Allaha inanıb, orucu tutmayan - - Deputatlar

allaha-inanib-orucu-tutmayan-
Oxunma sayı: 3316


İyun ayının 28-i orucluğun niyyət gecəsidir. Maraqlıdır, müxtəlif qanunlar qəbul edib müzakirələr aparan millət vəkilləri oruc tutacaqlarmı? “Qafqazinfo” xəbər verir ki, modern.az saytı deputatlar arasında sorğu keçirib:

“Orucluq” ayından söhbət düşəndə soyadı köməyinə gələn Zahid Oruc birmənalı olaraq soyadının hesabına vəziyyətdən çıxa bildiyini deyir. “Hər zaman obrazlı şəkildə deyirəm ki, mən il boyu “oruc”am. Həqiqətən də müsəlman aləmi üçün böyük məna kəsb edən 11 ayın sultanı kimi “Ramazan” ayı özünün kifayət qədər mənası, dəyərlərilə insanların həyatına daxil olur. Oruc tutan insanların əməllərinə də hər zaman ehtiramla yanaşıram.

Ümumiyyətlə, çevrəmdə oruc tutan insanlar çox olub, lakin özüm sırf işlərimin gedişilə bağlı tuta bilməmişəm. Lakin görünür ki, hər zaman soyadım hesabına özümü müdafiə edə bilmərəm. Bilirəm ki, bunu gerçəkdən də həyata keçirməliyəm.

Oruc tutmanın başlıca mənası sadəcə aclıq, cana qəsd etmək, özünü yeməklə imtahana çəkmək deyil, sözün həqiqi mənasında aclığı, yoxsulluğu, kasıbı duymaq, onu başa düşmək, çətini bacarmaq, humanist dəyərləri gücləndirməkdir ki, bu islam aləmi üçün böyük birləşdirici əhəmiyyətə malikdir.

Təəssüf ki, 28 iyun tarixindən Bakıda deyil, xarici səfərdə olacam. Bu mənada həmin günlərdə oruc da tuta bilməyəcəm. Amma özü üçün səbirsizliklə bu günü gözləyən, oruc tutan, oruc süfrələri açan insanların hər birinə xeyir-dua verirəm. Allah ibadətinizi qəbul etsin”.

Musa Quliyev bildirir ki,heç vaxt oruc tutmayıb. “Mən oruc tutmuram, namaz da qılmıram. Amma Allaha inanıram”.

Bəxtiyar Sadıqov oruc tutanlar sırasındadır. “1993-cü ildə Kərbəla ziyarətində olmuşam, 2002-ci ildə Allah mənə Həcc ziyarəti qismət edib. O vaxtdan içkini tərgitmişəm. Fikirləşdim ki, Allah mənə o ziyarəti qismət etdi, mən daha içmiyəcəm. 1997-ci ildən indiyə qədər də oruc tuturam. Şükürlər olsun ki, heç vaxt oruclarım qəzaya qalmayıb. Allah buna imkan yaradıb. Səhhətim yerində olub ki, orucumu tuta bilmişəm. Nə qədər də səhhətim imkan verəcək, o qədər də oruc tutacam İnşallah”.

Jalə Əliyeva dinə bağlı olsa da, bütün dini tələbləri icra etmək iqtidarında olmadığını dedi: “Dinə bağlıyam, amma bu o demək deyil ki, dinin bütün tələblərinə tam əməl edirəm. Yox, belə desəm düz çıxmaz. Hər zaman demişəm ki, bir insanın dini, imanı, Allah sevgisi, qorxusu hamısı öz içində və əməllərində olmalıdır. Allaha ən böyük ibadətimiz də düzgünlük, yaradan və insanlar qarşısında da doğru-dürüst olmaqdan, kiminsə haqqını yeməməkdən ibarətdir. Qaldı ki, yaxınlaşmaqda olan müqəddəs Ramazan ayında oruc tutmağa, imkan olduqca çalışıram ki, tutum. Əgər səhhətim, şərait imkan versə, bunu özümü zorlamadan edə biləcəmsə, çalışıram ki, buna riayət edim. Düşünürəm ki, müqəddəslərimiz bir çox adətləri bizə miras qoyub gedərkən hər şeyi düşünüblər. Birinci növbədə orucu insanın sağlamlığına qovuşmasının bir yolu kimi düşünüblər. Bu yol həm daxilən, həm də sağlamlıq baxımından təmizlənmək üçün ən yaxşı vasitədir. Bütün günlərdə olmasa da imkan daxilində çalışıram ki, oruc tutum”.

Fəzail Ağamalının dediyinə görə, ümumiyyətlə, heç vaxt oruc tutmur.

Musa Qasımlı hesab edir ki, Azərbaycanda hər bir vətəndaşın dini inancını icra etməsi üçün şərait var. “Azərbaycan Konstitutsiyası, dövlətmiz buna təminat verir. Hesab edirəm ki, oruc tutmaq və ya tutmamaq hər kəsin şəxsi işidir. Buna baxmayaraq deyirəm ki, mən hər il olduğu kimi bu il də qismət olarsa, İnşallah oruc tutacam. Bu,  düşünürəm ki, hər bir fərdin uca yaradanla münasibəti məsələsidir və hesab edirəm ki, oruc tutmaq insanı saflaşdırır, daha da mərhəmətli edir. Allah orucunuzu qəbul etsin”.

Rövşən Rzayev oruc tutmasa da Allaha inanır. “Mən Allaha inanıram. Oruc tutmasam da, Allah mənim qəlbimdədir. Hesab edirəm ki, Azərbaycan dünyəvi dövlətdir. Hər kəsin din azadlığı var. Mənim üçün əsas odur ki, işini düz tutasan, Allaha inanasan”.

21ildir oruc tutan Fazil Qəzənfəroğlu oruclarının heç vaxt qəzaya qalmadığına sevinir. “Hardasa 21 ildir ki, oruc tuturam. Heç vaxt da qəzaya saxlamıram. Şükürlər olsun ki, oruc tutduğum müddətdə də heç narahatlığım olmur. İbadətin gərəyi olduğu üçün bütün hallarda oruc tuturam. Bunu Allahın buyurduğu dini borc kimi yerinə yetirirəm. Düşünürəm ki, orucu kənara qoymaq olmaz”.

Flora Qasımova bildirib ki, oruc tutmayıb: “Amma Allahı həmişə başımın üstündə görən, ona inanan adamam, ürəyim Allahladır. Tutanlara Allah qəbul etsin deyirəm”.

Hadi Rəcəbli dinə bağlılığının nəsillərdən ona ötürüldüyünü deyir. “Bizim ailəmiz dini inanclara bağlıdır. Mən Lənkəranda Kəblə Yunus Bəylərovun ailəsində dünyaya gəlmişəm. Anam Firuzə xanım ali təhsilli müəllimə olsa da, dini adət-ənənələrimiz hər zaman yüksək tutub, başımızın üstündə həmişə quran olub. Hələ kommunist dönəmində bir neçə məscid təmir etdirmişəm. Mən kommunist partiyasının 1-ci katibi ola-ola iftar süfrəsi vermişəm, hansı ki, həmin vaxtda buna görə adamı güllələyirdilər. İndi də Lənkəranda iftar süfrələri verirəm. Hansı gün ki, iftar verirəm, çalışıram ki, mən də həmin süfrəyə oruc tutuanlar kimi gəlim. Bütün ayı oruc tutuduğum vaxtlar da olub, amma son zamanlar səhhətim imkna vermir. Yoldaşım, qızlarım kürəkənlərim oruc tutur, amma təəssüf ki, oğlanlarım tutmur. Səhhətim inkan versə heç olmasa 3 gün oruc tutacam”.

Aqil Abbas bildirir ki, ömründə 1-2 dəfə oruc tutsa də, ümumilikdə oruc tutanlardan deyil. “Mənim Allaha, peyğəmbərimə inanıram, amma oruc tutmuram. Oruc tutmaq Allaha olan sevgini ifadə etmir. Oruc tutuan insanlar tanıyıram ki, ağaca bağlayıb döymək lazımdır. Oruc tutmuram, çünki, marağım yoxdur. Düşünürəm ki, bunun dinlə əlaqəsi də yoxdur”.