AFFA “Neftçi”ni cəzalandırdı

affa-neftcini-cezalandirdi
Oxunma sayı: 632

“Qafqazinfo” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iclasda İK Premyer Liqanın V turunda baş verən hadisələrlə bağlı klublara müvafiq cəza qərarları verilib.

Premyer Liqasının V turunun “Bakı” – “Turan” matçında “Turan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Həmin cəza “Xəzər – Lənkəran”a da verilib. Buna səbəb 15 sentyabrda baş tutan “Neftçi” – “Xəzər Lənkəran” matçında “Xəzər Lənkəran” klubunun 4 futbolçusunun sarı vərəqə almasıdır.

Bu oyunun 8-ci dəqiqəsində “Neftçi” azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.

Matçda həmçinin “Neftçi” klubunun azarkeşləri tərəfindən 27 oturacaq, “Xəzər – Lənkəran” klubunun azarkeşləri tərəfindən isə 34 oturacaq sındırılıb. Bunu nəzərə alan AFFA İntizam Komitəsi zərərin stadion rəhbərliyinin təqdim edəcəyi hesab əsasında ödənilməsini qərara alıb.

Qeyd edək ki, “Simurq”, “Qəbələ”, “Qala”, “Bakılı” klubları da cəzalananlar sırasındadır.