Ağıllı alman Eqon Barın dinc Avropası

Ağıllı alman Eqon Barın dinc Avropası
Oxunma sayı: 659

Azər Qismət

Prezident Vladimir Putinin Almaniyanın məhşur "Bild" qəzetinə verdiyi müsahibədən məlum oldu ki, Rusiyanın sınmaq fikri yoxdur. O, deyib ki, NATO konkret olaraq Avropada hökmranlıq etmək niyyətindədir. Və həmin böhranın səbəbini məhz sözügedən beynəlxalq qurumun genişlənmək siyasətində görür. Putinin Qərbin sanksiyalarını “axmaq addım” adlandırmasından anlamaq olar ki, onun ölkəsinin və adamlarının bu prosesə dözməsi uzun çəkəcək. Əksər siyasi analitiklərin Krimin anneksiyasından sonra baş verən gərginliyi məhz Putinin şəxsiyyəti, yaxud mövcudluğu ilə əlaqələndirmələri səhv fikirdir və kökündən yanlışdır. Putin təmsil etdiyi xalqının düşüncə tərzini tam bildiyindən öz siyasətində dözümlülük nümayiş etdirir. Xalq da onu dəstəkləyir. Bunun isə kökləri uzaqlara gedib çıxır.

Qısa haşiyə:

Ötən əsrin 70-ci illərinin sonunda orta məktəbdə oxuyanda atamla bazara getmişdik. Atam satıcıya yaxınlaşıb kərə yağı istədi. O da dedi ki, “1 kilosu 8 rubldur”. (Hərdən 12 rubla da qalxırdı). Bu qiymət o illər üçün çox baha idi. Kərə yağı defisit sayılırdı. Məhz həmin günlərdə ilk dəfə “defisit” sözünü eşitdim.

Neçə illərdən sonra kərə yağının hansı səbəbdən tapılmamasına dair məlumatlarla tanış oldum. Aydın oldu ki, sovet rəhbərliyi Amerikaya tonlarla kərə yağı göndəribmiş, onlar da o yağları yandırıblar. Məhz neçə illərdən sonra oxudum ki, 70-ci illərdə də neftin bareli sudan ucuz qiymətə imiş. ABŞ SSRİ-ni çökdürmək istəyirmiş. Mən həmin günləri, bahalığı, talonları görmüşəm. SSRİ sınmadı. Bahalıq oldu, sosialist ölkələrindən idxal edilən mallar yerli “raypo”lar tərəfindən piştaxta altından satıldı. Sovetlər Birliyi isə buna dözdü.

Bunları niyə yadı saldım. Sadəcə, onu deyim ki, Amerikanın beyin mərkəzləri, texnokratları riyazi hesablamada, maliyyə məsələlərində hansısa ölkəni çökdürmək planına malik olsalar da, o ölkələrin xalqlarının əzmkarlıq ruhunu hələ tam aydın öyrənə bilməyiblər. Milləti sındırmaq üçün onun ruhunun hansı parametrlərə malik olmasını da bilmək lazımdır. Gözlənilirdi ki, amerikalıların təcrübəsində olan uzaq 70-ci illərdən sonra “sındırma əməliyyatı”na dair yeni metod işlənib həyata keçiriləcək. Qərb hesablamamışdı ki, rus ac qaldıqca əzmkarlıq ruhu daha da möhkəmlənir. Rusun vətənpərvərlik damarı tutur. İndi rus taleyindən şikayətlənmir. O, deyir ki, “Amerika, onun Federal Rezerv Sistemi bizi sındıra bilməz”, “ac qalarıq, sınmarıq”. Necə ki, 1812-ci ildə Napoleonun ordusu bizi sındıra bilmədi. Necə ki, Hitler ordusu Moskvaya yaxınlaşanda, Leninqrad blokadaya alınanda da sınmadı. Bax, Amerika bunu hesablamayıb. Əsas ruhun sındırılmasıdır. Onu həyata keçirən beyin mərkəzi isə heç vaxt yaranmayacaq. Çünki millətin əzmkarlıq ruhu təbiətən yaranır.

Putinin müsahibəsində bir məqam da sanksiyalara qoşulan ölkələrə mesaj kimi ötürüldü. O, Rusiya iqtisadiyyatının 2017-ci ildə dirçələcəyini proqnozlaşdırır. Bu o deməkdir ki, Rusiya nəinki geri çəkilmək niyyətindədir, əksinə iqtisadiyyatının dirçəlməsinə dair proqram üzərində işlənilir.

Onun müsahibəsində məşhur alman Eqon Barın “böhransız Avropa”ya dair fikri xüsusilə qabardıldı. Eqon Bar dünya sosial-demokratiyasının görkəmli nümayəndəsi, Almaniyanın ictimai xadimi olub. Onun 20-ci əsrin ortalarında “yeni şərq siyasəti”nə dair fikirləri hələ də siyasətin qızıl fondunda saxlanılır. “Soyuq müharibə”nin aradan qaldırılmasına dair kitabları, çıxışları sonda bölünmüş Almaniyanın birliyinə gətirib çıxardı. Barın “sakit Avropa”ya dair müddəalarında əsas şərt sərhədlərin dəyişməsinin yolverilməz olmasından ibarət idi. O, “güc” anlayışının sərhədlərin dəyişdirilməsinə gətirib çıxardığını vurğulayır, bundan narahatlıq keçirirdi. Dünyanın güc mərkəzlərinin özlərinə aid olmayan torpaqlara doğru genişlənməsinə qarşı çıxan Eqon Bar aydın şəkildə izah etməyə çalışırdı ki, “bu, Avropada böhrana gətirib çıxaracaq”. Ağıllı alman 21-ci əsrin əvvəllərində dünyanın güc mərkəzlərinin siyasətində fundamental konfiqurasiya cəhdinin müşahidə edilməsindən narahat idi. Putin Almaniyanın “Bild” qəzetinə müsahibəsində nahaq yerə onun adını çəkməmişdi. Bəlkə də Eqon Bar vəfat etməsəydi, okeanın o tayındakı dövlətin təsir dairəsinə düşən və müstəqil siyasət yürütmək imkanından məhrum olan, hakimiyyətə gəlişləri zamanı gizli öhdəliklər götürən Avropa ölkələrinin rəhbərləri onun dahiyanə fikirlərindən bəhrələnərdilər. Ancaq gedişat göstərir ki, onun fikirlərini oxusalar da, bəhrələnməzdilər. Çünki bunun üçün ortaya siyasi iradə qoyulmalıdır. O da çətin ki ortaya qoyulsun.

Beləliklə, Rusiya iqtisadiyyatının 2017-ci ildə dirçələcəyini bəyan edən Putin neftin bir barrelinin son qərar kimi 12 dollara (bəzi mütəxəssislər hesab edir ki, son hədd 12 dollar olacaq) düşəcəyindən narahat deyil. Deməli, bu oyunların hələ neçə il çəkəcəyindən təəccüblənməyək.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi