Ali məktəblərdə mitinq həyəcanı yaşanır

ali-mekteblerde-mitinq-heyecani-yasanir
Oxunma sayı: 641

Əsasən, xaricdə yaşayan gənclərin quruculuğunda iştirak etdiyi hərəkat martın 11-nə mitinq təyin edib. Bununla bağlı 2 ay öncədən hazırlığa başlayan təşkilat komitəsi bunun üçün motivasiyaedici video-rolik də hazırlayıb. Artıq mitinqlə bağlı sosial şəbəkələrdə təşkilatlanma işləri gedir.

Bu arada ötən il olduğu kimi bu il də hakimiyyət ilk növbədə ali təhsil müəssisələrindən önləyici tədbirlərə əl atıb. Ali məktəb rektorlarına indidən müvafiq göstəriş və təlimatlar verilib. Böyük Xalq Hərəkatının Bakıdakı ali tədris ocaqlarında şöbələrinin yaradılması ilə bağlı məlumatlar əldə edilib. Buna görə də hər bir rektor öz rəhbəri olduğu ali məktəbə görə məsul elan edilib.

Qeyd edək ki, martın 11-də keçiriləcək aksiya ilə bağlı yaradılan təşkilat komitəsinin açıqlamasına görə martın 11-də müxtəlif şəhərlərdə, rayonlarda 10 nəfər, 100 nəfər, 1000 nəfərlik qruplar şəklində aksiyalar keçiriləcək.

Aksiya ilə bağlı yayılan çağırışda deyilir: “Əminik ki, Azərbaycanda 2011-ci ilin ən yadda qalan hadisələrindən biri olan 11 mart və arxasında gətirdiyi mitinq dalğalarını hər bir Azərbaycan vətəndaşı yaxşı xatırlayır. Azərbaycanda günbəgün artan qanunsuz həbslər, rüşvətxorluq, azad sözün olmaması, monopoliya və yüzlərlə digər səbəblər, yeni mitinqlərə, yeni 11 MART-lara ehtiyacı hər gün artırır. Bütün bunları nəzərə alaraq, artıq Facebook-da, Twitter-də, Youtube-da, bloqlarımızda və digər sosial şəbəkələrdə aktivləşməyin, bir olmağın zamanı gəlib. Gənclərimizi, orta nəslimizi, yaşlılarımızı, növbəti 11 marta hazırlığa çağırırıq”.

musavat.com