“Adq.az” saytının təqdimatı oldu

adqaz-saytinin-teqdimati-oldu
Oxunma sayı: 1074


ADQ Mətbuat Xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə,  tədbiri giriş sözü ilə açan Azərbaycan Dil Qurumunun (ADQ) icraçı direktoru Anar Mahmudoğlu saytın yaranma məqsədindən danışıb: 

“Saytda ana dili normalarının qorunmasına həsr olunmuş tədbirlərin video-yazıları, tele-müzakirələr, monitorinqlər, nəşrlər, yazılar yerləşdirilib. Amma saytın əsas keyfiyyəti sözlüklərin axtarış sisteminə daxil edilərək istifadəçilərə təqdim edilməsidir. Hələlik Orfoqrafiya lüğəti yeni axtarış sistemində bu gün sizlərin ixtiyarına verilir. Növbəti mərhələ üçünsə izahlı və terminoloji sözlüklərin onlayn istifadəsi üçün proqramlaşdırma işləri davam etdirilir”.

A.Mahmudoğlu saytın hazırlanmasına göstərdiyi köməyə bəzi ziyalılara xüsusi təşəkkürünü çatdırıb: “İşə başlayarkən bəlli oldu ki, Dilçilik İnstitutunda nə İzahlı lüğətin, nə də Orfoqrafiya lüğətinin elektron variantları var. Dilçilik İnstitutundan Orfoqrafiya lüğətinin yeni nəşrinin hazırlandığı bildirilsə də, iki ay gözləmək heç bir nəticə vermədi. Halbuki, Dövlət Dili haqqında qanuna əsasən, Orfoqrafiya lüğəti ən geci beş ildən bir yenilənməlidir. Ancaq son qüsurlu nəşrdən doqquz il keçməsinə baxmayaraq, yenisi hələ də hazır deyil”.

Qurumun başqanı, millət vəkili Sabir Rüstəmxanlı dövlət dilinə münasibətə, reklam və elanlarda dil normalarının pozulmasına və ictimaiyyətin laqeydliyinə etiraz edib: “Özlərini elita sayan müəyyən təbəqə bu dilin çörəyini yeyir, amma bu dildə danışmağı əskiklik sayır”.
Yazı qaydalarının qorunması baxımından saytın əhəmiyyətini vurğulayan S.Rüstəmxanlı işin davam etdiriləcəyini söylədi: “Saytın arzuladığımız mükəmməl səviyyəyə yüksəlməsi üçün illərlə vaxt lazımdır və inanıram ki, kollektivimiz bu işin öhdəsindən gələcək”.