Ağır şərtli kreditlər

agir-sertli-kreditler
Oxunma sayı: 1856

Dünya Sakit

Azərbaycan iqtisadiyyatının hazırda ən mühüm ehtiyacı maliyyə resursunadur. Son həftələr ərzində müxtəlif ekspertlər, ayrı-ayrı sahələr üzrə mütəxəssislər, iş adamları ilə apardığım müzakirələrdən gəldiyim qənaət budur ki, iqtisadiyyatın qeyri-neft sektorunda əsas təkanverici amil məhz maliyyə ola bilər.

Xırda və orta sahibkarların böyük əksəriyyətinin dövlətdən böyük güzəştli kredit gözləntisi var. 

Kənd təsərrüfatı sahəsində çalışan fermerlərin, emal, ticarət, orta istehsal müəssisələrinin sahiblərində də eyni gözlənti, daha dəqiqini desəm, istək var. 

Məlumdur ki, son illərdə bank sektorunda yaranmış böhran üzündən kreditləşmə imkanları qat-qat məhdudlaşıb. Hətta banklarda izafi vəsaitlərin toplanmasına rəğmən, kredit şərtlərində hər hansı yumşalma yaxınmüddətli dövrdə gözlənilən deyil: həm kredit faizləri yüksəkdir, həm girov təminatı sərtdir, həm də digər şərtlər ağırdır. Hətta Mərkəzi Bankın uçot dərəcəsini 3 bənd endirməsi belə bu sahədə hansısa dəyişikliyə gətirib çıxarmayıb.
Bir çox mütəxəssislər dövlətin xırda və orta sahibkarlar yönəlik güzəştli kreditləşməni genişləndirməli olduğu qənaətindədirlər. Qeyd edim ki, son illərdə dövlət xəttilə güzəştli kreditləşmə kəskin şəkildə azalıb. Belə ki, İqtisadiyyat Nazirliyi Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə verilən güzəştli kreditlərin həcmi 2014-cü ildəki 300 milyon manatdan 2017-ci ildə 146 milyon manata düşüb. Bu məbləğ yalnız əvvəlki illərdə verilən kreditlərdən geri qaytarılan vəsaitlə təmin olunub.Yəni büdcədən sahibkarlar üçün kreditləşməyə vəsait ayrılmayıb. Halbuki özəl bankların kredit şərtlərinin hədsiz ağırlaşdığı indiki şəraitdə bu məbləğ artmalıydı.
Elə beynəlxalq mütəxəssislər də hesab edirlər ki, sahibkarların kreditə əlçatanlığı Azərbaycan iqtisadiyyatının ən zəif həlqələrindən biridir. Buna görə də Dünya Bankının “Doing Business” hesabatında bu göstərici üzrə Azərbaycana 190 ölkə arasında 112-ci yer verilib.

Ötən ildən başlayaraq, neftin qiymətinin yüksəlməsi fonunda hökumət büdcə vasitəsilə xərcləmələri artırır. Bu şəraitdə SKMF xəttilə xırda və orta sahibkarlığın kreditləşməsinin həcminin artırılması çox vacibdir.

Nəzərə almaq lazımdır ki, ötən il Fondun ayırdığı kreditlərin 116,87 milyon manatı və yaxud 80,1 faizi cəmi 27 iri layihəyə yönəldilib. 8,941 milyon manat və 6,1 faiz vəsaitlər 41 orta layihəyə, 20,189 milyon manatı, yaxud 13,8 faiz isə 1 875 kiçik layihəyə verilib. Yəni xırda və orta sahibkarlığa cəmi 29 milyon manatdan az artıq vəsait yönəldilib ki, ehtiyaclar qarşılığında bu məbləğ dəryada damlaya bənzəyir.

Ən qısa müddətdə xırda və orta sahibkarlığın maliyyələşməsi üçün mənbələr müəyyənləşməli, genişmiqyaslı kreditləşməyə başlanmalıdır. Bu baxımdan, bir sıra ekspertlərin mənbə kimi Dövlət Neft Fondunun çıxış etməsi təklifi çox aktualdır. Hazırda Fondun investisiya portfelinin mühüm bir hissəsi – 77 faizi azgəlirli qiymətli kağızlara, daha 11 faizi isə səhmlərə yatırılıb. Son aylarda dünyanın ən tanınmış mütəxəssisləri məhz bu iki sahədə - istiqrazlar-qiymətli kağızlar və səhm bazarlarında köpüklərin formalaşdığını bildirir, onların partlama ərəfəsində olduğunu qeyd edirlər. 
Digər tərəfdən, 2017-ci ildə fondun vəsaitləri üzrə ümumi gəlirlilik 2,32 faiz təşkil edib. 1,01 faiz gəlirlər səhmlərdən, 0,22 faiz daşınmaz əmlakdan, 0,65 faiz istiqrazlar və pul bazarı alətlərindən, 0,44 faiz qızıldan əldə olunub. İl ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 1 milyard 83,6 milyon manat olub. Bu isə o deməkdir ki, investisiya portfelinin cəmi 14,9 faizini təşkil edən səhmlərdən Fondun qazancı 471,4 milyon dollar, yaxud vəsaitlərin idarə olunmasından əldə olunan ümumi gəlirin 45 faizindən çoxu olub. Cəmi yatırımların, yəni 35 milyard 799,9 milyon dolların 76,3 faizini təşkil edən istiqrazlar və pul bazarından isə 303,6 milyon dollar, yaxud ümumi gəlirin 30 faizə yaxını qədər, 3,5 faiz vəsaitin yatırıldığı qızıl portfelindən  205,5 milyon dollar, 5,3 faiz vəsaitin yatırıldığı daşınmaz əmlak portfelindən isə 102,7 milyon dollar gəlir əldə olunub. Bu isə o deməkdir ki, Fondun investisiya portfelində ən aşağı gəlirlilik 77 faiz vəsaitlərin yatırıldığı istiqrazlar və pul bazarı alətlərindən əldə olunub.

Belə bir şəraitdə Neft Fondu vəsaitlərinin bir hissəsinin Azərbaycanda xırda və orta sahibkarlığın, ümumiyyətlə, sahibkarlığın kreditləşməsinə yönəldilməsi həm vəsaitlərin qorunması, həm də gəlirliliyin artması baxımından daha səmərəli ola bilər. Eyni zamanda ən kəskin ehtiyac duyduğu maliyyəni əldə edən sahibkarlıq inkişaf üçün böyük təkanı almış olar.