Ağsu aşırımı və Şamaxı-Pirqulu yolu bağlandı

agsu-asirimi-ve-samaxi-pirqulu-yolu-baglandi
Oxunma sayı: 870

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, dünən axşam saatlarından başlayaraq həmin dağ rayonlarına yağan qar bu gün axşamadək davam edib. Bu gün axşam saatlarından başlayaraq Ağsu, İsmayıllı, Qəbələ və Şamaxının dağ kəndlərində, Şamaxı və Qəbələ şəhərlərində, eləcə də Bakı-Şamaxı yolunun Qobustan, Şamaxı və Ağsu rayonlarından keçən bəzi yerlərində, Muğanlı-İsmayıllı-Qəbələ yolunun bir çox ərazilərində nəqliyyatın hərəkəti məhdudlaşıb. Çox az sayda avtomobil bu yollarda hərəkət edir.

Bakıdan Ağsu şəhərinədək olan ərazidə, yəni Qobustanın Cəngi kəndi ərazisində, Şamaxının Muğanlı qəsəbəsindəki enişli-yoxuşlu yollarda və Ağsu aşırımında şinlərində zəncir olmayan 20-yə yaxın maşın buzlu yolda əlacsız qalıb, bəzi maşınlar sürüşərək yoldan kənara çıxıb.

Bu gün Qəbələ və Şamaxıda qarlı havada idarəetməni itirən 3 sürücü qəza törədib, 4 nəfər xəsarət alıb.

Şamaxı-Pirqulu yolu, eləcə də Şamaxı və Ağsu rayonlarını birləşdirən magistral yol buz bağlayıb. Ağsu aşırımında nəqliyyatın hərəkəti məhdudlaşıb. Şamaxı şəhərinin bəzi dağ kəndləri ilə əlaqəsi kəsilib. Bu rayonların aran hissəsinə 10 santimetr, dağlıq ərazisinə isə 15-20 santimetr hündürlüyündə qar yağıb. Qarın ən çox düşdüyü yer isə Pirqulu qəsəbəsidir ki, bura təxminən 25-30 santimetr qar yağıb.

Bakı-Şamaxı-Ağsu yolu və Muğanlı-İsmayıllı-Qəbələ yolu qarla əlaqədar hərəkət üçün təhlükəli olduğuna görə sürücülər alternativ olaraq Bakı-Qazax, Ucar-Göyçay, Ağdaş-Qəbələ, Kürdəmir-Ağsu yollarından istifadə edirlər.