Akademikin 85 illik yubileyi qeyd olundu

akademikin-85-illik-yubileyi-qeyd-olundu
Oxunma sayı: 1312

Bu gün BDU-da görkəmli kimyaçı alim, universitetin Analitik kimya kafedrasının professoru, Ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasının yaradıcısı və rəhbəri, AMEA-nın həqiqi üzvü akademik Rəfiqə Əliyevanın 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. 

BDU-dan “Qafqazinfo”ya daxil olan xəbərə görə, rektor Abel Məhərrəmov ömrünün böyük hissəsini BDU-da ixtisaslı kadrların hazırlanmasına sərf edən Rəfiqə Əliyevanın pedaqoji xidmətlərindən danışıb. Bildirib ki, yarım əsrdən artıq pedaqoji fəaliyyətlə məşğul olan Rəfiqə xanımın yetişdirmələri Azərbaycanda, həmçinin dünyanın bir çox ölkələrində fəaliyyət göstərərək böyük alimdən əldə etdikləri bilikləri bəşəriyyətin tərəqqisinə sərf ediblər. Rektor Rəfiqə Əliyevanın araşdırmalarının kimyanın vacib istiqamətlərindən olan analitik reaksiyaları xarakterizə edən parametrlərlə kompleks birləşmələrin quruluşu arasındakı asılılığın müəyyən edilməsinə həsr olunduğunu deyib.

Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif  Əlizadə görkəmli alim Rəfiqə Əliyevanın səmərəli elmi fəaliyyətindən, respublikamızda kimya elminin inkişafına verdiyi töhfələrdən danışıb. 

Azərbaycan Respublikasının Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, Rəfiqə xanım Əliyeva yüksək ixtisaslı kadrların hazırlanmasına bütün bilik və bacarığını sərf edib, öz dərin biliyini və zəngin təcrübəsini gələcək nəsillərə ötürərək böyük elmi məktəb yaradıb.