“Ağıllı robot “Sofiya” Bakıda milli geyimdə olacaq”

agilli-robot-sofiya-bakida-milli-geyimde-olacaq
Oxunma sayı: 2053

26-30 oktyabr tarixlərində Azərbaycanda ilk dəfə olaraq beynəlxalq “İnnovasiyalar həftəsi” keçiriləcək. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Mərkəzi ilə birgə keçirdiyi layihə çərçivəsində yüksək texnologiyalar, innovasiyalar sahəsində ən son yeniliklərlə tanışlıq, konfrans, forum və yarışlarda iştirak etmək, təşkil olunacaq sərgini ziyarət etmək, eləcə də dünyanın ən ağıllı robotu hesab olunan “Sofiya” ilə ünsiyyət qurmaq imkanı yaranacaq. 

Bu həftə ərzində keçirilən tədbirlərlə bağlı "Qafqazinfo"nun suallarını Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İnformasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin müdiri Rəşad Əzizov  cavablandırıb. 

- Artıq bir neçə müddətdir ki, Azərbaycanda ilk dəfə olaraq beynəlxalq “İnnovasiyalar həftəsi”nin keçiriləcəyi ilə bağlı məlumatlar var. Daha dəqiqləşdirsək, bu həftə ərzində hansı tədbirlər nəzərdə tutulur?

 - “İnnovasiyalar həftəsi” çərçivəsində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, Azərbaycan Kiber İdman Federasiyası, “Keepface”, “Microsoft” və digər şirkətlərin dəstəyi ilə silsilə tədbirlər təşkil olunacaq.
Məsələn, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə “Microsoft” şirkətinin təşkil etdiyi “dəyirmi masa”da investisiya mühitinin inkişafı ilə bağlı məsələlər müzakirə olunacaq, Azərbaycan Kiber İdman Federasiyası ilə birgə “Baku Open Cyber Cup” turniri keçiriləcək. 

"İnnovasiyalar həftəsi" çərçivəsində Yüksək Texnologiyalar Parkı tərəfindən “AzInTelecom” MMC üçün bulud xidmətləri üzrə zəruri məsələlərin real zaman kəsiyində həlli yollarını təklif edən ideya yarışı (“Hackathon”) təşkil ediləcək. Burada iştirakçılar qarşıya qoyulan problemin çevik və innovativ həlli yollarını təklif etməlidirlər. Qalib olan innovativ ideya “AzInTelecom” MMC-nin, eləcə də, Data Mərkəzinin fəaliyyətində tətbiq olunacaq. 

Bundan başqa, bilirsiniz ki, bu ilin əvvəlindən etibarən biz   “İdeyadan Biznesə”  layihəsi çərçivəsində həm respublikanın ayrı-ayrı regionlarında, həm də, Bakı şəhərində yerləşən ali təhsil ocaqlarında  startap turları təşkil etmişik. Artıq bizim hər bir region üzrə qaliblərimiz məlumdur və həmin qaliblər “İnnovasiyalar həftəsi" çərçivəsində keçirilən milli finalda əsas yerlər uğrunda yarışacaqlar. 

Məlumat üçün bildirim ki, bu turlarda 2000-dən çox tələbə iştirak edib, 75-dən çox komandadan 13 komanda əsas qalib kimi müəyyənləşib. 

“İnnovasiyalar həftəsi” çərçivəsində 26 oktyabr tarixində Heydər Əliyev Mərkəzində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı tərəfindən təşkil olunan tədbirdə innovasiyaların inkişafı üzrə yol xəritələrinin təqdimatı keçiriləcək. 

Qeyd edim ki, innovasiyalar üzrə yol xəritələri Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının ekspertləri tərəfindən hazırlanıb. 

Hesab edirik ki, sözügedən tədbir İKT sahəsində innovasiya siyasəti ideyalarının və ixtiralarının istehlakçılar üçün dəyər yaradan məhsul və ya xidmətə çevrilməsi prosesinə dəstək verəcək, innovasiyalar qarşısında duran əngəlləri rəqabət mühiti və hüquqi reformlarla azaldacaq, hökumətin birbaşa maliyyələşdirdiyi, eyni zamanda  həyata keçirdiyi inkişaf fəaliyyətini koordinasiya edəcək.

Bundan başqa Yüksək Texnologiyalar Parkı ilə “AstroLabs” akselerasiya mərkəzi ilə birgə akselerasiya proqramına dair memorandumun imzalanması da nəzərdə tutulub. 

Yuxarıda da qeyd etdiyim kimi, Azərbaycan Kiber İdman Federasiyası ilə oyunsevərlərin marağına səbəb olan “Baku Open Cyber Cup” turniri təşkil ediləcək. Artıq bir neçə gündür ki, turnirə qeydiyyat başlayıb. 

28 oktyabr tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, Heydər Əliyev Mərkəzinin və “Microsoft Azerbaijan” şirkətinin tərəfdaşlığı ilə Azərbaycan Kiber İdman Federasiyası tərəfindən keçiriləcək turnirdə “Xbox” platformasında iki oyun növü “FIFA 19” və “Mortal Kombat” üzrə yarışlar təşkil olunacaq. Fürsətdən istifadə edib qeyd edim ki, turnirdə iştirak etmək istəyən 15 yaşdan yuxarı hər bir şəxs müvafiq qeydiyyat formasını (Qeyd: bu linkdən istifadə edib qeydiyyatdan keçmək mümkündür: http://www.cybersport.az/tournaments/BakuOpen2018/BakuOpenRegistrationForm.doc) doldurub Azərbaycan Kiber İdman Federasiyasına təqdim etməlidir.

Olimpiya sistemi üzrə keçiriləcək oyunlardan sonra qaliblər müəyyənləşdiriləcək.
Yarışın qalibləri pul mükafatı ilə təltif ediləcək. 

- Belə görürəm, proqram olduqca zəngindir. Və bu həftənin ən diqqətçəkən elementi dünyanın ilk ağıllı robotunun Azərbaycana gətirilməsidir...

- Sizin də qeyd etdiyiniz kimi, “İnnovasiyalar həftəsi”nin ən maraqlı tədbirlərindən biri də “Qlobal İnfluenser Günü” (Global İnfluencer Day) olacaq. 

- Bu məqamda leksikonumuza yeni daxil olan “influenser” haqda məlumat verməyinizi istərdim...

Haqlısınız, oxucularımıza da aydın olsun deyə bildirim ki, sosial şəbəkələrdə yaratdığı məzmunla geniş izləyici auditoriyası yığan, onları yönləndirmə və inandırma gücünə sahib şəxs və şəxslər qrupu “influenser”lər adlanır. Onlar paylaşdıqları maraqlı, faydalı məzmunla yanaşı, sosial media və digər rəqəmli platformalar vasitəsilə hər hansı bir məhsul və ya xidmət barədə təcrübələrini təqibçiləri ilə bölüşərək tanıtma, eləcə də satışın artırılması ilə məşğul olurlar. 
Oktyabrın 27-də Heydər Əliyev Mərkəzində keçiriləcək “Qlobal İnfluenser Günü” maraqlı çıxışlar, təqdimatlar, seminarlarla yadda qalacaq. Müxtəlif ölkələrdən 1 milyondan çox izləyicisi olan “influenser”lər qatılacaq.  Həmin şəxslərin sosial şəbəkələrdə ümumilikdə 30 milyondan çox təqibçisi var. Biz bu böyük rəqəmdən yararlanaraq “influenser”lər üçün Bakının gəzməli-görməli yerləri, milli mətbəximizlə tanışlıq üçün kontent turu təşkil edəcəyik. Bu imkan verəcək ki, “İnnovasiyalar həftəsi” çərçivəsində qlobal arenada da Azərbaycan haqqında məlumatlar paylaşılsın”. 
Yeri gəlmişkən, qeyd edim ki, “Qlobal İnfluenser Günü” tədbirinin təşkilatçıları “Keepface DMCC” və “FA International Trade Events”dir. Qlobal tədbir Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Mərkəzi kimi bir sıra qurum və şirkətlər tərəfindən də dəstəklənir. 

- İndi isə tədbirin ən maraqlı qonağından danışaq. Dünyanın insanabənzər ilk robotu – “Sofiya” barədə...

Yəqin məlumatınız var ki,  “Sofiya” indiyədək dünyanın 40-dan çox ölkəsinə səfər edib. BMT-nin və Davos İqtisadi Forumunun qlobal tədbirlərində iştirak və çıxış edib. “İnnovasiyalar həftəsi” çərçivəsində isə o, Azərbaycana gələcək.
“Sofiya” ən uğurlu süni intellekt nümunəsi olmaqla, həm də,  ilk vətəndaşlığı olan robotdur. O, Səudiyyə Ərəbistanı vətəndaşıdır.  

Ağıllı robot insana məxsus 60 təəssüratı (gülmək, yuxulamaq, təəssüflənmək, xoşbəxt olmaq, qorxmaq, təəccüblənmək və s.) ifadə etmək bacarığına sahibdir. İngilis və rus dilində sərbəst danışa, ünvanlanmış sualları məntiqə uyğun olaraq cavablaya bilir. Hətta onun öz şəxsi kredit kartı da mövcuddur. Ölkəmizə səfəri çərçivəsində “Sofiya” Heydər Əliyev Mərkəzinin səhnəsində Azərbaycan milli geyimində, elə qonaqları da Azərbaycan  dilində salamlayacaq.