Ağıllı ol, bala...

agilli-ol-bala
Oxunma sayı: 3635

Nadir Qocabəyli

İnsan özünü göstərməyə meyilli varlıqdır. Yəni gözəl, ağıllı, bilikli, istedadlı, intellektual olduğunu nümayiş etdirmək təbii ehtiyaclardandır. Gündəlik həyatımızda müxtəlif ictimai yerlərdə, cürbəcür insanlarla tanışlıq zamanı, habelə sosial şəbəkələrdə özümüzü təqdim etməyin çeşidli yolları ola bilər. Hərəkət və davranışlarımız, ədalarımız, nitqimiz, yazımız, geyimimiz, dinlədiyimiz musiqilər, baxdığımız filmlər, oxuduğumuz kitablar ətrafımızda və qarşımızda olan insanlarda haqqımızda müəyyən təəssürat yaradır.

Cəmiyyətimiz gənc olduğundan, dünyadakı etiketlərdən, sivil davranış qaydalarından çoxumuzun xəbərimiz yoxdur. Buna görə də, çox zaman insanlar bir-birini yanlış anlayır, ya da yanlış başa düşülməkdən şikayətlənirlər. Bunda insanımızın bir qisminin min illik islam dəyərlərinin, bir qisminin sovet-kommunist ideologiyasının təsiri altında olmasının, tamam başqa bir hissəsinin isə Avropa yaşam tərzinə meyillənməsinin rolu böyükdür. Amma onu da etiraf etməliyik ki, sadaladığım ideoloji-mənəvi sistemlərin hərəsindən bir az qapıb, həftəbecər qayıran, üstəlik bütpərəstlik dövrünün ənənələrini israrla yaşadan vətəndaşlarımızın da sayı digər zümrələrdən heç geri qalmır.
Ancaq hər necə olsa da, eyni cəmiyyətdə yaşayır, yavaş-yavaş dünyaya daha çox açılırıq. Bu səbəbdən də təməl ünsiyyət normalarını əxz və tətbiq etmək zorundayıq ki, söyüşmələr, tutuşmalar, ixtilaflar, münaqişələr, daha az olsun, vətəndaş və ümumiyyətlə insanlıq bir-biri ilə daha asan anlaşsın, dil tapsın.

Bəs mütəxəssislər bu haqda nə deyirlər? Bu məsələylə bağlı apardığım kiçik araşdırmanı sizinlə də bölüşmək istədim, dəyərli oxucular!

Psixoloqlar ilk növbədə savadlı danışmağı və yazmağı məsləhət bilirlər. Günümüzdə insanlar arasındakı ünsiyyətin önəmli bir hissəsi yazışmalar vasitəsilə həyata keçirilir. İnsanlar bir-birinə elektron məktublar, SMS-lər yazırlar. Ona görə də, başqalarında ağıllı adam təəssüratı yaratmaq üçün fikirləri savadlı və qrammatik səhvlərə yol vermədən yazmağın böyük əhəmiyyəti var. “Facebook” status və şərhlərində bəzi həmvətənlərimizin “Ş” səsini “W” kimi yazması çox üzücüdür. Halbuki, bu səsin yazımızda normal şərti işarəsi var. Kimin kompüterində Azərbaycan şriftləri yoxdursa, ingiliscə bu səsi ifadə edən “sh” birləşməsindən, ya da elə “ş”-yə yaxın “s”-dən istifadə edə bilər. Necə ki, “ə”-ni, “e” ilə, “ö”-nü “o” ilə, “ü”-nü də “u” ilə yazırıq və s. Yoxsa latın qrafikalı bir dildəki səsi kiril qarfikalı başqa bir dilin eyni (!) səsinin şərti işarəsinə “bənzəyən” (bu bənzətmənin özü xeyli anormaldır: Ш = W) və bu dillərin heç birində mövcud olmayan səsi [ua] bildirən ingilis hərfiylə yazmaq doğrudan da bütpərəstlik dövründə ilişib qalmış insanın təfəkkürünün məhsulu ola bilər. Ancaq bu, həmvətənlərimizin sosial şəbəkələrdə yazdıqları fikirlərində etdikləri yeganə qüsur deyil. Böyük və kiçik hərflərdən, durğu işarələrindən düzgün istifadə etməmək, sözlərin çoxunu düzgün yazmamaq insanımızın ümumi yazı mədəniyyətinin hələ çox aşağı olduğunu göstərir.
Amma yazı çox mühüm bir şeydir və hər bir insanın yazdığı mətnin keyfiyyəti, cümlələrinin səlisliyi, qrammatik qaydalara düzgün əməl etməsi onun haqqında çox ciddi informasiya verir. İnsanın ağıllı və ya axmaq, ciddi və ya qeyri-ciddi, ağır və ya yüngül, məsuluyyətli və ya səhlənkar, mədəni və ya kobud, intellektual və ya nadan, istedadlı və ya içiboş olması onun yazısında dərhal özünü göstərir.

Daha bir önəmli cəhət düzgün geyinməkdir. Adamın geyiminə görə qarşılanıb, ağlına görə yola salınması köhnə deyimdir. Ona görə də, təkcə ağıla və intellektə güvənmək yetərli ola bilməz. Çünki bizə qulaq asılması üçün hörmətlə qarşılanmağımızın rolu böyükdür.

Zamanında susmaq da insanlar arasındakı ünsiyyətdə vacib amillərdən sayılır. Susmağın qızıl olduğunu əbəs yerə deməyiblər. Elə bilməyək ki, çox danışdıqca daha ağıllı adam təəssüratı yaradacağıq. Fikirlərimizi ürəyimizdə saxlamağa çalışmalı, yalnız arabir, mövzunu özümüzə yaxın saydıqda söhbətə müdaxilə etməliyik. Əgər söhbətin mövzusu bizlik deyilsə və bu haqda bizdən nəsə soruşurlarsa, ən yaxşısı bu haqda məlumatımızın olmadığını etiraf etməkdir. Özümüzü biləndə kimi göstərməkdənsə, belə daha ağıllı təsir bağışlayarıq. İnsanlar bilmədiyini bilən insanlara hörmət edirlər. Yalnız həqiqi ağıllı adamlar nəyisə bilmədiyini etiraf etməyə qadirdir.

Ünsiyyət zamanı insanlara pis heç nə deməmək də əhəmiyyətlidir. Yaxşı nəsə deyə bilmiriksə, sussaq yaxşıdır. Başqalarını alçaltmaq və təhqir etməklə çətin ki ağıllı adam təsiri bağışlayaq. Əslində yalnız zəif adamlar başqalarını təhqir edir və bununla güclü görünməyə çalışırlar. Deyilənə görə, nə qədər az danışsaq, bir o qədər ağıllı görünərik.
Ağlıllı görünmək üçün jest və mimikalara xüsusi diqqət yetirmək lazımdır. Heç bir söz deməsək belə, bədənimizin dili düşüncələrimiz haqda insanlara informasiya verir. Mimikalarımız bəzən sözlərdən daha çox şey deyir. İnsanların mimikalarımızı oxuya bilməməsi üçün emosiyalarımızı cilovlamağı bacarmalıyıq. Bu, əlbəttə, elə də asan məsələ deyil və bu sətirlərin müəllifinə də həmişə müyəssər olmur, lakin mütəxəssislər belə məsləhət görür.

Fikirləri dəqiq ifadə etmək. Əgər publika qarşısında çıxış ediriksə, ağıllı adam təəssüratı yaratmaq üçün çıxışımızın qısa məzmnunu yazsaq yaxşı olar. Bu arabir baxmağa və xatırlamağa kömək edir. Bu halda nitqimiz savadlı və aydın alınar.

Ağıllı görünməyin yollarından biri də dinləmək bacarığıdır. Əgər dinləməyi bacarırıqsa, çox şey öyrənə və bilə bilərik.

Ağıllı görünməmiz üçün yumor hissi də sonuncu yeri tutmur. İnsanlar həmişə gülən və güldürən adamlara yüksəl qiymət veriblər. Ancaq bu heç də bayağı və vulqar zarafatlar səviyyəsinə enmək deyil. Elə yumordan istifadə etməliyik ki, insanları birləşdirsin, onlar arasında ziddiyyətə səbəb olmasın. Yumorumuz müəyyən qrup insanlar üçün yox, hamı üçün aydın və anlaşılan olmalıdır.

Özünə güvənən insan yüksək intellektə malik olmadan da ağıllı görünə bilər. Özümüzdən arxayın olmasaq belə, özümüzü belə göstərməliyik. Nə qədər səfeh səslənsə də, psixoloqlar belə hesab edirlər. Özümüzü nə qədər çox arxayın aparsaq, özümzə güvənimiz bir o qədər artacaq. Kiçik bir səhvə yol verəndə və ya karıxanda pərt olmaq lazım deyil. Bunun üzərində təbəssümlə keçib, elə davam etmək olar ki, sanki heç bir şey olmayıb. Problem heç vaxt bizim təsəvvür etdiyimiz qədər böyük olmur. Əgər ona xüsusi diqqət verməsək, ətrafdakılar da o cür edəcək. Özünə nəzarət etməyi bacaran insanlar mexaniki olaraq ağıllı sayılırlar. Ancaq, məncə, bu məsələdə psixoloqlara o qədər də arxayın olmamalı, daim intellektimizi yüksəltməyin qayğısına qalmalıyıq.

Deyilənə görə, hər bir insan özü haqqında düşündüyündən daha ağıllıdır. Ən ağıllı adamlar isə başqalarını onu dinləməyə məcbur edə bilənlərdir.

Ağıllı görünmək istəyən insanlar tez-tez səhvlər də buraxırlar. Məsələn, şeirlər əzbərləyir, sonra onları lazımi şəkildə söyləyə bilmirlər. Bəziləri yalandan xarici dilləri bildiyini söyləməklə, bəziləri də yüksək vəzifədə işlədiyini deməklə ağıllı görünmək istəyir. Elələri var ki, görkəmli adamlardan sitatlar əzbərləməklə bu təəssüratı yaratmağa çalışır. Əslində isə bütün bunlar gec-tez ağıllı və savadlı görünmək istəyən adamın ziyanına olur.