Aİ ölkələri Azərbaycan iqtisadiyyatına 33,6 mlrd. investisiya yatırıb

Aİ ölkələri Azərbaycan iqtisadiyyatına 33,6 mlrd. investisiya yatırıb
Oxunma sayı: 220

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Almaniya-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan – Avropa İttifaqı biznes forumu keçirilir.

“Qafqazinfo” xəbər verir ki, keçirilmiş tədbirə rəsmi şəxslər, beynəlxalq təşkilatların, səfirliklərin, ticarət palatalarının nümayəndələri, ümumilikdə biznes foruma 1000-ə yaxın iştirakçı qatılıb.

Tədbirdə çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev ənənəvi olaraq keçirilən Azərbaycan-Avropa İttifaqı biznes forumunun Azərbaycanla Avropa İttifaqı arasında iqtisadi əməkdaşlıq perspektivlərinin, qarşılıqlı ticarət və investisiya imkanlarının müzakirə edilməsi üçün önəmli platforma rolunu oynadığını vurğulayıb. O, vurğulayıb ki, ticarət ikitərəfli əməkdaşlığımızda əsas istiqamətlərdən biridir və Azərbaycan Avropa İttifaqının Cənubi Qafqaz regionunda əsas ticarət tərəfdaşıdır. Avropa İttifaqının bu regionla ticarətinin 78%-i Azərbaycanın payına düşür. 2018-ci ildə ölkəmizin xarici ticarətində Avropa İttifaqının payı isə 42% təşkil edib. Ötən il Avropa İttifaqı ilə ticarət dövriyyəsində 30%-lik artıma nail olunub.

İnvestisiya sahəsində də uğurlu əməkdaşlığın həyata keçirildiyini diqqətə çatdıran İqtisadiyyat naziri Avropa İttifaqı ölkələrinin Azərbaycan iqtisadiyyatına 33,6 mlrd. dollar, Azərbaycanın isə Avropa İttifaqı ölkələrinə 15 mlrd. dollara yaxın investisiya yatırdığını bildirib. Qeyd olunub ki, Azərbaycanda Avropa İttifaqı ölkələrinin 1600-dan çox şirkəti fəaliyyət göstərir.

Biznes forumda İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı, həyata keçirilən islahatlar və əldə olunan uğurlu nəticələr barədə məlumat verib.

Nazir diqqətə çatdırıb ki, Avropa İttifaqı Biznes Mühiti Hesabatı üçün ötən il keçirilmiş sorğuda Aİ şirkətlərinin 65%-i Azərbaycandakı makroiqtisadi vəziyyəti güclü və qənaətbəxş, 89%-i isə makroiqtisadi vəziyyətin perspektivlərini yaxşı və sabit kimi qiymətləndiriblər. 

Tədbirdə Avropa İttifaqının qonşuluq siyasəti və genişlənmə üzrə komissarı Yohannes Han ötən 10 il ərzində "Şərq Tərəfdaşlığı" proqramının həyata keçirilməsi çərçivəsində görülən işlər haqqında danışıb, bu dövrdə proqramın iştirakçı ölkələri ilə iqtisadi əməkdaşlığın inkişaf etdiyini, o cümlədən iqtisadiyyatın şaxələndirilməsi, kiçik və orta biznes, nəqliyyat-tranzit, İKT, gənclər siyasəti, təhsil və s. sahələrin inkişafı üçün əhəmiyyətli addımlar atıldığını qeyd edib və bildirilib ki, bu istiqamətdə dəstək tədbirləri davam etdiriləcək. 

Sonra Alman-Azərbaycan Xarici Ticarət Palatasının şöbə müdiri Nigar Bayramlı Avropa İttifaqının Azərbaycanın biznes mühitinə dair 2019-cu il üzrə hesabatını təqdim edib. Vergilər naziri Mikayıl Cabbarov, Dövlət Gömrük Komitəsinin sədr müavini İsmayıl Hüseynov, Təhsil nazirinin müavini İdris İsayev, Ədliyyə nazirinin müavini Toğrul Musayev çıxışlarında hesabatda öz əksini tapmış məsələlərlə bağlı fikirlərini bölüşüb, həmçinin müvafiq sahələrdə həyata keçirilən islahatlar və görüləcək işlər barədə məlumat verib, islahatların davamlı olacağını vurğulayıblar.

Azərbaycan-Avropa İttifaqı biznes forumu panel iclaslarla öz işini davam etdirir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi