ADP Qarabağla bağlı bəyanat verdi

adp-qarabagla-bagli-beyanat-verdi
Oxunma sayı: 649

“Qafqazinfo”nun məlumatına görə, toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi vəziyyət müzakirə olunub. Nabucco qaz kəməri layihəsilə bağlı son zamanlar başlanan müzakirələrə münasibət bildirən İdarə Heyəti Azərbaycanın milli sərvətlərinin beynəlxalq bazara çıxarılmasında üçüncü dövlətlərdən istifadə edilməsi praktikasına son qoyulmasının vacibliyini bildirib.

İdarə Heyəti Eurovision mahnı müsabiqəsinin gələn il Azərbaycanda keçirilməsi ilə əlaqədar Bakıda iri maliyyə tutumlu proyektlərin, o cümlədən yeni stadionun tikintisinə start verilməsini ölkədə sosial iqtisadi vəziyyətin ağır olduğu, iş yerlərinin çatışmadığı, milyonlarla insanların yaşayış mənzillərinə təlabatı olduğu bir vaxta qəbuledilməz sayır. İdarə Heyəti hesab edir ki, bu tip layihələr yeni korrupsiya mənbəyinə çevriləcək.

Toplantıda partiyanın Qarabağ münaqişəsinin nizamlanmasına dair iyunun 25-də Kazanda keçiriləcək danışıqlar zamanı imzalanması planlaşdırılan “çərçivə sazişi”i müzakirə edilib və bəyanat qəbul edilib. Bəyanatda deyilir: “Heç bir halda torpaqları işğal altında olan bir dövlət kimi heç bir sazişdə işğal olunmuş ərazilərin yalnız sülh yolu ilə azad olunacağı öhdəliyini üzərimizə götürməməliyik. Bu beynəlxalq hüquqa ziddir və Azərbaycana münasibətdə ədalətsizlikdir.

ADP bəyan edir ki, Azərbaycan iqtidarının Dağlıq Qarabağ problemi ilə bağlı ölkənin siyasi qüvvələri ilə heç bir müzakirə aparmaması onu göstərir ki, imzalanması nəzərdə tutulan saziş Azərbaycan xalqının maraqları ilə üst-üstə düşmür.”

Bəyanatda vurğulanır ki, ADP bu halı qətiyyətlə pisləyir və qəbuledilməz sayır.

Fatimə Kərimli