AFFA-dan azarkeşlərin “istefa” tələbinə - Reaksiya

affa-dan-azarkeslerin-istefa-telebine-reaksiya
Oxunma sayı: 644

“Qafqazinfo”nun trend-ə istinadən məlumatına görə, baş katib bildirib ki, bu oyunda hər bir azərbaycanlını məyus edən faktlar olub: “Onlardan biri odur ki, komanda Portuqaliyaya qarşı oynayır, birinci qolu buraxır və bir dəqiqə sonra stadiondakı bir qrup azarkeş "istefa" şüarı səsləndirməyə başladı. Bu da öz-özlüyündə milli komandanın üzvlərini ruhdan salır. Bu gün biz özümüzdən, komandadan daha böyük nəticələr gözləyirik, amma reallıqla hazırda bu nəticəni gözləmək düzgün deyil. Komanda keçən seçmə mərhələdə rekord miqdarda xal qazanıb. Bu il də bəzi azarkeşlər motivasiya etmək əvəzinə, əksini edirlər. O insanlar ki "istefa" qışqırır, onlar bunu Azərbaycan futboluna qeyri-sabitlik gətirmək üçün bilə-bilə edirlər. Bu şüarlar ancaq buna yönəldilib. Biz təbii ki, təhlil aparırıq. Siz elə bilirsiniz, komanda uduzanda biz baş məşqçi ilə problemləri müzakirə etmir, narazılığımızı bildirmirik? Təbii ki, edirik", - Elxan Məmmədov vurğulayıb.

AFFA-nın baş katibi hesab edir ki, baş məqşqçi Berti Foqtsun istefasını bir qrup insan səsləndirir.

"Bu seçmə mərhələyə başlayanda komandanı Berti Foqtsa tapşırmışıq və onunla müqavilə bağlamışıq. AFFA prezidentinin və rəhbərliynin də mövqeyi belədir ki, müqavilə müddətinin sonuna qədər bu insan çalışmalıdır. Bu gün onun istefasından söhbət getmir. Söhbət ondan gedir ki, hazırda bu adam işləyir və müqaviləsi ilin sonuna qədərdir", - Məmmədov bildirib.

AFFA rəhbərliyinin Berti Foqtsla bağlanan 2 illik müqaviləyə hörmətlə yanaşdığını deyən baş katib bildirib ki, alman məşqçi də bu müqaviləyə hörmətlə yanaşır. Futbolçular da baş məşqçiyə hörmətlə yanaşırlar.

Onun sözlərinə görə, komanda 0:1 uduzur, Portuqaliyaya qarşı stimul vermək əvəzinə, bəzi azarkeşlər tərəfindən demotivasiya başlanır ki, bu da yaxşı hal deyil.

"Məsələn, İngiltərə futbolu Azəbaycan futbolundan qat-qat yüksəkdədir. O boyda fərq ola-ola, İngiltərə komandasının bu qədər maliyyə dəstəyi ilə, azarkeş mədəniyyəti ilə nəticələrinə baxsaq, görərik ki, komanda cəmi bir dəfə dünya çempionu olub. Hərdən dünya və ya Avropa çempionatlarına heç vəsiqə də qazanmır, amma stadion hər zaman dolu olur, azarkeşlər komanda uduzanda da onu dəstəkləyir. Amma oradakı azarkeş İngiltərə komandasından daha çox şey tələb edə bilər. Portuqaliyaya qarşı 10 nəfərlə oynayaraq hesab 0:1 olanda bəzi azarkeşlər motivasiya etməkdənsə, tamamilə demotivasiya edir", - Elxan Məmmədov bildirib.

Baş katibin fikrincə, mətbuatın da burada çox böyük rolu var.

"Komandamız Almaniyaya uduzanda, sonra isə Türkiyəyə qalib gələndə, eyni qaydada Rusiya komandasından evdə bir xal qazananda "istefa" qışqıran adamlar sonra "bir daha" qışqırırdı. Yəni biz bu məsələləri görmüşük. Mətbuat da bu cür azarkeşləri tənqid etməli və düzünü yazmalıdır. Bu, düzgün hal deyil. Bu gün futbol tamaşaçı və kütlə baxımından 1 nömrəli idman növüdür. Burada azarkeş dəstək vermək əvəzinə, tərsinə edir", - Elxan Məmmədov bildirib.