ADP “Hizbullah”ı müzakirə etdi

adp-hizbullahi-muzakire-etdi
Oxunma sayı: 642

İdarə Heyəti ilk olaraq Türkiyənin Baş Naziri Ərdoğanın ərəb ölkələri - Misir, Tunis və Liviyaya etdiyi səfərlər və bu səfərlər zamanı diktatura və avtoritar tipli rejimlərə qarşı yönələn mesajlarını dəstəklədiyini bildirib və bu mövqeyi Türkiyənin daxilində aparılan demokratik islahatların xarici siyasətdə davamı kimi dəyərləndirib. İdarə Heyəti hesab edir ki, Türkiyənin bölgədə demokratik bir güc kimi çıxış etməsi bütünlükdə həm Türkiyənin həm də bölgə dövlətlərinin maraqlarına tam cavab verir.

İdarə Heyəti ötən həftə “Hizbullah”ın baş katibinin müavininin Azərbaycan hakimiyyətini xalqı sıxışdırmaqda ittiham etməsi məsələsinə də münasibət bildirib. Toplantı iştirakçıları Azərbaycanda vicdan azadlığının ardıcıl olaraq pozulmasını bir daha pisləyib və qeyd edilib ki, bu hadisə Azərbaycan cəmiyyətini daim radikal islamçıların diqqət mərkəzinə gətirir. İdarə Heyəti hakimiyyəti bir daha vicdan azadlığı sahəsindəki siyasətinə yenidən baxmağa çağırıb. Eyni zamanda bildirilib ki, Azərbaycan Türkiyənin İslam modelini qəbul etməli, dövlətin təhlükəsizliyi istisna olmaqla dövlətin dinə hər hansı müdaxiləsinə yol verilməməlidir.

İdarə Heyəti Azərbaycan Vəkillər Kollegiyasından demokratik fikirli vəkillərin qeyri-qanuni olaraq çıxarılması məsələsinə də münasibət bildirib. İdarə Heyəti hesab edir ki, ölkədə zaman-zaman Azərbaycan Vəkillər Kollegiyasından demokratik fikirli vəkillərin çıxarılması bu gün artıq kütləvi xarakter almışdır ki, bu hadisə ölkədə insanların effektli hüquqi yardım almaq imkanını ortadan qaldırıb. İdarə Heyəti bu prosesin qarşısını almaq üçün cəmiyyətin bütün mütərəqqi qüvvələrinin birləşməsinin zəruri olduğunu, eyni zamanda ölkədə alternativ vəkillik institutunun yaradılmasının vacibliyini qeyd edib.

İdarə Heyəti Naxçıvanda son vaxtlar insan hüquq və azadlıqlarının total şəkildə pozulmasını, aşkarlığın təmin edilməməsinı, ölkə qanunlarının bu bölgədə işlək olmamasını Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə təhdid kimi dəyərləndirib və hakimiyyəti Naxçıvanda baş verən özbaşınalıqların aradan qaldırılması istiqamətində təcili tədbirlər görməyə çağırıb.