Ağsaqqallar və Ağbirçəklər şuraları əməkdaşlıq edəcək?

Ağsaqqallar və Ağbirçəklər şuraları əməkdaşlıq edəcək?
Oxunma sayı: 1739

Bir neçə il bundan öncə Bakıda yaradılan Ağbirçəklər Şurasının fəaliyyəti hələ ki paytaxtın Nəsimi rayonu ilə məhdudlaşıb.

“Ağsaqqallar Şurası respublika səviyyəsindədir. Tanınmış deputat Fəttah Heydərovun rəhbərliyi ilə fəal işlər aparır.  Bunu mən qıraqdan da müşahidə edirəm. Boynuma alıram ki, Ağbirçəklər Şurası bu baxımdan onlara çata bilməz. Biz sadəcə Nəsimi rayonunda işlər görürük və qırağa çıxa bilmirik. Lakin birgə işlərin aparılması gözəl olardı”.

“Qafqazinfo” xəbər verir ki, bunu  Modern.az-a Nəsimi rayonu üzrə Ağbirçəklər Şurasının sədri Zərifə Quliyeva deyib. Bəs Azərbaycan Ağsaqqallar Şurası əməkdaşlıq barədə nə düşünür?

Ağsaqqallar Şurasının aparat rəhbəri Yaqub Mehdiyev deyib ki, Ağbirçəklər Şurasından iş birliyi üçün hər hansı təklif gəlməyib:

“Eyni zamanda Ağsaqqallar Şurasının da bu cür addımı olmayıb. Bilirsiniz, bizim ağbirçəklərdən-qadınlardan olan  öz üzvlərimiz var. Onlar əvvəldən şuranın üzvləri olub və indi də belədir. Ağbirçəklərimizin sayı təqribən 6-7 nəfərdir. Ağbirçəklər Şurası haqqında isə heç bir məlumatım yoxdur. Siz deyəndən sonra bildim”.

Aparat rəhbəri “Ağbirçəklər Şurasından işbirliyi ilə bağlı təklif gəlsə, dəyərləndirərsinizmi” sualını belə cavablandırıb:

“Buna tək mən qərar vermirəm. Bizim sədrimiz məsələyə baxmalı, eyni zamanda məclisə qoyulmalıdır. Yəni bu iş tək bir nəfərin fikri ilə planlanmır”.

Y.Mehdiyev həmçinin,  Ağsaqqallar Şurasının  bu il ərzində gördüyü işlərdən də söz açıb:
“Biz bir neçə gün bundan öncə  Ağsaqqallar Şurasının 2017-ci ildə gördüyü işlər barədə hesabat vermişik. Bu il Azərbaycan Ağsaqqallar Şurası respublikanın ictimai, siyasi, mədəni həyatında fəal iştirak edib, geniş tədbirlər keçirib. O cümlədən ölkə ağsaqqalları aparılan quruculuq işlərində, ictimai həyatın müxtəlif sahələrinin inkişafında öz töhfələrini veriblər. Yəni çox işlər görmüşük, sadalamaqla bitməz”.

O deyib ki, hazırda Ağsaqqallar Şurasının təxminən 22 minə qədər üzvü var:
“Ağsaqqallar Şurasının əsas hədəfi gənclərə düzgün yol göstərmək, vətənpərvərlik duyğularını aşılamaqdır. Qısaca, deyə bilərəm ki, biz bir ağsaqqal kimi məsləhət veririk”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi