Ağıl və eşq

agil-ve-esq
Oxunma sayı: 5814


Mən səni sevirəm... Bu üç kəlmədən ibarət cümlə kiminsə həyatında başlanğıc nöqtəsi, kiminsə də həyatında son nöqtə olub. Bəzən bu üç kəlməni tələffüz etmək üçün günlərlə ayna qarşısında məşq edirsən. Bəzən də bu cümləni deməyə gecikirsən. 

Son qəpiyini xərcləyib hədiyyə alırsan, hətta geri qayıtmağa pul qalmır. Saatlarla yağış altda onu gözləyirsən. Bu hisslər hamımıza tanışdır. Ancaq necə edək ki, sevgi oyununda uduzan tərəf olmayaq? Bu oyunda uduzmaq çətin olsa da, uduzmağı da bacarmaq lazımdır. Sevgi yeganə hissdir ki, insan istədiyi uğrunda sonadək mübarizə aparır. Amma necə edək ki, mübarizəmiz ağılı yoldan kənara çıxarmasın? Bu sualın cavabına keçməmiş bir qeyd verim ki, intiharların böyük əksəriyyəti məhz cavabsız sevgilərin sahibləri olub. Sevgidə şəhvətin ağıla qalib gəlməməyi üçün, ağıl və qəlblə sevgidə zəfər qazanmaq üçün dillər əzbəri olan Yusiflə Züleyxanın məhəbbət dastanından sizlərə nümunələr çəkəcəm.

Yusifin Züleyxa ilə ilk görüşü 

Yusif saraya daxil olanda gözü gözəl bir qadına sataşdı. Bildi ki,  bu əzəmətli sarayın sahibinin həyat yoldaşıdır. Züleyxa Yusifi süzdü. Gördü ki, gözəl və nurani bir cavandır. İşıqlı gözləri vardı. Elə bil göydən enən bir mələkdir. Yusif sarayda yaşayaraq Allaha ibadət edir və zərrə qədər də ona şərik qoşmurdu. Amma, burda insanlar bütə ibadət edir və padşaha pərəstiş edirdilər. Yusif günlərini keçirirdi. 

İllər keçdi və Yusif böyüyərək on səkkiz yaşına çatdı. Onun qəlbində həqiqət nuru saçırdı. Hər gün onu daha artıq hiss edirdi. Amma qarşıda onu çətin imtahan gözləyirdi.

ÇƏTİN İMTAHAN 

O indi cavanlıq çağında idi. Onun daxili həmişəki kimi ağ rəngli göyərçin qanadları tək ağ və şəffaf idi. Sarayın xanımı Züleyxa da gözəl bir qadın idi. Züleyxa Yusifi sevirdi, ona vurulmuşdu. Amma, onun pak ruhunun aşiqi deyildi. Onun gözəlliyinə vurulmuşdu. Ona görə də Yusifdən müsbət cavab istədi. Yusif onun həyatdakı ümid və arzusuna çevrilmişdi. Ondan başqa heç kimi sevmirdi. Ona eşq və məhəbbətlə baxırdı. Onunla çox təvazökarcasına danışırdı və bütün bunlarla özünü ona yaxınlaşdırırdı. Amma, Yusif ondan qaçırdı. Beləliklə, Yusifin dərd və müsibətləri başlandı. Züleyxa ondan xəyanət etməsini istəyirdi. Amma, Yusif ondan vəfa, paklıq və iffət istəyirdi. Ona görə də ondan qaçırdı. O, günahdan qaçırdı.  Amma, Züleyxa ona daha çox vurulur və Yusifi aldatmaq üçün yeni yollar arayırdı.

Bir gün saray boşaldı. Züleyxa və Yusifdən başqa orada heç kəs yox idi. Züleyxa belə bir fürsət gözləyirdi. Yusif öz işi ilə məşğul idi. Birdən gördü ki, Züleyxa sarayın qapılarını möhkəm bağlayır. Sonra o, astadan Yusifin qulağına dedi: 

-Gəl, sənin üçün bir şey hazırlamışam.

Yusif onun məqsədini anladı. Ona etinasızlıqla qışqırdı:

-Allaha pənah aparıram. Misrin Əzizi mənim nemətimin sahibidir. O, mənə qiymət və hörmət vermişdir.

Amma Züleyxanın içində eşq və məhəbbət atəşi şölələnirdi. O, zorla onu bu işə vadar etməyə çalışırdı. Yusif  Züleyxanın şərindən qurtarmaq üçün sarayın eyvanında o tərəf-bu tərəfə qaçırdı. Bu zaman Züleyxanın gözü saraydakı bütə sataşdı. Xəcalət hissi keçirdi. Buna görə də bütün üstünə bir örtük atdı. Yusif onun bu hərəkətini görüb dedi:

-Nə edirsən?

Züleyxa dedi:

-Mən Allahımdan utanıram. O məni bu vəziyyətdə görə bilər.

Bu zaman Yusif cəld uca səslə dedi:

-Sən bir şey anlamayan daş parçasından xəcalət çəkirsən. Amma mən, məni yaradıb, əzizləyən Rəbbimdən, Allahımdan və nemət sahibimdən utanmayım?!

İbrət dolu hekayənin bu yerində özümüzə nəzər salaq. Əgər belə bir imtahan qarşımıza çıxsa idi nə edərdik? Bir qadının göz süzdürməsindən məst olan gəncin belə bir vəziyyətlə qarşılaşdığı anda nəyə qərar verəcəyini təsəvvür etmək heç də çətin deyil. Hekayənin ardı belə cərəyan edir.

Yusif bu sözü deyib, qapıya tərəf qaçdı.  Züleyxanın həyatının bütün fikir-zikri Yusif idi. O hadisədən sonra o, heç kəslə görüşmədi və hətta şəhərdəki dost və rəfiqələri də onu görmədilər. Bu hadisə qadınlar arasında yayıldı. Onların bəzisi Züleyxanın bu işinə təəccübləndilər: O, ölkəsinin xanımı olduğu halda, öz nökərinə eşq elan edib, onu özünə tərəf dəvət etmişdir. 

Qəlbini asimani nurla işıqlandıran Yusifin, Şeytanın vəsvəsəsindən qulaq asması imkansız idi; hətta əgər o yolda işgəncə görüb, zindana atılsaydı belə. Allah-təala Yusifin duasını qəbul etdi. Misirin Əzizi qərara gəldi ki, yayılan şayiələrə son qoysun və Yusifi vəziyyət sakitləşənə qədər zindana salsın. Beləliklə, Yusif heç bir günahı olmadan həbs olundu.  “Züleyxanın şərindən də Rəbbinə sığındı” [Yusuf, 23]

Burada bir məqama toxunmaq istəyirəm. Həyatımızda elə bir an olur ki, həmin an insanın taleyində həlledici rol daşıyır. Verəcəyimiz qərardan asılı olaraq, bizi ya xoşbəxt həyat, ya da bədbəxt sonluq gözləyir. 

Zindan Yusifin son imtahanı oldu. Burada da üsyan etmədi. Çünki bunu özü seçmişdi. Zindan Züleyxadan gələn imtahandan çıxış yolu idi. Bütün imtahanlarının bir gün xoşbəxt sonluqla bitəcəyini bilirdi. Və bir gün gözlədiyi an gəldi.

Eşq və ağılın qovuşması

Züleyxanın əri ölüncə, Misir kralı, Züleyxanı Hz. Yusiflə evləndirir. Bu əsnada Hz. Yusiflə Züleyxa arasında belə bir dialoq keçir.

Yusif Züleyxaya: "Sənin vaxtilə məndən istəmiş olduğun şeydən, beləsi daha xeyirli deyilmi?"

Züleyxa: "Ey dost! Məni qınama! Gördüyün kimi mən dövlət və dünya nemətləri içində yaşayan gözəl bir qadındım. Yoldaşımın isə qadınlarla təması yox idi. Allah səni olduğun kimi çox gözəl yaratmışdı. Gördüyün kimi nəfsim mənə qalib gəlmişdi."

Bu evlilikdən iki oğulları olmuşdur. Züleyxa Allah tərəfindən bağışlandı və sonda mükafat olaraq peyğəmbərin xanımı oldu.

Sonluq 

Məhəbbət yolunda hər addımı atarkən ağılın səsi çox önəmlidir. Çünki bu yolda ağılsız addım atmaq, sonu ağır olan nəticələrə çıxarar. “Eşqin gözü kor olur” deyirlər, ancaq sevgini gözlə görmək üçün ağıla ehtiyac var. Odur ki, sevginizi gözlə görməyə çalışın.