Ağılsız müdirlər...

agilsiz-mudirler
Oxunma sayı: 4395

Sahilə İbrahimova

İllərdi korporativ sektorda çalışsam da, bu aləmdən xüsusi nəsə yazmamışam. Halbuki, bu sahənin inkişafı nə qədər çətinliyimizi həll edəcək gücdədi. Mən illərdi “yaradıcı” adamların yumşaq desəm, səhlənkarlığından, “göylərdə uçmalarından” gileylənirəm. Gündəlik və iş həyatımda bəzi adamlar niyəsə səhlənkarlıqlarının, diqqətsizliklərinin izahını “yaradıcı” olmaları ilə izah edirlər. İki-üç ay dulusçuluq kursuna gedəndən, bir misra şeir yazana qədər hamı özünü yaradıcı sayır və Kafkavari pozda ofis dəqiqliyinə uya bilmədiyini deyir. Halbuki, ofis işində çalışan nə qədər yaradıcı adam var. Onların iradəsi, enerjisi Azərbaycanı olduqca yaxşı yerlərə aparacaq qədərdi.(idi)

Digər tərəfdən, mən bu günün start-ap həyatından da xəbərdaram. Daha fərqli düşüncəli insanların əvvəlki tək hündür binalara baxıb, böyük korporasiyaların tərkibi olmaq həvəsinə düşmədiklərini bilirəm. Artıq tələbələr iş həyatına atıldıqları gündən sərbəst olmaq istəyirlər. Bu, əslində məni sevindirir. Fərdlərin azad qərar vermək istəyi təbiidir və alqışlanmalıdır. Məsələnin bu tərəfi də var ki, ölkəmizdə azad bazar, rəqabət mühiti hələ də arzuolunan şəkildə deyil və bu, cavan beyinləri Azərbaycandan uzaq salır. Bu prosesi üzülərək izləyirəm. İllər öncə Azərbaycan üçün böyük işlər görəcəyinə əmin olduğum insanlar ölkəni tərk edib, mərkəzi küçələrə çıxanda salamlaşmağa adam tapmıram. Bu insanları ölkədə qalmağa, ölkəni inkişaf etdirməyə nə, kim qoymadı? Səbəblər köklü və müxtəlifdi, bəlkə. Mənim cavabım isə müdirlərdi. Azərbaycanda əksər müdirlər işçilərə yalnız ənənəvi müdir olduqdan sonra normal yaşamaq mümkündür mesajı verdilər. Onlar həm maddi, həm mənəvi baxımdan bütün resursları əllərində cəmləyib,  işçilərə azad qərarvermə, səhvetmə və ya öyrənmə imkanlarının yalnız ucunu göstərdilər. Beləliklə, nə qədər mütəxəssisin, liderin yaradıcılıq qabiliyyəti, düşünmə məkanı darlaşdı. Onlar ya başlarını salıb bir tikə qazanmaq, ya da ölkəni tərk etmək yolunu seçdilər. Hər iki halda biz onları itirdik. 

Mən anamdan “sosializm ideal quruluşdur” sözlərini eşidə-eşidə böyümüşəm. Lakin ağı-qaradan seçməyə başlayanda, xarici ölkələrin təcrübələrinə nəzər saldım və anladım ki, anamın tanıdığı kapitalizm əsl kapitalizm deyil. Kapitalizmin ideyası, nəzəriyyəsi nə qədər acgöz görünsə də, əməldə onu yalnız sosial dayaqlara əsaslanaraq gerçəkləşdirmək olar. Cır kapitalistdən olsa, işçini ölənə qədər işlədər. Di gəl ilahi ədalət var. Ölən işçinin yerinə yenisini tapmaq asan deyil. Kapitalizmin əsas uğuru insan üzərindən məhsuldarlığı, səmərəliliyi artıra bilməkdi. Bunun üçün isə işçinin müəyyən bilik və bacarıqlara yiyələnməsi vacibdi. Bu cür üstünlükləri olan işçini ölənə qədər işlətmək işəgötürənə sərf eləmir. Bu halda işəgötürən işçini məmnun etməyə girişir. Ona daha çox istirahət hüququ verir, məvacibini artırır və s. 

Ən çox sevdiyim kapitalist Forddur. Ford özünü rutin işlərin əlində qalan işçilərinin yerinə qoydu. Daha çox qazanmaq üçün əvvəlcə insanları qazanmalı olduğunu anladı. Dedi ki, “hər bir Ford işçisi Ford maşını alacaq gücdə olmalıdı”. Rəqibləri dəhşətə gəlmişdilər. “Fordun başı xarab olub, işçiyə bu qədər pul vermək olar?” deyirdilər. 

Ford isə uddu. Gəliri azalmaq əvəzinə artdı. 

Məsələ pulda deyildi. Məsələ pulla gələn məmnuniyyətdə idi. Məmnun işçi qazanmaq üçün əsas şərt adamları yaxşı məvaciblə təmin etməkdi. Amma iş bununla bitmir. İnsanın maddi və mənəvi tələbatları var. Nə qədər tanışım yüksək məvacibli işini qoyub ölkəni tərk edib. Çünki özünü fərd kimi hiss etməyib. Təşəbbüsləri boğazında qalıb. Mənən əzilib. Yalandan gülümsəməkdən, razılaşmaqdan bezib. Natamamlıq kompleksli müdirlər (hər sahədə) imkan vermirlər YARADICI adamlar ölkədə qalsın. Onda biz də ölkə olaraq yalançı “yaradıcı”ların əlində qalırıq. Nəticədə ölkə olaraq uduzuruq. 

Əziz müdirlər, işçiləriniz sizin şəxsi qrafikinizə, əhvalınıza uyğun yaşayıb işləməməlidirlər. Hər iki tərəf üçün keçərli əməkdaşlıq şərtləri olmalıdı. Siz də onların qrafikləri, əhvalları ilə hesablaşmalısınız. İşçinizin ağıllı olması sizin axmaqlığınız demək deyil və s. Rahat olun. insan qazanın ki, gəliriniz artsın.