“Ağ ölüm”dən qapqara cəsəd kimi qurtulmaq...

ag-olumden-qapqara-cesed-kimi-qurtulmaq
Oxunma sayı: 4404

 Ağ ölümdən- narkomaniyadan qurtulmaq üçün, qurban olmamaq üçün, həyata dönmək, yenidən başlamaq, yaxşı ata, yaxşı ər, yaxşı oğul olmaq üçün getdiyin yerdən, mədət umduğun, həyat umduğun  məkandan ömrünü- gününü ağarda bilməmiş, qapqara cəsəd kimi çıxmaq...çox amansız taledir.  

Bu gün səhər saatlarında Respublika Narkoloji Mərkəzinin birinci korpusunda yanğın baş verib. Üç saat davam edən yanğında 25 vətəndaşımız həlak olub. 

 25 ümid, 25 ümid, 25... ölüb. 25 can, narkomaniyadan qurtula bilməyib. 

Ya qismət, ya tale, ya bəxt, ya qısaqapanma, ya qırx ilin binası, ya taxta konstruksiya... hansınızsınız günahkar?

Canımız yanır  hamımızın. Kədərliyik. Amma bunca kədərə rəğmən beynimiz məntiqli suallar istehsal edir. Deyir ki, niyə külə dönənlər ancaq xəstələrdir, aralarında bir dənə də olsun personal  yoxdur?  Deyir harda olub oranın mühafizə xidməti? 

Sizcə də, bu tipli qəflət hadisələrdən, xüsusilə də yanğınlardan mühafizə olunmalı yerlər arasında ən birincisi elə Narkaloji mərkəzlər olmamamlıdırmı?  Azmı olub dünyada belə hadisələr?  

İllər əvvəl yaşadığım binanın elektrik xətlərində nasızlıq yaranmışdı. Gecənin bir yarısı evi bürüyən  “yanıq” iyinə yuxudan ayılmışdım. Qızımı möhkəmcə bürüyüb  dumanlı pilləkənlərlə üzü aşağı qaçmışdım. Yəni, ay indi gələrlər, ay bu saat gələrlər, ay həyatımızı xilas edərlər, ay blokda yanğın söndürmək üçün cihaz var, ay nə bilim nə ədəbiyyatına baş qoşmadan, öz başımın çarəsinə özüm baxmışdım, arxadaş. Mənim yanğınsöndürünə qurban veriləsi uşağım, o hər binaya bəzək üçün yapışdırılmış qırmızı alətlərə həvalə olunası canım yoxdur. Ancaq mənim bu gün orada yanıb kül olmuş vətəndaşlarımızdan fərqli olaraq  özümü idarə edə biləcək, qaça biləcək qədər gücüm var idi  axı. Olmayanlar nə etsin, ölsünmü?

  Sən, yanmış adam, səni tanımıram, amma öldüyün üçün məyusam...

 Sən, kül adam, anan sənin üçün ağlayırdı, bacın dizin-dizin sürünürdü qabağında. Qadının, qadının ağlayırdı, səndən, ömrünü bada vermiş kişidən dörd uşaq dünyaya gətirmiş qadının sənin üçün hönkür-hönkür ağlayırdı. Çünki onlar heç biri, elə biz də sizdən heç zaman əlimizi üzmədik. Sənin orda olmağın, sağalmaq istəməyin, geri dönüş cəhdin qalibiyyətinin yarısı idi. 

   Lənətə gəlsin fələyi, lənətə gəlsin küləyi, lənətə gəlsin sənin yolunu ordan salanları...