Ajda Pekkan Brilyant Dadaşovaya nə verib?

ajda-pekkan-brilyant-dadasovaya-ne-verib-
Oxunma sayı: 1879

Azər Qismət

Burda söhbət siyasi arenada analitiklərin ən çox işlətdikləri sözdən getmir. “İkinci əl” də deyirlər, “üçüncü əl” də. Yəni, ölkədə qarışıqlıq baş verəndə, xarici qüvvələrin sifarişi olması barədə mülahizələr səslənir, sonra “burada ikinci əl var” deyilir. Və o əllər müzakirə predmetinə çevrilir. Kiminsə əli sifariş əsasında yad ölkənin içərilərinə doğru uzanır və qarışıqlıq yaratmaqla qarşıya qoyulan məqsədə çatılır.

Ancaq “ikinci əl” sözü qədim İngiltərədə çoxdan yaranıb. Söhbət “Second hand”lərdən gedir. O vaxtlar krallar ailəyə yaxın olan adamlara, yaxud dövlətə sadəqətlə qulluq edən şəxslərə öz paltarlarını hədiyyə edərmişlər. İndi “Second hand” sözü o vaxtkı kralların etdiyi ilə uyğun gəlmir. Onlar öz sevimli adamlarına paltarlarını bağışlayırdılarsa, hazırda bunu müğənnilər də edə bilər. Ajda Pekkanın öz paltarını Brilyant Dadaşovaya verməsi ilə kralların hərəkətində uyğunluq tapmaq olar. Amma qayəsinə baxanda fərqlilik açıq-aşkar görünür. 21-ci əsrin “Second hand”ləri başqa anlam daşımağa başlayıb.

Düz 100 il bundan əvvəl adamlar köhnə paltarlarını zibil qutularına atmağa başladılar. Bəziləri isə belə paltarları küçələrə tökməklə zibil qalağı yaratdılar. Sonra şəhər rəhbərləri zibilliklərdən o paltarları yığıb kasıb ailələrə vermək işini öz üzərlərinə götürdülər. Üstündən az müddət keçəndən sonra bəzi adamlar ortaya çıxıb həmin paltarları yığaraq satmağa üstünlük verdilər.

İndi “Second hand”lər Avropada geniş industriyadır. İşlənmiş paltarlara dair neçə-neçə şirkətlər fəaliyyət göstərir. Statistikaya görə bu işlə 10 milyon insan məşğul olur. Azərbaycanın müstəqilliyindən sonra belə mağazalar ölkəmizdə də açılmağa başladı. Qısa müddət ərzində onların sayında artım müşahidə edildi. Küçə və prospektlərdə belə paltarların olduğu mağazalara girən müştərilərin əlindən tərpənmək mümkün deyildi. Azərbaycanın bəzi sakinləri kasıb olsalar da, belə mağazalardan paltar almağı qürurlarına sığışdırmadılar. Onlara “meyid paltarı”, yaxud “mirət” dedilər. İşlənən əsas söz belə idi: “Hansısa ölünün paltarını geyinə bilmərəm”. Ancaq elələri də tapılırdı ki, belə paltarları məmnuniyyətlə alırdı. Qeyd edək ki, belə paltarlar yüksək dezinfeksiyaedici məhlullarla təmizlənir, yüksək təzyiqli buxara verilir. Yəni, ölüdən heç bir mikrob paltarın təzə sahibinə keçmir. Ancaq qədim Çin təlimi – Fen-şuyla məşğul olanlar bildirirlər ki, belə paltarı alarkən evdə bir dəfə limon duzu ilə yumaq lazımdır. Onların gümanına görə limon duzu ilə yuyulan paltara onun birinci sahibinin ruhu hopmur.

İndi Azərbaycanda “Second hand”lər azalıb. Bəzilərinin deməsinə görə “İkinci əl” paltarlarını alanların sayında azalmanın müşahidə edilməsi ölkənin inkişafı ilə bağlıdır. Yəni, kasıb adamlar azalıb və belə mağazalara ehtiyac qalmayıb. Ola bilsin bu faktor da var. Ancaq deyim ki, indi Avropa ölkələrində belə mağazalar hələ də fəaliyyət göstərir. Bu heç də o demək deyil ki, həmin ölkələrdə kasıblar çoxdur. Hazırda orada belə tipli mağazalar daha da mükəmmələşib. Hər çölə atılan paltarı mağazaların vitrininə düzmürlər. Avropalı öz paltarını bir mövsüm geyinib atır. Bunu kasıblara əl tutmaq üçün etmir. Çünki “ikinci əl” şirkətlərinin rəhbərləri ilin müəyyən vaxtlarında “paltar yığımı” kampaniyası elan edirlər. Sadə avropalı bir mövsümlük paltarını verib, əvəzində mağazalarda endirim kuponları əldə edir, yaxud, uduş lotereyasına qoşulur.

Sözümün canı nədir? Biz köhnə paltarlarımızla nə edirik? Kənd yerlərinin sakinləri köhnəlmiş paltarla 3 cür rəftar edirlər. Birinci rəftar belədir: çarpayıda döşəyin altına qoyurlar ki, döşəmədən gələn soyuq yatan adamı üşütməsin. İkinci rəftar belədir: kürt düşən toyuğun altına qoyurlar ki, yeri isti olsun, bütün yumurtalardan bala çıxsın. Üçüncü rəftar isə üstünlük təşkil edir: həyətin ortasında belə paltarlara od vurub yandırırlar. Ölənlərin paltarlarına “mirət” dediyimizdən onlara ikiqat od vurulur ki, izi-tozu da qalmasın. Hətta külü də həyətdən tez yığışdırılır ki, o evə bədbəxtlik gəlməsin.

Paytaxt sakinlərinin rəftarı isə bundan ibarət olur: şəhərlilər əksər hallarda o paltarları zibil qutusunun yanına qoyurlar ki, kasıbın biri gəlib götürsün. Yaxud, təkəm-seyrək vətəndaşlarımız belə paltarları internat evlərinə aparır ki, kimsəsizlər geyinsin, bununla da savab yiyəsi olsunlar. Azərbaycanda hələ neçə illər bundan əvvəl də küçələrdə haray çəkib köhnə paltarları alanlar vardı. Onlara xalq arasında “cındır alanlar” deyilirdi. (Haşiyə: indi “cındır” sözünü pis adamlara deyirlər. Halbuki, çındırın çox mənası var). İndi də küçələrdə köhnə paltar alanlara rast gəlmək mümkündür. Amma çox təəssüf ki, bütün bunlar pərakəndə formada aparılır. Avropadan “ikinci əl”ləri gətirməkdənsə, bunu özümüzün təşkil etməyimiz düzgün olmazmı? Demirəm ki, bu paltarlar dezinfeksiya edilib, buxara verilib təmizlənsin və satılsın. Onu demək istəyirəm ki, hər hansı təşkilat konkret bu işi öz üzərinə götürə bilər. Ya bu işlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hansısa şöbəsi, ya da hansısa Qeyri Hökumət Təşkilatlatı məşğul olmalıdır. Əminəm ki, vətəndaşlar köhnə paltarlarını həmin mərkəzə məmnuniyyətlə verəcəklər; endirim kuponları, yaxud pul almasalar belə bunu edəcəklər. Çünki, bunu çoxları arzulayır. Biz geyinmədiyimizi təhvil verərik, onlar da kasıb ailələrə paylayarlar. Daha köhnə paltarlarımız zibil qutularının yanında yağışın suyunda nəmlənib sıradan çıxmaz.