Allaha inananla inanmayanların mübahisəsi...

allaha-inananla-inanmayanlarin-mubahisesi
Oxunma sayı: 2929


Yaşayan məşhur ateistlərdən Riçard Doukins Stefan Hokinqlə söhbəti zamanı bir neçə sadə misal göstərib, S. Hovkinqdən soruşur : “Bəy, bu dediklərim Allahın olmadığının sübutu deyilmi?” Hovkinq isə cavab verir: “Riçard, sən niyə bu mövzuya ilişib qalmısan?”

Allaha inanan və inanmayan insanların mübahisəsi qədər sıxıcı başqa bir şey yoxdur. Bu mövzuda müzakirə açılan kimi çalışıram mövzunu dəyişəm. “Allah varmı yoxsa bütün dini inanışlar insan beynininmi məhsuludur” kimi inancın kökünü hədəf alan müzakirələr xüsusilə dözülməz olur. Çünki nə ateist, nə də inanclı insan ortaya konkret bir sübut qoya bilmir, qoya bilməz də. Çünki insanlar, düşüncələr, həyata baxışımız müxtəlif olduğu üçün Quranı və ya digər dini kitabları insanlar özünə uyğun olaraq anlayıb, öz anladığı qədərini də izah edə bilər. Elmə əsaslanan, yəni dünyanı və həyatı sadəcə elmi nəzəriyyələrlə, faktlarla izah etməyi seçən insanlar isə daima yeniliyə açıq olmalıdırlar, yəni kəşf olunan, inanılan bütün elmi nəaliyyətlər bir gün önəmini itirə bilər. Bir gün Allahı da kəşf edə bilərlər. İnsanın inancla bağlı seçim etməsi üçün əslində heç elmə, ya da hər hansı dinə mənsub olmağına ya da elmə arxalanmağına da ehtiyac yoxdur. Sadəcə olaraq “inanıram, inanmaq istəyirəm” və ya “inanmıram” deyə bilər.

Hər bir insan şübhə etməkdə sərbəstdir. Hər kəsin öz seçimi, həyat tərzi və inandığı şeylər var. Bəli bunu müzakirə edə bilərsən, inanmaya bilərsən amma nəticədə bu hər fərdin öz seçimi və inanışıdır. Əgər mən həm Allaha həm təkamül nəzəriyyəsinə inanıramsa bundan kimə nə? Bu niyə müzakirə mövzusu olmalıdır? Nə üçün insanlar öz inanclarında haqlı olduqlarını kiməsə isbat etməyə çalışırlar?

Özünü dindar adlandıran “bir qisim” insanın toplumun həyatına müdaxilə etmək, insanların həyat tərzinə “burnunu soxmaq” cəhdləri çoxlarını, o cümlədən məni də narahat edir. Şəriatçıları, yəni şəriat dövləti qurulmağını istəyən insanları ümumiyyətlə anlamıram. Məqsədləri nədir? Cənnətə daha çox insanın getməsinə nail olmaq? Niyə öz ibadətləri məşğul olmurlar? O cümlədən dindar insanları aşağılayan insanların da tolerantlıqdan danışmağa haqqı yoxdur.

Bizim ölkədə bir-iki dua əzbərləyən və ya əksinə ateizmlə bağlı bir-iki kitab oxuyan insanlar öyrəndikləri yetərsiz məlumatlarla fanatikə çevrilirlər. Ona görə də qarşılıqlı olaraq oturub hər hansı mövzuda müzakirə apara bilmirlər, bir-birilərinə dözə bilmirlər. Biraz cəhd etsələr görəcəklər ki, oxuyub öyrəniləsi, kəşf olunası hələ çox şey var. Bizə uzaq, fərqli görünən insanlar əslində bir o qədər də bizə oxşayırlar. Həll olunmayacaq kimi görünən bir çox problemin həlli də əslində olduqca sadədir. Ümumiyyətlə, həyatın özü o qədər mürəkkəb bir proses deyil, sadəcə problemlərə və hadisələr baxış tərzimiz, yüklədiyimiz mənalar onları çətinləşdirir, önəmli kimi göstərir.

Evimizin yaxınlığında bir idman mağazası var. Mağazanı işlədən Vasif adlı bir vəhhabi gəncdir. (O özünə Sələfi deyir, mən onu vəhhabi deyə çağırıram). Bir gün mənə kobud, çirkin görünən uzun saqqalına aldanmayıb onunla söhbət etməyə cəhd etdim. Məqsədim kənardan narahatlıqla seyr etdiyim bu insanlardan heç olmasa biriylə oturub söhbət etmək, dərdlərinin nə olduğunu anlamaq idi. Söhbətimiz alındı... Evdə darıxanda arada bir yanına çay içməyə gedirəm. Futboldan, kitablardan, dindən, filmlərdən, bəzən də qızlardan, azad seksdən filan danışırıq. Düşüncələrimiz, həyat tərzimiz fərqlidir amma bir-birimizi dinləməyi bacarırıq. Fərqli həyat tərzimiz birlikdə çay içməyimizə maneçilik törətmir. Cəfər Cabbarlı, Corc Orvel, Viktor Huqo kimi müxtəlif yazarların əsərləri ilə də tanışdır. Əgər onunla oturub çay içməsəydim bunlardan necə xəbərim ola bilərdi?

Vasifin oxuculara çatdırmağımı istədiyi bir fikri var. Oturub ciddi-ciddi bu fikrini müzakirə edirik. O buna nəzəriyyə deyir. Onun dilindən;

Qarpız -xiyar və kişilərin cılızlaşması

“Anam məni qarpız almağa göndərəndə iki-üç qarpız alar və uşaq yaşımda o qarpızları köməksiz evə qədər daşıyardım. Qapıda anam məni qarşılayıb, “evin kişisi gəldi” deyərdi. İndi isə o qədər qarpız yemirik, ona görə də mən qarpız daşımalı olmuram və nəticədə anam qapıdan içəri girəndə “evin kişisi gəldi” demir. Lap deyək ki, yenə iki-üç qarpızı qoltuğuma basıb gətirdim evə. İndiki qarpızlar da qarpız deyil axı. Onlar da insanlar kimi dərmanlı, hormonludurlar. Problem qarpızlardadımı yoxsa bizdə, tam əmin deyiləm amma qarpızla kişiliyin əlaqəli olduğunu düşünürəm...İndiki xiyarlar da cılızlaşıb, cılız olmayanlar isə dərmanlıdır. Bu sənə nəyisə xatırlatmadı ki ? İndiki oğlanlara fikir ver. Hamısı cılızdı. Deyirsən indi bunların qarpızın az yeyilməsi və xiyarın cılızlaşması ilə əlaqəsi yoxdur? Nə qədər ki qarpız yeməyəcəyik, xiyarlar da o qədər cılızlaşacaq.”

Müzakirəyə açıq mövzudur.