Ağdama gedir

agdama-gedir
Oxunma sayı: 2439

Asəf Quliyev

Bir neçə gün əvvəl yolum yenə cəbhə bölgəsinə düşmüşdü. Səfərə çıxan zaman bu barədə “Facebook”dakı səhifəmdə yazdım. Çoxları Ağdama getdiyimi zənn etdi. Amma mən Ağdama getmirdim...

Yolum cəbhə bölgəsinin Qazax rayonundan keçən hissəsinə idi. Səfərim çox maraqlı və mənim üçün əhəmiyyətli oldu. Bu səfərdə hazırladığım reportajı yaxın zamanda təqdim edəcəm.

Doğrusu, Ağdamdakı dostların “Gəlirsən?”, “Xoş gəlirsən” və sair bu kimi şərhlərindən sonra fikirlərim bir balaca dolaşdı. Və hesab etdim ki, növbəti səfərimi Ağdama etməliyəm. Ona görə yox ki, mən Ağdamda doğulub, böyümüşəm. Mənim üçün cəbhə bölgəsinin hər bir qarışı ziyarət olunmalı ən müqəddəs məkandır. Çünki burada xidmət aparan əsgərlərimiz və sözün həqiqi mənasında hədəfdə yaşayan sadə insanlar ən böyük hörmətə və qiymətə layiqdir.

Cənubda Araz çayından başlayıb şimalda Kür çayına qədər uzanan cəbhə xəttinin istənilən hissəsində, istənilən vaxt qeyri-adiliklə rastlaşmaq olar. Və həm də bu qeyri-adiliklə rastlaşmaq üçün mütləq jurnalist olmaq lazım deyil.

Qayıdaq cəbhə səfərim zamanı fikrimdən keçənlərə...
Mənə “Xoş gəlirsən” deyənlərin və dəvət edənlərin yaratdığı xoş təəssüratla Qazağa getdim.

Elə oradaca maraqlı bir xəbər oxudum. Azərbaycan Kikboksinq Federasiyası Gənclər və İdman Nazirliyi və Ağdam Rayon İcra Hakimiyyəti ilə birlikdə kişilər arasında peşəkar kikboksinq turniri keçirəcək. Ağdamda.

Kikboksinq Federasiyasının prezidenti Adil Əliyevin təşəbbüsü ilə belə bir turnirin keçirilməsi bir ağdamlı kimi sözün birbaşa mənasında mənə ləzzət elədi.

Əvvəla ona görə ki, Ağdam da cəbhə bölgəsidir. İkincisi, Ağdamın da güləş və əlbəyaxa döyüş növlərində öz ənənəsi, uğurları var. Üçüncüsü, belə yarışların bölgələrdə, xüsusilə də cəbhə bölgəsində keçirilməsi idmana marağın artmasını stimullaşdırır. Əlbəttə, bu tədbirin başqa müsbət cəhətlərini də sadalamaq olar. Amma mənim üçün bu tədbirin ən önəmli cəhəti yarışın cəbhə bölgəsində keçirilməsidir.

Cəbhə bölgəsinə istənilən şəxsin, sənət adamının, nəticələri olan idmançının, millət vəkilinin səfəri burada yaşayan sakinlər üçün əvəzsiz stimuldur. Bu stimul əslində təkcə orada yaşayan insanlara yox, bütövlükdə Azərbaycan dövlətçiliyinə lazımdır. Çünki bu insanlar Azərbaycanın ən çətin şəraitdə yaşayan insanlarıdır. Və Azərbaycanın ən çətin probleminin yükünün önəmli bir hissəsi də məhz bu insanların çiyninə düşür. Hər gün səhərini güllə altında açıb, güllə altında yaşamaq, işləmək asan deyil...
Cəbhə bölgəsinə getmək üçün həmin bölgədə doğulmaq, həmin bölgənin deputatı olmaq mütləq lazım deyil. Adil Əliyev də nə Ağdamda doğulub, nə də Ağdamın deputatıdır. Bunun üçün sadəcə istəkli olmaq lazımdır. Əmin olun ki, Sizi cəbhə bölgəsində çox səmimi və mehriban qarşılayacaqlar.

Bu təəssüratlarla Qazağa getdim və qayıtdım. Bu səfər zamanı təkcə Ağdamdan yox, Tovuzdan da dəvət aldım. Söz verdim ki, mütləq gələcəm. Və çox sevindim ki, Adil Əliyev və onun rəhbərlik etdiyi Kikboksinq Federasiyası Ağdama gedir.