Alfa Romeo markasının ilk krosoveri Stelvio Bakıda - Foto

alfa-romeo-markasinin-ilk-krosoveri-stelvio-bakida
Oxunma sayı: 2756

Avtolux Azerbaijan model cərgəsinə daha bir avtomobil əlavə edib. 

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı keçirilən təqdimat mərasimində “Avtolux Azerbaijan” şirkətinin direktoru İbrahim Əhmədov bildirib ki, “Alfa Romeo”nun ilk SUV modelinin adı İtaliyanın ən hündür, çətin və sərt döngəli dağ keçidi olan Passo dello Stelviodan götürülüb.

"Avtolux Azerbaijan” şirkətindən brend meneceri Azər Cəlilov qeyd edib ki, Premium SUV seqmentinə aid olan “Alfa Romeo Stelvio”  95500 manata təklif olunur. Sifarişdən asılı olaraq qiymət daha da aşağı ola bilər. Stelvio avtomobilini həm nağd, həm də sərfəli 5 illik kreditlə almaq olar. Şərtlərə əsasən ilkin ödəniş 20%, illik faiz dərəcəsi isə 17% təşkil edir.
 
Təqdim edilən “Alfa Romeo Stelvio”ya 2.0 litr həcmindəki "2-in-1 turbo" benzin mühərrik həyat verir. Bu mühərrik 8 pilləli avtomatik sürətlər qutusu ilə "əməkdaşlıq edərək" 280 at gücü və 400 Nm qüvvə momenti istehsal edir.
 
Gücünü dörd təkərə birdən ötürən Q4 adlı 4x4 sistemi ilə təchiz edilən “Stelvio”, sinfinin ən yaxşı göstəricisinə imza ataraq 0-dan 100 km/s sürətə 5,7 saniyədə çatır. Son sürəti 230 km/s olan 2,0 litr benzin Alfa Romeo Stelvio, 100 km-də orta hesabla 7,0 litr yanacaq sərf edir.
 
“Stelvio”nun 2,2 litr dizel və 2.9 litrlik benzin V6 cüt turbo mühərriki ilə (510 at gücü) təchiz edilən versiyaları da mövcuddur. Əgər sifariş olarsa bu versiyaların da satışı təmin oluna bilər.
 
Alfa Romeo Stelvio, 4680 mm uzunluq, 2160 mm en və 1671 mm hündürlük göstəriciləri ilə geniş bir salon sahəsini, yığcam (kompakt) ölçülərlə bir araya gətirir.
 
Stelvio-nun palçıq dəyəcək yerlərində, qapılarında, mühərrik kapotunda və baqaj qapağında yüksək keyfiyyətli alüminiumdan sitifadə olunub.
 
“Avtolux Azerbaijan” şirkətində “Alfa Romeo" avtomobillərinə rəsmi servis xidmətləri göstərilir və anbarda ehtiyat hisələri mövcuddur.
 
Qeyd edək ki, “Avtolux Azerbaijan” “Ferrari”, “Ferrari Store”, “Lamborgini”, “Aston Martin”,  “Jeep”, “Dodge”, “Chrysler”, “Fiat”, “Alfa Romeo”, “Abarth” brendlərinin Azərbaycanda yeganə rəsmi distribüteridir. 

“Alfa Romeo” brendinin Azərbaycanda rəsmi dileri “Avtolux Azerbaijan” şirkətidir. Şirkətin satış mərkəzi Bakıda Ü. Hacıbəyli, 57 C ünvanında yerləşir.