Ağzıyla milçək tutanlar...

agziyla-milcek-tutanlar
Oxunma sayı: 844

Fərid Hüseyn

Qeyri-peşəkarların, biveclərin qəribə bir adəti var: işdən, çalışmaqdan söz düşən kimi o saat başlayırlar “staj”larını gözə soxmağa, fəaliyyət müddəti qabartmağa, illəri, ayları saymağa. Sanki tayalanmış illərin arxasında öz bacarıqsızlıqlarını, işbilməzliklərini gizləməyə çalışırlar. Elə bilirlər, uzun müddət işləmək ciddi, ələdüşməz üstünlükdür. Anlamırlar ki, əsas məsələ necə çalışmaq, nə qədər müddətdə hansı həlliçətin məsələlərin müşkülünü qırmaq, insanlara lazımlı, məşğul olduğun sahəyə qazandıran, zəhmətçəkənə baş ucalığı gətirən nələrsə etməkdir.

Müşahidələrim, özümdən yaşca böyüklərin həyat tarixçəsinə nəzər salmağım, az-maz da olsa təcrübəm nəticəsində bu qənaətdə möhkəmlənmişəm: Təcrübəni ancaq peşəkarlar qazanır. Qeyri-peşəkarlar, yarıtmazlar isə uzun illər “bildiklərini”, daha doğrusu, bilmədiklərini təkrarlamaqla məşğul olurlar. Onlar üçün iş yeri, iş vaxtının bitməsini gözləmək üçün dayanacaqdı. Vaxt bitsin, əkilsinlər. Beləcə hər gün “vaxtı bitirərək” “staj” toplayırlar, onlara elə gəlir ki, 5 ildir, 10 ildir, 15 ildir çalışırlar, ancaq cana cəfa verib araşdırsan görərsən ki, əksərən heç bir işi lazımı səviyyədə yarıtmayıblar. “Quş qoymaq”, “bu da var” xatirinə ömrü yelə veriblər. Belələri sahələrinin yerində addımlamaqlarına baiskardırlar. 

Hələ də hər sahədə işinə cavanlıqdan təqaüdə çıxacaq adam kimi yanaşanlar var. Bu, Sovet dövründən qalma təfəkkür qalıqlarıdı: nə qədər çox işləmisənsə, deməli, o qədər çox peşəkarsan. Bəzən hansısa idarədə 5 il işləyib çıxmış adam, yaxud hansısa zavodun yaradılmasının ilk aylarında bir neçə ay zəhmətə qatlaşan biri sonradan orda 30-il işləyənlərdən çox xeyir verir.

Qeyri-peşəkarlarla bağlı bir məqam da var ki, “deməsəm ölləm”. Onların söhbətləri bu cür ifadələrlə dolub-daşır: "mən 22 yaşımdan sənətdəyəm", "30 ildir bu işlə məşğulam", "23 ildir can qoyuram", "10 ildi yazıram" və. s. Fikir vermişəm, belələri dişə vurulası, ortalığa çıxarılası işlərindən danışa bilmirlər deyə ancaq işlədikləri illəri gözə soxurlar. Belə deməklə məşğul olduqları sahəyə necə ildir ziyan vurduqlarını, neçə ildir bir işlə məşğul olub yarıtmamaq tarixçələrini günə-gün, dəqiq tarixiylə hamıya bəyan edirlər, yaddaşımıza hopdururlar. Sanki ciddi cəhdlə nəzərimizə çatdırmaq istəyirlər ki, baxın, özünüz hesablayın, görün biz bu neçə ildə bir dənə normal iş görə bilməmişik, neçə onillikdə püxtələşməmişik, özümüzü yetişdirməmişik, “ağzıyla milçək tutmaqla” məşğul olmuşuq. “Staj”ı, dilə gətirmək, işlədiyi müddəti vurğulamaqla yarıtmazlıqlarının dəqiq tarixini, ilini göstərmək baxımından əhəmiyyətlidir... Onların dediyi illərlə tutuşdurub, hansı sahələrin haçandan xaraba qaldığını öyrənə bilərik... Sağ olsunlar, heç olmasa deyirlər...