Ali Məhkəmə “İŞİD”çinin şikayətinə baxdı

Ali Məhkəmə “İŞİD”çinin şikayətinə baxdı
Oxunma sayı: 679

Ali Məhkəmədə Suriyada Bəşər Əsədə qarşı döyüşməkdə ittiham olunan Azərbaycan vətəndaşları – Marfin Vladimirin kassasiya şikayəti üzrə proses yekunlaşıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim İnqılab Nəsirovun icraatında olan prosesdə M.Vladimirin  bəraət almaq istəyi rədd edilib, apellyasiya qərarı qüvvədə saxlanılıb.

V.Marfin ibtidai istintaq və aşağı məhkəmə instansiyalarında Rufan Ağcabəyovla birgə ittiham edilib. R.Ağcabəyov isə kassasiya şikayəti verməyib.

Bakı Apellyasiya Məhkəməsinin hökmü ilə Rufan Ağcabəyov 14 il, Marfin Vladimir 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, Rufan Ağcabəyov və Marfin Vladimir anti-terror tədbirləri nəticəsində həbs ediliblər. Onlar Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 283-1.3-cü maddələri ilə təqsirli bilinirlər.

Müəyyən edilib ki, Rufan Ağcabəyov və Marfin Vladimir 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikası və İraq Respublikası ərazilərində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən “İslam Dövləti (İŞİD)”, “Cəbhətül-Nusra” və “Cundu Şam” terrorçu təşkilatlarının fəaliyyətində iştirak ediblər.

Əslən Xaçmaz rayonundan olan Rufan Ağcabəyovun qardaşı Urfan Ağcabəyov Suriyada öldürülüb.

Azərbaycan hüquq-mühafizə orqanları onun barəsində bir neçə il əvvəl beynəlxalq axtarış elan edib. Onun dövlətlərarası axtarışda olması barədə məlumatlar İnterpolun saytında yerləşdirilib.

Həmin məlumata görə, Urfan Ağcabəyov Azərbaycan, rus və puştu dillərini bilib. Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən silahlı qruplaşmaların yaradılmasında, onların silahlandırılmasında və həmin qanunsuz silahlı birləşmələrin tərkibində vuruşmaqda ittiham olunub. Hər iki qardaş Qarabağ müharibəsi iştirakçısı olub.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi