ADR korrupsionerləri neynirdi?

adr-korrupsionerleri-neynirdi
Oxunma sayı: 2461

Qan Turalı 

Bu yazıda ADR dövründə baş vermiş iki korrupsiya haqqında yazacağam. Və bunlarla necə mübarizə aparıldığı barədə. Birincidən başlayaq.

Baş nazir Xoyski ingilis generalı Tomsondan istiqlaliyyətimizi tanımağı tələb edir. 
Tomson şərt qoyur: Hökuməti Mirzə Əsədullayev qurmalıdır.
Xoyski etiraz edir.
Deyir bu bizim daxili işimizə qarışmaqdır. 
Mirzə Əsədullayev Bakı milyonçusu Şəmsi Əsədullayevin oğlu idi.
İnqilabdan qabaq qurulan Müsəlman Xeyriyyə Cəmiyyətinin rəhbəri olmuşdu.
Məşhur yazıçımız Baninin (Ümbulbanu) atası, Musa Nağıyevin kürəkəni idi.
Xoyski Mirzə Əsədullayevi ticarət naziri kimi hökumətin tərkibinə daxil edir.
Bu ADR-in III hökuməti idi. 
Nazirlik fəaliyyəti dövründə Mirzə Əsədullayev “Azərbaycan-ingilis dostluq cəmiyyəti” qurmağı düşünür.
Lakin parlamentdə nə müsavatçı, nə də sosialist partiyalardan dəstək ala bilmir.
Nazir işlədiyi dövrdə Mirzə Əsədullayev sevgilisi olan rus xanıma, Yazıkova çox qiymətli bir ticarət sənədi verir. 
İşin üstü tezliklə açılır, baş nazir Xoyski xüsusi iclas çağırır.
Əsədulla bəy istefa verməyə məcbur edilir. 
Azərbaycan Sovet hakimiyyəti qurulduğu illərdə  həbs olunur.
Bir müddət sonra azadlığa buraxılır.
Ona xaricə getməyə icazə verilir.
1936-cı ildə Parisdə vəfat edir.

Keçək ikinciyə.
Bu hadisə isə Nəsib bəy Yusifbəylinin baş nazirliyi dövründə baş verir.
Məşhur tacir Vahabov baş nazirin qəbuluna gəlir.
Xahiş edir ki, əlində nağd pulu yoxdur, qəndlə dolu paraxodu Batumidə qalıb. 
Pulunu əvvəldən verməklə çox ucuz qiymətə ondan qənd almağı xahiş edir. 
Nəsib bəy məsələni hökumətlə müzakirə edərək 800 ton şəkər almağı tapşırır.
Məsələnin icrası Ticarət nazirliyinə, nazir də məsələni müşaviri Yusifəli bəyə həvalə edir. 
Müşavir də taciri çağırıb hökumətə təklif olunan ucuz qiymətə ondan 1600 ton qənd istəyir.
800 ton hökumətindir, amma o digər 800 tonu da özü üçün alıb bu cür əlverişli qiymətlə digər tacirlərə satmaq haqqında fikirləşir.
Qənd alınır, 800 tonu hökumət anbarlarına vurulur.
800 tonu isə Yusifəli bəy üç-dörd dəfə baha qiymətə tacirlərə satır.
Amma məsələnin üstü tezliklə açılır.
Müşavir məhkəməyə verilir.
İşdən azad edilir.
Üstəlik, Müsavat partiyasından da çıxarılır. 
Bu da ADR-in korrupsiya ilə mübarizəsi...

P.S. Yazıdakı faktlar XAN Nəşriyyatı tərəfindən çap olunan Nağı bəy Şeyxzamanlının “Xatirələr” kitabından götürülüb. Nağı bəy ADR dövründə xüsusi xidmət orqanının-“Əksinqilabla Mübarizə İdarəsi”nin rəhbəri vəzifəsində çalışıb.