“Aktiv ol” niyə aktiv ola bilmir? - Şikayət

aktiv-ol-niye-aktiv-ola-bilmir
Oxunma sayı: 909

Xətai rayonu ərazisində müştərilərə internet xidməti göstərən Azərtelekom MMC yaranmış problemi gün ərzində həll edə bilməyib.

Problemlə bağlı bu provoyderin abunəçisi olan, Xətai raonu, Əhmədli qəsəbəsi, M.Hadi küçəsi, ev 63 ünvanında yaşayan Rəsul Mirhəşimli məlumat verib. R.Mirhəşimli deyib ki, bazar günü təxminən saat 13-dən internet kəsilib, axşama qədər edilən zənglərin heç birinə müsbət cavab verilməyib: “Azərtelekom MMC ilə bu ilin aprelin 16-da müqavilə imzalamışıq. Reklam etdiklərinin əksinə olaraq, internet sürəti digər provoyderlərin verdiyi internet sürətindən heç nə ilə fərqlənmir, bəzi hallarda hələ bu sürət çox zəif olur. Lakin bazar günü yaranmış problemi heç nə ilə müqayisə etmək olmazdı. Günorta saatlarında qəfildən internet kəsildi. Bunun səbəbin öyrənmək üçün “Aktiv ol”un müştəri xidməti ilə əlaqə saxladıq, yaranmış problemin nə ilə bağlı olduğunu qəti şəkildə söyləmək istəmədilər. Özünü müştəri xidmətinin əməkdaşı kimi təqdim edən şəxs bunu yalnız yüksək vəzifə sahibinin deyə biləcəyini, bu səbəbi söyləməyə səlahiyyətinin olmadığını bildirdi. Ardıcıl zənglərimizdən sonra, nəhayət, həmin əməkdaş bildirdi ki, cihazlarda problem yaranıb, bu problem bir neçə saata həll ediləcək”.

R.Mirhəşimlinin bildirdiyinə görə, gün ərzində internetin verilməsi təmin edilmədi: “Axşam saat 19-dan sonra zəng etdiyim əməkdaş Əhmədli qəsəbəsində yerləşən Azərtelekomun stansiyasının olduğu ərazidə elektrikin kəsildiyi, internetin də bizə verilməsində problemin bu səbəbdən yarandığını söylədi. Sualıma cavab olaraq, həmin əməkdaş stansiyanın dəqiq hansı ünvanda yerləşdiyini bilmədi. Xətai Elektrik Şəbəkəsindən isə Xətai rayonunda heç bir ərazidə elektrikin kəsilmədiyini bildirdilər. Əgər doğurdan da həmin əməkdaşın dediyi kimi, elektrik kəsilibsə, niyə Azərtelekomun satnsiyalarında ekstremal situasiyalar üçün generatorlar yoxdur? Ən qəribəsi odur ki, bütün başqa provoyederlərdən fərqli olaraq, “Aktiv ol”un müştəri xidməti bütün sutkanın 24 saatı deyil, səhər saat 9.00-dan 23.00-a qədər xidmət göstərir”.

Rəsul Mirhəşimli bidlirib ki, bu gün müştəri xidmətindən sorğunun araşdırılması üçün müvafiq şöbəyə göndərildiyini deyiblər.

R.Mirhəşimli bu qədər yarıtmaz xidmət göstərdiyi üçün Azərtelekom MMC barədə müvafiq tədbirlərin görülməsini Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən xahiş edir və Azərtelekomun müştərilərindən üzr istəməsini, normal xidmət göstərməsini tələb edir.

Məsələ ilə bağlı Azərtelekomun da mövqeyini gözləyir, yaradılmış problemin hansı səbəbdən baş verdiyinin izahını gözləyirik.