Aktyorlarımızın yüngüllüyü

aktyorlarimizin-yungulluyu
Oxunma sayı: 10112

Qan Turalı

Bilmirəm, olmuş söhbətdir yoxsa əfsanə... Deyirlər, Acun Cem Yılmazın qarşısına boş müqavilə qoyub, istədiyin məbləği yaz, istədiyin layihəni elə deyib. Cem imtina edib. Niyə? Bu dəvətdən kim vaz keçər? Amma Cem vaz keçir. Səbəb? Sifətini köhnəltmək istəmir.

Ələsgər Ələkbərov da efirə çıxmazdı. Himayəsindəki gənc aktyorları da radioya, televiziyaya getməyə icazə verməzdi. Deyərdi ki, sizi görmək istəyən teatra gəlsin. Film dəvətlərini də xəsisliklə qəbul edirdi. Ürəyincə olmasaydı çəkilməzdi. 

Amma elə bir dövrə gəldik ki... Hər yerdə eyni üzləri görürük. O gün bir aktrisanın müsahibəsin oxuyuram. Deyir, bu il üç filmimin premyerası olub. İndiki heç...

Əvvəlkiləri artıq hamı unudub. Kəmiyyətlə fəxr etməzlər. Keyfiyyət hər şeydən vacibdir. 

Bəzi şairlər var. Kitablarını sayırlar. Əli Kərimin bir şeir kitabı vardı. Orxan Vəlinin də... 

Pambıq planıdırmı bu? Sifət köhnəlir. İstedad korşalır. Açırsan televizoru, bir serial gedir. Sonra digəri başlayır. Eyni aktyoru həm orda görürsən, həm burda. Ardınca reklam...Yenə eyni sifət...Afişalarda o... Market reklamına qədər düşən aktyor var. İldə beş filmə çəkilir. Hamısında da baş rolda, hamısında da eyni şeyi oynayır. Bunlar azmış kimi veriliş də aparır. Hər verilişdə də qonaqdır. Toy da aparır. Tədbir də...Əlinə telefonu götürürsən.
Sosial mediadan boylanır. Maşından video çəkib qoyur. Neyləsin yazıq? Bütün günü maşındadır. Məşqi neynir? Özü üstündə işləməyi neynir?

Kimsə durub deyəcək ki, neyləsin bəs, pul qazanmalıdır da. Bəli, qazanmalıdır. Amma özünü xərcləmədən...Bir neçə il sonra o kimə lazım olacaq? Kimə maraqlı gələcək? 

Dövrün ruhu budur, hər yerdə görün, hər yerdə ol, haqqında danışılsın. Di gəl ki, zamanın üzü də soyuqdur indi. Zaman sürətlə axıb keçir və bu sürətdə nə qədər adamlar boğulur. Məşhur sözdü, bir gün hamı 15 dəqiqəlik məşhur olacaq. Başqa tərəfdən baxın bu cümləyə. Bəli, 15 dəqiqəlik məşhur olacaq amma 15 dəqiqə sonra da unudulacaq. Bu şöhrət dünyasından kimlər gəlib, kimlər keçmədi ki...

Ustad necə deyirdi: “Yapılan işin ya çok iyisi yaşıyor bizden sonra, ya çok kötüsü. Seninki orta halliydi sanırım, benimki de öyle. Yani, sesimiz bu kubbede kalacak diye tesellimiz yok”.

Söz yox ki, Nazım böyük təvazökarlıq edirdi. Bir şeydə isə çox haqlıdır. İllər keçəcək, qərinələr, əsrlər...Əfsanələr unudulmayacaq.

Cem Yılmaz bəlkə də əfsanə deyil. Amma bir şeyi çox dəqiq bilir. Üzünü köhnəltmir. İnsanları intizarda saxlayır. Filminə gətirir. İribüdcəli işlər görür. Uğur da qazanır. Daha hər yerə, hər şeyə getmir. Daş yerində ağırdır.