Ali Neft Məktəbi ilə “Halliburton” şirkəti arasında razılaşma imzalanıb

ali-neft-mektebi-ile-halliburton-sirketi-arasinda-razilasma-imzalanib
Oxunma sayı: 956


Mərasimi açan rektor Elmar Qasımov Bakı Ali Neft Məktəbinin (BANM) yaranma tarixi, 2-illik fəaliyyəti ərzində əldə etdiyi uğurlar haqqında məlumat vermiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yüksəkixtisaslı mühəndis kadrların ölkənin ali təhsil müəssisələrində hazırlanmasına xüsusi önəm verdiyini və bu məqsədə çatmaq üçün tədris prosesində ölkədə fəaliyyət göstərən transmilli şirkətlərlə əməkdaşlığın BANM-in fəaliyyətinin prioritetlərindən olduğunu vurğulayıb.

“Halliburton” şirkətinin Qərbi Xəzər regionu üzrə direktoru cənab Rəndi Gilçrist Azərbaycanda Bakı Ali Neft Məktəbi kimi müasir ali təhsil müəssisələrinin yaradılmasını yüksək qiymətləndirmiş, rəhbərlik etdiyi şirkətin ingilis dilində müasir proqramlar və texnologiyalar əsasında təhsil almış mütəxəssislərə böyük ehtiyacı olduğunu bildirmiş və imzalanacaq Razılaşma çərçivəsindəki tədbirlərin mütəxəssis hazırlığının keyfiyyətinə müsbət təsir göstərəcəyinə əmin olduğunu vurğulayıb.

Daha sonra rektor Elmar Qasımov və cənab Rend Gilçrist iki tərəf arasında “Əməkdaşlıq haqqında Razılaşma” imzalanıb.

İmzalanmış sənəddə BANM-in kitabxana-informasiya resurslarının zənginləşdirilməsi, şirkətin mütəxəssisləri tərəfindən tələbələrə mühazirələrin oxunması, tələbələrin şirkətdə istehsalat təcrübəsinin təşkili, BANM-in şəhərciyində müasir tədris laboratoriyalarının yaradılması, şirkətin mütəxəssislərinin müəllim kimi tədrisə cəlb olunması, tədris prosesinin proqram təminatı ilə təchiz edilməsi, istedadlı tələbələrə təqaüdlərin və mükafatların verilməsi, onlar üçün kursların təşkili və karyera imkanlarının yaradılması üzrə birgə tədbirləri həyata keçirmək nəzərdə tutulub.

Mərasimin sonunda cənab Rəndi Gilçristə Bakı Ali Neft Məktəbinin “Fəxri qonaq” diplomu təqdim edilib.