Afrika haqda düşüncələri dəyişən ilk qaradərili model - İman+Fotolar

afrika-haqda-dusunceleri-deyisen-ilk-qaraderili-model
Oxunma sayı: 4585

Onu bütün dünya fransız modelyer İv Sen-Lorenin sayəsində tanıdı. Üstəlik, ilk qaradərili model olaraq tarixə keçdi. Dəb aləmi bu qeyri-adi görünüşlü modeli qəbul etdikdən sonra məşhur dizaynerlərin “gözəllik ilahəsi”nə çevrildi. Söhbət ilk qaradərili afrikalı model İmandan gedir.

“Qafqazinfo” İmanın həyatından maraqlı məqamları təqdim edir: 

İmanı moda dünyası ilə ilk dəfə tanış edən şəxs amerikalı fotoqraf  Piter Berd olub. Onlar Nayrobidə universitetdə tanış olublar. Məhz Piter İmanın qeyri-adi dərisinin onu məşhur birinə çevirə biləcəyini düşünüb. 

Əsl adı Zara Məhəmməd Əbdülməciddir. Anası daha sonra ona kişi adı qoyur –İman. İman qadın cinsində birinin ilk dəfə bu cür adlandırılması ilə hər zaman fəxr etdiyini deyirdi.

Fotoqraf Piter onunla tanış olanda düşünürdü ki, qarşısındakı yoxsul və savadsız Afrika aborigenidir. Ancaq əslində Zara kifayət qədər imkanlı ailədə dünyaya göz açmışdı: atası səfir, anası həkim idi. Bununla belə somalili bu qız bir dəfə də olsun əlinə dəb jurnalı almamışdı. 

Bu baxımdan İmanın Piterlə qarşılaşmasını qismət də adlandırmaq olar. Bu tanışlıqdan bir il sonra artıq İmanın fotoları məşhur jurnallarda dərc olunurdu. O, tanınmış agentliklərlə müqavilə bağlamışdı. Həmin dövrün Nelson Mandela, Məhəmməd Əli kimi qaradərili məşhurları olsa da, model aləmində bu, ilk hadisə idi. 

İman müsahibələrinin birində qeyd edib ki, İv Sen-Loren ona kolleksiyalarının “ilahəsi” olmağı təklif edəndə bu sahədən ümumiyyətlə anlayışı yox imiş və nə edəcəyini bilmirmiş. 
İman ən yaxşı moda evləri ilə əməkdaşlıq edir, peşəkar fotoqrafların fotosessiyalarına çəkilirdi. 

İman təkcə modelliklə kifayətlənmirdi. O həmçinin, Hollivud ulduzuna da çevrilmişdi. Onlarla filmdə çəkilən İmanın populyarlığı “VI Ulduz yolu: Qapalı ölkə” filmindəki rolu ilə artır. 
İman haqqında müxtəlif iddialar irəli sürülürdü. Hətta jurnallardan biri onun əslində ağdərili olduğunu, özünü süni şəkildə qaraltdığını iddia edən yazı dərc etmişdi. 

Karyerasının ilk illərində İman üçün tərcüməçi təyin olunur. Ancaq onun ingilis dilindən əlavə 5 dil bildiyini öyrəndikdə təəccübdən nə deyəcəklərini bilmirlər. 
İman əslində afrikalılar haqda bütün stereotipləri darmadağın etmişdi. 

Modellik karyerası ilə yanaşı, İman özünü biznes ledi kimi də sınayıb. O, 90-cı illərdə “rəngli” dərisi olan qadınlar üçün “İman Cosmetics” adı ilə brend yaradır və krem istehsalı ilə məşğul olur.

İman 3 dəfə ailə qurub. İlk nikahını 18 yaşında qursa da, bu, cəmi yarım il çəkir. İkinci dəfə o, amerikalı basketbolçu Spenser Heyvuda ərə gedir. Bu izdivacdan onun Züleyxa adlı qızı doğulur. Ancaq onlar 10 illik ailə həyatından sonra ayrılırlar. 

İman 3-cü dəfə 1992-ci ildə rok-ulduz Devid Bouiyə ərə gedir. 2000-ci ildə onların Aleksandriya “leksi” Cons adlı qızları dünyaya gəlir. Bu nikah bütün dünyanın müzakirəsinə çevrilmişdi. Məhz Devidlə ailə qurduğuna görə İmanı ölkəsində qəbul etmirdilər. 

2016-cı ildə Devidin ölümündən sonra İman onun adı yazılmış boyunbağını ölənədək boynundan çıxarmayacağına söz verir. 

Hazırda İmanın 63 yaşı var.