Ağdamı “Qarabağ”la yad edək

agdami-qarabagla-yad-edek-
Oxunma sayı: 1200


20 ildir iyul ağdamlıların matəm ayı kimi qeyd olunur. Bu tarixdə kimsə övladına toy etməz, şadyanalıq qurmaz, hətta bu təqvimdə doğulan ağdamlının ad günü belə qeyd olunmaz. İnsanlar acılarını bu cür ifadə edirlər.

Böyük rəqəmdir, o dövrdə doğulanlar əsgərlikdən qayıdıb evlənməyə hazırlaşırlar. Əslində işğal günlərini xüsusi qeyd etməyin əleyhinəyəm. Çünki insanlar ağlaya-ağlaya zəifləyir, cılızlaşırlar. Vətənpərvərlik maskası altında ölkəni talayanlar üçünsə bundan böyük zövq ola bilməz.

Rəsmi məlumata görə, Ağdamın 23,3 faizi bizdədir. Qeyri-rəsmi statistikaya görəsə 3 faizi. Qalan 20 faizi İcra Hakimiyyəti başçısı Nizami Sadıqov tərəfindən işğal olunub. Mən demirəm ha, əksər ağdamlılar belə düşünür. Hətta vəziyyət o həddə çatıb ki, bir zamanlar Həsən Sarıyevin başçı kürsüsündən enməsi üçün dəridən-qabıqdan çıxanlar indi o günlərin həsrətini yaşayırlar. Deyirlər ki, Həsən Sarıyev rayona illərini verdi, bir mülkdən başqa heç nəyi olmadı. İndi isə hansısa ağacın altına stul qoyub oturmaq istəyən də mütləq Nizami Sadıqovdan icazə almalıdır. Çayxanalardan tutmuş vayxanalara qədər hər şey şəxsən icra hakimiyyəti başçısının nəzarətindədir.

Təbii ki, bu gileylər də elə çayxanalardan kənara çıxmır. Çünki mental dəyərlərimizə görə, çapıb-talamaq, rüşvət almaq bizdə fərasət göstəricisidir. Yalnız bu cür fərasətli adamlar işğal altında olan bir rayonda qaz vurub qazan doldura bilərlər.

Həsən Sarıyevin həsrətini çəkənlərin bir qismi də “Qarabağ” futbol klubunun azarkeşləridir. Deyilənə görə, keçmiş icra başçısının futbol azarkeşi olması “Qarabağ” üçün yaxşı şəraitin yaradılmasına, nəinki ətraf rayonlarda, hətta Bakıda, Gəncədə, Mingəçevirdə yaşayan futbolsevərlərin oyunu izləmək üçün Ağdama gəlməsinə səbəb olurmuş.

Nizami Sadıqovun oyun ərəfəsində stadionda və ətrafında təşkil etdiyi bazar isə təkcə azarkeşləri yox, elə “Qarabağ”a “nəfəs” verən “Azərsun” rəhbərliyini də bezdirib. Nəticədə klub stadionun və bazanın bərbadlığını əsas gətirərək, birdəfəlik Ağdama uzanan yollarını bağlayıb.

Ağdamın işğalından 20 il ötür... İyulun 23-də Nizami Sadığovun rəhbərliyi, yerli məmurların, deputatların, media mənsublarının iştirakı ilə Quzanlıda yaxşı bir ağlaşma məclisi təşkil olunacaq. Protokola görə, mötəbər şəxslər bu illərin necə çətin ötməsindən, rayon camaatının əzab-əziyyətindən danışıb iştirakçıları kövrəldəcək, sonra Bakıdan gələn qonaqların şərəfinə Ağdamı süfrə arxasında yad edəcəklər.

Əgər həmin günə qədər “Qarabağ” avroliqada Polşanın “Piast” klubunu məğlub etsə, o zaman onun da şərəfinə bir-iki xoş söz deyilə bilər.

Bu, baş verəcək, ya yox, önəmli olan odur ki, iyulun 18-də Ağdamın yeganə yadigarı “Qarabağ”ın oyunu olacaq. Məncə, ağlaşmaqdansa, oyuna gedib “Qarabağ”ı alqışlamaq daha yaxşıdır. Bu, elə Ağdamın ruhuna oxunmuş duamız da olar...