ADP rus xalqına dəstək verdi

adp-rus-xalqina-destek-verdi-
Oxunma sayı: 700

ADP-nin mətbuat xidmətinin “Qatqazinfo”ya verdiyi məlumata görə, toplantıda ölkədə və beynəlxalq aləmdə ötən həftə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. İlk növbədə Rusiyada baş verən hadisələrə və keçirilən etiraz aksiyalarına diqqət çəkən İdarə Heyəti üzvləri bu ölkədə genişlənən siyasi aktivliyin arxasında son parlament seçkilərində törədilən total saxtakarlıqların durduğunu bildirib və dünyanın demokratik qüvvələrini demokratik mübarizəyə qalxan rus xalqına dəstək olmağa və region dövlətlərinə hər cür geniş təsir etmək imkanı olan Rusiya dövlətində baş verən demokratik dəyişikliklərə qarşı həssas olmağa çağırıb.

İdarə Heyəti Fransa parlamentində qondarma “erməni soyqırım”ını inkar edənlərə cəza tətbiq edilməsini nəzərdə tutan qanun layihəsinin qəbul edilməsindən ciddi narahat olduğunu bildirib və bu hadisənin insan azadlığına, özünü ifadə və sərbəst düşüncəyə qarşı yönəlmiş bir fakt olduğunu qeyd etməklə, məsələnin kökündə Fransanın Türkiyə və eləcə də bütün türk dünyasına qarşı düşmən siyasətinin durduğunu diqqətə çəkib. Fransa parlamentinin qondarma “erməni soyqırımı” məsələsinin müdafiəyə qalxmasının eyni dərəcədə Azərbaycanın milli maraqlarına zidd olduğunu diqqətə çəkən partiya səlahiyyətliləri, hakimiyyəti, bu məsələdə Türkiyə ilə birgə fəaliyyət göstərməyə, Fransanın tərəf saxlayan bir dövlət kimi Minsk qrupundakı fəaliyyətini dondurmaq üçün praktik addımlar atmağa və Azərbaycanda erməni soyqırımını etiraf edənlərə cəza müəyyənləşdirən qanun layihəsinin müzakirəyə çıxarılmasını gündəmə gətirməyə çağırıb.

İdarə Heyəti üzvləri İran prezidenti Əhmədinejadın son İrəvan səfərinin nəticəsi olaraq bu ölkələr arasında Araz çayı üzərində hidroelektirik stansiyasının tikilməsi barədə əldə edilən razılaşmadan ciddi narahat olduğunu bildirib və bu layihənin gerçəkləşməsinin ölkəmiz üçün ekoloji fəsadlar gətirə biləcəyini qeyd edib. İran rəsmilərinin işğalçı Ermənistana hər cür hərbi, iqtisadi və mənəvi dəstək göstərməsinin ölkələrimiz arasında olan qonşuluq münasibətlərinə zidd olduğunu diqqətə çatdırıb.

Toplantıda həmçinin başa çatmaqda olan bu il ərzində baş verən ən mühüm ictimai-siyasi hadisələr ətrafında da müzakirələr aparılıb.