Allah ilə aldatmaq

allah-ile-aldatmaq
Oxunma sayı: 1706


Ötən il Türkiyənin tanınmış ilahiyyatçı alimlərindən biri olan Yaşar Nuru Öztürkün “Allah ilə aldatmaq” adlı kitabı səs-soraq yaratmışdı.

Kitab “Qurani-Kərim” üzərində təhriflərə yol verənləri, Allahın adından istifadə etməklə insanların dini duyğularını istismar edənləri pisləyir. Kitab həm də siyasi motiv daşıyır. Belə ki, əsrlərdir imperialist ölkələrin müsəlmanları müsəlmanlara düşmən etmək səylərini də ortaya qoyur. Allahla aldatmağın islam dinində böyük günah olduğu ayələrə dayanaraq sadalanır.

Məqsədim bu kitab haqqında rəy söyləmək deyil. Amma bu aralar ətrafımızda bizi Allahla aldadan insanlar da çoxalıb.

Yəqin ki, bu təkcə mənim təvəqqəm, gileyim deyil. Söhbət islam dininin təbliğatçısı, carçısı kimi özünü təqdim edən, həqiqətdə isə əməlləri ilə adamı mat qoyan şəxslərdən gedir. Başqa sözlə, belələri dindar yox, dini anlayışı dar çərçivədə olanlardır. Qəbul edirəm ki, islam dininin incəlikləri, müqəddəs Qurani Kərimin surələrinin sirrləri bu vaxta qədər tam açılmamış qalır. Ömrünü bu işə həsr edən ilahiyyatçı

alimlər həqiqətdən çox yozmalara varırlar. Bu barədə dinimizin dərinliyinə getmək haqqım yoxdur. Amma dərk etdiyim qədər, islam dini təmiz, əxlaqlı yaşam tərzi, nümunəvi insan , humanizm aşılayan, doğru yolun elə özü deməkdir. Ən əsas isə Allah xofunu dərk edərək pis əməldən çəkinməyə çalışmaqdır. Baxmayaraq ki, bir qisimi özünə sərf edən kimi yeni qaydalar kəşf edir, başqalarını da bu dini “əməllərə” tabe etdirməyə çalışırlar.

Bax elə götürək, islam dininin vacib ibadəti sayılan namazı. İnanın ki, adam var ki, namaz qılmağını hardasa reklam edir, hər fürsətdə belə edirəm, elə edirəm deyə-deyə özünü bir növ yaxşı insan olmağına inandırmağa çalışır. Belə halda başqalarına yuxarıdan aşağı baxır, elə bil biz günah dənizində üzürük, o isə tərtəmizdir. Ya eləsi var ki, namazı öyuncağa çevirib. Bu boyda məsuliyyətli, tədbirli əməli istədiyi, kefi gəldiyində yerinə yetirir. Soruşanda, bəhanələr gətirilir. Sözsüz, başqasının ibadəsinə söz demək özü də doğru iş deyil, amma belələrinin kor-koranə başqalarına da dərs deməsi adama pis təsir edir.

Ya başqa bir müşahidəm. Bu yaxında ayaqqabı mağazasına daxil olub satıcı hicablı xanımdan

məhsul haqqında söz soruşmaq istədim. Üçüncü sualı verəndə qadının sifətində elə kobud ifadə, cavabında soyuqluq sezdim ki, qorxdum əlavə nə isə deyim. Dəqiqləşdirdim ki, bu qadının bürünməyi qəlbini təmizləməyinə kifayət etməyib. Əslində böyük polemikalıq məsələ olan vəziyyətdə şəxsi münasibətim belədir. İslam dininin yolçusu olan nadir insan öz fərdi( pis hesab etdiyimiz xüsusiyyətləri) xüsusiyyətlərində yaxşı mənada dəyişiklik edə bilər. Yaxud, alverlə məşğul olan qadınların bir qismi başıörtüklü olması ilə alıcısında ehtiram, inam yaratmaq məqsədini güdür. Belələri ilə də bir neçə dəfə qarşılaşmışam. Hətta bir xanım özü belə olduğunu təsdiqləyib. Hansısa dini ibadətlə məşğul olmadığını heç bir dəfə də namaz qılmadığını, sadəcə gözdə “doğru yolda olan” imicini yaratmaq məqsədini boynuna alıb. Hicablı gənc qız əgər ictimai nəqliyyatda qarşısında ayqüstə dayanan hamilə xanıma qalxıb yer vermirsə, bu yerdə də adamı fikir götürür. Bu yerdə dini əqidəsinə böyük hörmətlə yanaşdığım layiqli hicablı xanımlardan üzr istəyirəm. Onlar da bu məsələdə mənimlə razılaşarlar. Yəni, hicablı olmaq, qadının geyimlə qapanması artıq onun üzərinə yeni

vəzifələr qoyur. Ətraf ondan daha doğru davranışını nümayiş etdirməyi gözləyir. Bu həkim xalatı ilə müqayisə oluna bilər, hər xalat geyinən həkim də layiqincə vəzifəsini yerinə yetirmir ki. Hər halda özünü parçayla bürüməklə başqalarında özü haqqında yüksək fikir yaradanlar, qondarma qadınları qınayıram. Restoranda işləyən xanım evinə gec saatda getdiyi üçün özünü qapalı geyimə salırsa burada da qəliz vəziyyət yaranır. Yenə islam dinindən süni-istifadə olunur. Bu yerdə yadıma bir qadın düşdü. İllər əvvəl Bakıda gənc rejissorların film festivalına getmişdim. Orada sənədli film qəhrəmanı(adından göründüyü kimi real) olan bir xanım vardı. İndiyədək xatırlayıram, hətta bu qadın orada müzakirə obyekti olmuşdu. Dini əməllərə riayət edən, namaz qılan, oruc tutan qadın hər axşam əxlaqsızlıqla məşğul olurdu. Qadından bu məsələni soruşanda demişdi ki, tutduğum iş üçün Allaha sığınıram, ibadət edirəm ki məni bağışlasın. Hələ o vaxtı fikirləşirdim ki, bu qadın günahının bağışlanması üçün ibadət edir, olmazmı ki, bu elə təmiz işlə məşğul olsun, axı əxlaqsızlıq etmək bu qədərmi vacibdir? Nə isə təəssüf ki, bu gün haram pullar qazananlar(bildiyimiz)

həmin pulla Həcc ziyarətinə getmək, qurbanlar kəsmək cəsarətini daşıyırlar. Günahları öz boynuna. Amma azmıdır ki elə şəxslər, özünə “hacı” titulunu qoyub mağazasında kütləvi içki satdırır, ya haramzadalıqla məşğul olur. Uzağa getmədən, islam dini əməlini yerinə yetirib övladına “kiçik toy” edirlər, sonra da araqsız süfrəyə oturmağı əskiklik bilirlər, ya da arağı su kimi içib özlərini itirirlər.

Mübarək Ramazan ayı yaxınlaşır. İndi yenə oruc tutmuş bəzi insanlar pis əməllərini davam etdirəcək, oruc tutmağa ancaq ac qalmaq kimi baxanlar düzəlməyəcək. Biri deyəcək “5-10 gün oruc tutacam”, biri deyəcək “mən elə oruc tutmuş kimiyəm, ac qalıram”, oruc tutmuş söyüşünü, kinini saxlaya bilməyəcək və s.

İslam dinində heç nəyə məcburiyyət yoxdur. Özünüzü “dindar” kimi yox, “dardinçi” kim göstərmək nəyə lazımdır? Dini gözdən salmaq, Allah adından çirkinliyə imza atmağın da, yəqin öz günahı var. İstədiyiniz qədər haramzadalıq, hiyləgərlik, fitnəkarlıq edin də, onsuzda ətrafda belələri kifayət qədərdir. Amma dini özünüzə alət etməyin, islama dəvəti bacarmırsınızsa, onun haqqında təssəvvür olmayanı da çəkindirməyin.