Akif Nağının kimə işlədiyi məlum oldu

akif-naginin-kime-islediyi-melum-oldu
Oxunma sayı: 663

Rəhbərlik etdiyi quruma Qarabağ Azadlıq Təşkilatı adı qoyub, Qarabağı erməni işğalçılarından azad etmək üçün iynənin ucu boyda belə heç bir iş görməyən bu “piketlər aşiqini” əsəbiləşdirən nə olub?
Məlum olur ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin İrəvana səfəri Akif Nağını yuxudan oyadıb. Özünə gələn QAT sədri yaddaşının qatlarını qurdalayandan sonra yadına düşüb ki, onun doğulub boya-başa çatdığı Qarabağı ermənilər neçə ildir ki, işğal edib. Ermənilər Ağdamı Akif Nağıya qaytarmayınca İrəvana səfər etmək olmazmış.
Birincisi, Qafqaz Müsəlmanları İdarəsini sədri Şeyxülislam Allahşükür Paşazadə İrəvana gəzməyə getməyib. Şeyxülislam həzrətləri MDB Dinlərarası Şurasının həmsədri kimi bu qurumun İdarə Heyətinin İrəvanda keçirilən toplantısında iştirak etmək üçün Ermənistana səfər edib.
İkincisi, rəsmi şəxslərin nə zaman hansı ölkəyə gedib-getməyəcəyini nə vaxtdan Akif Nağı müəyyən edir?
Cürəti ancaq piketlərdə bir – iki ağız ulamağa çatan Akif Nağı Şeyxülislamın İrəvana səfərə getdiyini eşidən kimi yuxudan kal durub və bu səfərin əleyhinə bəyanat hazırlamağı tapşırıb. Səfərin yekunlarını gözləməyə belə səbri çatmayıb.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə İrəvanda sərt bəyanat səsləndirəndə, BMT-nin Azərbaycan torpaqlarının dərhal və qeyri-şərtsiz azad edilməsi ilə bağlı qətnamələrinin həyata keçirilməsinin vacibliyini bildirəndə Akif Nağı səhər tezdən yaydığı bəyanatdan heç utandımı görən? Azərbaycan xalqının ən ağrılı problemi olan Qarabağın adı ilə alver edən Akif Nağı heç utanana oxşamır...
Şeyxülislam həzrətləri dini lider kimi həmişə təmsil etdiyi xalqın, dövlətin mənafeyini müdafiə edib. 1990-cı il 20 Yanvar hadisələri zamanı Şeyxülislamın tutduğu mövqe, göstərdiyi qətiyyət unudulmayıb. Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ən yüksək tribunalarda dünya ictimaiyyətinin diqqətini Qarabağ probleminə yönəldib, tarixi Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin vacibliyini qeyd edib. Milli Qəhrəman Mübariz İbrahimovun, igid oğlumuz Fərid Əhmədovun meyitlərinin düşmən əlindən alınması, onların dövlət səviyyəsində, ehtiramla dəfn olunması məhz Şeyxülislamın dini lider kimi apardığı danışıqlardan sonra mümkün oldu.
30 ildən çoxdur ki, Qafqaz Müsəlmanları İdarəsinə rəhbərlik edən Şeyxülislam Allahşükür Paşazadə xalqı və dövləti üçün çox işlər görüb. Akif Nağı görünür Moskvada təhsil alıb qayıtdıqdan sonra keçən bu uzun illər ərzində nə kitab vərəqləyib, nə qəzet oxuyub, nə də televizora baxıb.
Yarıyuxulu bəyanatında müqəddəs kitabımız Qurani-Kərimdən sitat gətirərək düşmənlə döyüşməyin vacibliyini deyən Akif Nağı görən özü nə vaxt buna əməl etdi ki, bizim xəbəriniz olmadı? Hə yadıma düşdü, bir dəfə Bakıya gələn erməni idmançılarına yalnız daş atmağa kişiliyi çatdı.
Bəyanatın bir neçə yerində müqəddəs Qurandan örnək gətirən “piket divanəsi” görən gündəlik həyatında İslam dininin buyurduqlarına əməl edirmi? Çətin ki, əməl edə. Əgər əməl etsəydi xalqın dini liderinə qarşı belə ifadələr işlətməzdi. Cəsarəti yalnız piketlərdə bir-iki ağız ulamağa yetən Akif Nağı başqalarında qəhrəmanlıq tələb etməzdi.
Bu olaylardan sonra Akif Nağının kimə işlədiyi bir daha hamıya məlum oldu. “Aksiyalar və piketlər divanəsi” Akifin öz adı A hərfi ilə başlasa da, xidmətində canla-başla durduğu qüvvənin adı Şeytandır.

Davud Mirzəyev