Ali Məktəbin rəhbərliyi liseydə

ali-mektebin-rehberliyi-liseyde
Oxunma sayı: 647

“Qafqazinfo”nun verdiyi xəbərə görə, tədbirdə çıxış edən Z. Əliyeva adına liseyin direktoru Məhəbbət Vəliyeva bildirib ki, təhsil sahəsi, yüksəkixtisaslı kadrların yetişdirilməsi məsələsi bu gün ölkəmizdə prioritet məsələlərdən biridir: “Liseyin 2012-ci ilin buraxılış ilində 600 baldan yüksək bal toplayan 10 məzunu bu gün Bakı Ali Neft Məktəbinin tələbəsidir. Builki məzunları arasında da Bakı Ali Neft Məktəbinin tələbəsi olmaq istəyənlər çoxdur”.

Tədbirdə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov isə çıxışında qeyd edib ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nəzdində fəaliyyət göstərən Bakı Ali Neft Məktəbinin yaradılmasında əsas məqsəd ARDNŞ-nin həyata keçirdiyi beynəlxalq layihələrdə işləyə biləcək ingilis dilli, müasir biliklərə malik kadrların hazırlanmasıdır: “Ən müasir standartlara uyğun tədris prosesinin qurulduğu ali məktəb ilə Böyük Britaniyanın Heriot-Vatt Universiteti arasında sıx tərəfdaşlıq münasibətləri qurulub. Heriot-Vatt Universiteti ilə əldə olunmuş razılaşmaya əsasən Bakı Ali Neft Məktəbində tədrisin təşkili, onun gedişinə nəzarət, biliklərin qiymətləndirilməsi və müxtəlif proseslərin Heriot –Vatt Universitetinin tələblərinə uyğun həyata keçirilir və bunun nəticəsi olaraq BANM məzunlarına həm Bakı Ali Neft Məktəbinin, həm də Heriot-Vatt Universitetinin diplomları veriləcək”.

O bildirib ki, bir il bundan öncə iki ixtisas üzrə (“Neft–qaz mühəndisliyi” və “Kimya mühəndisliyi”) tələbə qəbuluna başlayan ali məktəbdə növbəti tədris ilində neft-qaz və neft-kimya sahəsi üçün mühüm əhəmiyyət kəsb edən yeni bir ixtisas - “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” açılacaq: “Tədrisin müasir standartlara uyğun şəkildə təşkil edilməsi və həyata keçirilməsi məqsədi ilə BANM və Böyük Britaniyanın Heriot-Vatt Universiteti, digər xarici universitetlər və neft- qaz və kimya sahəsi üzrə dünyanın tanınmış bir çox şirkətləri arasında əməkdaşlıq yaratmışıq və birgə fəaliyyət göstəririk”.

E.Qasımov onu da əlavə edib ki, Bakı Ali Neft Məktəbi eyni zamanda “İslam Dünyası Unversitetləri Federasiya”nın üzvüdür.

BANM rektoru E. Qasımov akademik Z. Əliyeva adına liseyin direktoru Məhəbbət Vəliyevaya Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq əlaqələrinin genişləndirdiyinə görə “Təşəkkür” plaketi və liseyin 7 müəlliminə Bakı Ali Neft Məktəbinə qəbul olunmuş yüksək səviyyəli şagirdlər yetişdirdiklərinə görə “təşəkkür “ plaketi və kompüter hədiyyə verib. Şagirdlərə Bakı Ali Neft Məktəbi haqqında ətraflı məlumatları özündə əks etdirən xüsusi hazırlanmış bukletlər paylanılıb.