“Akkord” Gürcüstanda infrastruktur layihələri həyata keçirir

akkord-gurcustanda-infrastruktur-layiheleri-heyata-kecirir-
Oxunma sayı: 785

“Qafqazinfo”nun məlumatına görə, martın 11-də Gürcüstanın Kvemo-Kartli vilayətinin Marneuli rayonunda bir sıra tədbirlər keçirilib. Tədbirlərdə ARDNŞ-in Prezidenti Rövnəq Abdullayev, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin Direktorlar Şurasının sədri, Baş Direktoru Xaqani Quluzadə, Gürcüstanın Baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze, Reinteqrasiya məsələləri üzrə dövlət naziri Paata Zakareişvili, Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Azər Hüseyn, Gürcüstan parlamentinin deputatları Tinatin Xidaşeli, Mahir Dərziyev, Əli Məmmədov və başqaları iştirak ediblər.
Marneuli rayonunun 17000 əhalisi olan Alget kəndində uzunluğu 33, eni 5 metr olan kəndarası körpünün istifadəyə verilməsini kənd əhalisi böyük sevinclə qarşılayıb.
Sonra Candar kəndində 21 000 m2 (2,1 hа) ərazidə soyuducu kameraların təməlqoyma mərasimi keçirilib.
Mərasimdə jurnalistlərə müsahibə verən ARDNŞ prezidenti R. Abdullayev qeyd edib ki, Gürcüstana səfəri çərçivəsində bu ölkənin Baş naziri Bidzina İvanişvili ilə görüşundə diqqət azərbaycanlılar yaşayan bölgələrin sosial-iqtisadi inkişafı məsələlərinə yönəldilib. Baş nazir ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşdiriləcəyini bir daha vurğulayıb.
R. Abdullayev Gürcüstanın qazlaşdırılmasında ARDNŞ-in mühüm rol oynadığını və təməlqoyma mərasimi keçirilmiş soyuducu kameraların gürcüstanlı azərbaycanlıların müraciəti əsasında Prezident İlham Əliyevin tapşırığı ilə inşa olunduğunu bildirib.
Gürcüstanın kənd təsərrüfatı naziri David Kirvalidze soyuducu kameraların tikintisinin böyük əhəmiyyət kəsb etdiyini və bunun bölgənin azərbaycanlı fermerlərinə yaxşı hədiyyə olduğunu qeyd edib. Nazir soyuducu kameraların istismara verildikdən sonra fermerlərin məhsullarını həmin kameralarda saxlayıb onlar üçün münasib vaxtda satışa çıxarmaq imkanına malik olacaqlarını bildirib.
Soyuducu kameraları “AKKORD Sənaye-Tikinti İnvestisiya Korporasiyası”nın törəmə şirkəti “AKKORD-Corcia” inşa edir. Burada kənd təsərrüfatı məhsullarının saxlanılması üçün hər cür şərait yaradılacaq.