Ali Neft Məktəbinin “Gənc Mühəndislər Klubu”nun üzvləri ARDNŞ-də olublar

ali-neft-mektebinin-genc-muhendisler-klubunun-uzvleri-ardns-de-olublar
Oxunma sayı: 2635


Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Dənizdə İnsan Həyatının Mühafizəsi üzrə Təlim Mərkəzində klubun üzvləri süzgəclərlə, suyun isidilməsi qurğuları və dalğa yaradan simulyativ sistemlərlə təchiz edilmiş hovuzla, orada təlim-məşqlər zamanı insanların su üzərindən qaldırılmasını təmin etmək məqsədi ilə helikopter bucurqadı, helikopterin qəzaya uğrayaraq suya düşməsi zamanı insanların xilas edilməsi üsullarını məşq etmək üçün simulyativ helikopter trenajoru, tramplinlər, elektrik mühərriki və avarlarla təchiz olunmuş rezin qayıqlar, “Vikinq” tipli endirilən və suya atılan sallar ilə tanış olmuşlar. Təlim Mərkəzində əsasən fövqəladə hallar zamanı davranış qaydaları, xilasetmə vasitələrindən düzgün istifadə etmək vərdişləri, neftçilərə və dənizçilərə zədə almadan suya düzgün tullanma qaydaları öyrədilir. Dəniz neftçilərinin iş yerlərinə əsasən helikopterlər vasitəsilə çatdırıldığı nəzərə alınaraq uçuş vaxtı baş verə biləcək qəza halları zamanı helikopterlərin suya düşməsi anında insanların xilas olunması üsullarını məşq etmək daim diqqət mərkəzində saxlanılır. Şagirdlərə həm də treninqlər keçirilən poliqon və auditoriyalarda olmuş, onlara mühəndis-texniki işçilərin ARDNŞ-nin dəniz obyektlərində işinin xüsusiyyətləri haqqında məlumatlar verilib.

Qobustan Regional Təlim Mərkəzində klubun üzvləri neft sənayesi üçün ənənəvi sayılan “karotajçı”, “kimyəvi analiz laborantı”, “quraşdırıcı-çilingər”, “kran maşinisti”, “neft və qaz hasilatı üzrə operator”, “kompressor qurğusu maşinisti”, “Nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər”, “elektrik montyoru”, “təmirçi çilingər”, “texnoloji qurğuların operatoru”, “qazmaçı köməkçisi”, “elektrik qaz qaynaqçısı” peşələri üzrə təlim aparılan auditoriyalar, laboratoriyalar və emalatxanaların işi ilə tanış olub.

Mərkəzin təcrübəli müəllimləri və təlimatçıları şagirdlərə yuxarıda qeyd edilən peşələr üzrə müasir təlim texnologiyaları haqqında, müxtəlif istehsalat proseslərini manekenlər vasitəsilə simulyasiya edən maketlər və qurğular , bədbəxt hadisələr zamanı ilkin yardım qaydaları haqqında məlumatlar vermişdirlər. Şagirdlər mühəndis-texniki işçilərin iş şəraiti, təlim prosesinin gedişi və təlimi bitirənlərin gələcək fəaliyyəti ilə bağlı çoxsaylı suallar vermişlər. Klubun üzvləri trenajorlarda özlərini sınayaraq virtual prosesləri idarə etmişlər. Şagirdləri təlim mərkəzinə “Gənc Mühəndislər Klubu”nun İdarə heyətinin üzvləri: BANM-in Neft-qaz mühəndisliyi kafedrasının professoru Siyavuş Azakovun, həmin kafedranın dosenti Xanum Cəfərovanın və TTSİ-nin Beynəlxalq Əlaqələr Şöbəsinin rəisi Zaur Bəşirovun müşayiəti ilə səfər ediblər.

Bakı Ali Neft Məktəbinin “Gənc Mühəndislər Klubu” orta məktəblərin 7-11-ci sinif şagirdlərinə gələcəkdə mühəndis ixtisasları üzrə təhsil almaq üçün ixtisas seçimi istiqamətində biliklər vermək məqsədilə yaradılıb.