Ali təhsilin dözülməz alçaqlığı

ali-tehsilin-dozulmez-alcaqligi
Oxunma sayı: 862

Qan Turalı

Yurdu sarmış qabalıq, yaltaqlıq,

Yüksəliş varsa, səbəb alçaqlıq.

Huseyin Cavid

 

Hamımız deyirik:

“Xalq kitab oxumur”.

“Teatra getmir”.

“Təhsildən uzaq düşüb”.

“Dini cəhalətə yuvarlanır”.

Bütün bu sözlər o qədər deyilib ki...

Deyilə-deyilə də adiləşib, boyatlaşıb.

Halbuki gerçək bu deyil.

Daha doğrusu bu gerçəyin görünən və aldadıcı tərəfidir.

Problem dərindədir.

Axı bu ölkədə kitabın da, elmin də, sənətin də nüfuzu-hörməti qalmayıb.

Misal üçün elmdən başlayaq.

Əslinə baxsan bir dövlətə, xalqa şöhrət gətirən bir şeydir.

Azərbaycanda alimin maaşına baxsan...

Meyxanaçının on dəqiqədəki şabaş pulu da deyil.

Ya da incəsənət...

Əməkdar artistin maaşı 300 manata çatmır.

Kitab oxumağı götürək.

Nədir kitab? Bilikdir, maarifdir, savaddır.

Bütün bunların ölkəmizdəki dəyəri nədir?

Qərb ölkələrində təhsil nə qədər bahalı olsa belə insan təhsilinə qoyduğu böyük məbləği maaşı ilə bir neçə il ərzində çıxarda bilir. 

Bəs bizdə?

Təhsilinə, savadına görə insanın yaxşı bir vəzifəyə qoyulduğunu eşitmisinizmi?

İstisnaları nəzərə alsaq belə bu o qədər kiçik bir ehtimaldır ki.

Təhsilin savadın işə yaramadığı bir cəmiyyətdə insanları kitab oxumağa, təhsil almağa çağırmaq əslində onlara pislik etmək deyilmi?

Ondansa Aqil müəllim demişkən, beş lək soğan əkməyə çağırış etmək daha doğru deyilmi?

Problem də insanların təhsildən, kitabdan, sənətdən uzaq düşməsi yox, cəmiyyətin anormal şəkildə qurulmasıdır.

Fəxr etdiyimiz Lütfizadə Azərbaycanda qalsaydı kim olacaqdı ki?

Əlbəttə, bütün bunlar o demək deyil, ölkədə elmin, sənətin qiymətini bilən adam yoxdur.

Onlar idealistlərdir.

Onlar kasıb yaşayarlar, amma ürəklərinin istədikləri  işlə də məşğul olarlar.

Ölkədə yaxşı nə varsa əslində bu cür idealist insanların entuziazmı sayəsində mövcud olub.

İdealist insanların nisbəti daima 99-a 1 faizdir.

Elə bütün cəmiyyətlərdə bu nisbət belədir.

Sadəcə cəmiyyəti düzgün inkişaf relsinə salmaq üçün gərək ümumilikdə xalq bu prosesə cəlb oluna.

Əslində insanlarımızın təhsil üçün fədakarlıq etdiyi də gözümüzün qarşısındadır.

Bu insanlar boğazlarından kəsib uşaqlarını universitetə hazırlaşdırır, təhsil haqqlarını ödəyirlər.

Sonrası nədir?

Təhsil bu ölkədə xoşbəxt və firavan gələcək üçün sonuncu variantlardan biridir.

Bir çox hallarda regional mənsubiyyətin fərqlənmə diplomundan daha çox əhəmiyyət daşıdığı bir ölkədə yaşayırıq.

Bu gerçəyi hamı da çox gözəl anlayır.

Lakin buna baxmayaraq insanlar öz uşaqlarının təhsili uğrunda məhrumiyyətlərə də dözürlər. 

Problem bu insanlarda deyil. 

Problem cəmiyyətin bu cür təşkil olunmasındadır. 

Problem elmin, təhsilin, savada tələbatın olmağındadır. 

İnkişaf etmiş bütün ölkələrdə cəmiyyət meritokratik prinsip üzərində qurulub.

Yəni hər bir insanın öz savad və ləyaqətinə uyğun olduğu işdə çalışması prinsipi.

Bizə nə qədər uzaq bir sözdür: Meritokratiya.

Çoxumuz bu sözün heç mənasını bilmir.

Evdə bişməyib, qonşudan gəlməyib...