“Ailəmizə qibtə edirdilər...” - Arvadını öldürən kişi

“Ailəmizə qibtə edirdilər...”
Oxunma sayı: 2092

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını və baldızı qızını öldürməkdə təqsirləndirilən Qurban Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi  başlayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Novruz Kərimovun icraatında olan prosesdə baxış iclası keçirilib.

Q.Hüseynov özünü təqsirli bildiyini deyərək hadisənin necə baş verməsini danışıb: “Həmin gün işdən evə gəlib yemək istədim. Yoldaşım yatmışdı, buna görə mübahisə düşdü. Onlar ikisi də məni söydülər. Fəraiz dedi “sən kişi deyilsən dur çıx burdan". Mən də əsəbi halda evdən çıxdım, sonrasını xatırlamıram. Ailəmi məhv etdiyim üçün peşmanam. Rəhiləni öz qızlarımdan da çox istəyirdim. Yoldaşımla mübahisəmiz tez-tez olurdu, cavanlıqda onu çox incitmişdim. Amma əvvəllər münasibətimiz normal idi. O, həm də mənim qohumum idi. Başqaları bizim ailəmizə qibtə edirdi. Onları öldürəndə özümdə deyildim. Belə olmasını istəməzdim”.

Q.Hüseynov ailəsinə da yaxşı baxdığını deyib: “1300 manat maaş alırdım, əlavə olaraq Sumqayıt avtobusunu sürürdüm. O puldan maşının kreditini verirdim, qalanını evə qoyurdum. Əsəblərim də marşrutda sürücü işləyəndən sonra pozuldu. Müalicə olunurdum”.

Mərhum F.Hüseynovanın bacısı  ifadə verərək onun 30 il çörək zavodunda işlədiyini deyib: “Qurban pis oğlan deyildi, bacımla münasibətləri də normal idi. Son aylar mübahisələri olurdu. Qurban mənə deyirdi ki, bacın sözümə qulaq asmır. Bacımla danışdım, o da dedi ki, heç nədən özündən çıxır. Mən bacımdan çox o yetim qızın öldürülməsinə pis oldum. Onu əvvəl mən qəyyumluğa götürmüşdüm, sonra da Fəraiz götürdü. Rəhilə o evin nökəri idi, hamballıq edirdi. Səhər tezdən buz kimi su ilə Qurbanın maşınını yuyurdu. Mart ayında nişanlanmışdı”.

Q.Hüseynovun oğlu, "N Brother" qrupunun üzvü İsmayıl Hüseynov məhkəmədə deyib ki, hadisədən yarım saat sonra təsadüfən evə gəlib: “Gördüm hər ikisi qan içində yerdədirlər. Ailədə münasibətlərimiz həmişə yaxşı olurdu, mən evlənəndən sonra pisləşmişdi. Heç nədən dava edib bir-birlərini təhqir edirdilər. Həmin gün də hadisə yemək üstündə olub. Atamın əsəbləri yerində deyildi, işdən hirsli gəlib anamla dalaşırdı”.

Qeyd edək ki, hadisə 2017-ci il martın 24-də Abşeron rayonu Saray qəsəbəsində baş verib. Qurban Hüseynov həyat yoldaşı, 54 yaşlı Hüseynova Fəraiz Zakir və baldızı qızı 18 yaşlı Amur-Təbrizi Rəhilə Əsgər qızını küt alətlə qətlə yetirib. O, hər iki şəxsi idmanda istifadə olunan daşla (qantellə) vuraraq qətlə yetirib.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi