudaxilesini-pisledi
Oxunma sayı: 632

“Qafqazinfo” xəbər verir ki, toplantıda ölkədə baş verən bir sıra ictimai-siyasi hadisələr müzakirə predmeti olub.

Toplantı iştirakçıları ilk öncə ötən həftə Milli Məclisdə Azərbaycan qazının Türkiyə ərazisində qəbulu, tranziti və satışına dair müstəqil boru kəmərinin inşası və Türkiyə ilə Azərbaycan arasında Trans-Anadolu Boru Kəməri sazişlərinin təsdiq edilməsi ətrafında müzakirələr aparmış, bu sazişi strateji baxımdan düzgün və ölkəmizin müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsinə xidmət edən addım kimi dəyərləndirib. İdarə Heyəti eyni zamanda sazişin şərtlərinin ictimaiyyətə açıqlanmamasından dolayı Azərbaycan tərəfindən korrupsiyaya yol verilmə riskinin yüksək olmasından narahatçılığını ifadə edib və hakimiyyəti şəffaflığın təmin edilməsi üçün bu layihədə müstəqil qeyri-hökumət təşkilatlarının nəzarətini təmin etməyə çağırıb.
Toplantıda AXCP fəalı Dəyanət Babayevin həbs olunmasına da münasibət bildirilib. İdarə Heyəti hesab edib ki, müxalifətçi gəncin barəsində çıxarılan qərar hakimiyyət orqanlarının siyasi sifarişi əsasında həyata keçirilən qanunsuz addımdır və bu həbs qərarı hakimiyyətin gənclərə qarşı apardığı repressiya siyasətinin tərkib hissəsidir. İdarə Heyəti hakimiyyəti bu tipli həbsləri durdurmağa, həbsdə olan bütün siyasi məhbusları, o cümlədən AXCP üzvü Dəyanət Babayevi və siyasi sifarişlə həbsdə olan ADP-çi gənc Rəsul Mürsəlovu dərhal azadlığa buraxmağa çağırıb.

İdarə Heyəti Azərbaycanda ötən gün Aşura tədbirlərinin keçirilməsinə hakimiyyət orqanları tərəfindən yersiz müdaxilələrə də münasibət bildirib. Toplantı iştirakçıları bu cür müdaxilələri qətiyyətlə pisləyib, bu halları ölkədə fundamental insan haqları olan vicdan azadlığının, sərbəst toplaşmaq azadlığının pozulması və dini dəyərlərimizə hörmətsizlik kimi dəyərləndirmiş, eyni zamanda ölkədə müsəlman həmrəyliyinə nail olunması baxımından düzgün dini maarifçiliyin təbliğ olunmasının vacibliyini qeyd edib.

Qeyd edək ki, iclasın sonunda partiyanın cari fəaliyyəti ilə bağlı bir sıra qərarlar qəbul edilib.