Almaniya azərbaycanlıları bir araya gəlib

Almaniya azərbaycanlıları bir araya gəlib
Oxunma sayı: 621

Berlində Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının geniş iclası keçirilib. 

“Qafqazinfo”nun məlumatına görə, iclasda Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun başçılıq etdiyi nümayəndə heyəti də iştirak edib.

Komitə sədri diaspor siyasətinin prioritet istiqamətləri barədə danışıb və son bir ildə görülən işlərlə bağlı məlumat verib. Diaspor siyasətinin mühüm məqamlarını əks etdirən videoçarx nümayiş olunub. 

Daha sonra  Koordinasiya Şurasının hesabatı dinlənilib və Şuranın İdarə heyətinin sədri Yaşar Musayev görülən işlər barədə danışıb, Şuranın gələcək planlarını diqqətə çatdırıb.

Dövlət başçısının sərəncamı ilə yaradılan və artıq fəaliyyətə başlayan Azərbaycan Diasporuna Dəstək Fondunun təqdimatı keçirilib. İcraçı direktor Elşad Əliyev fondun fəaliyyət istiqamətləri barədə danışıb.

Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktorunun müavini Aytən Əliyeva tədbir iştirakçılarını bu il Şamaxı şəhərində keçirilməsi nəzərdə tutulan “Nəsimi 650” Diaspor Gənclərinin II Yay Düşərgəsinin mahiyyəti və şərtləri barədə məlumatlandırıb.

Toplantıda eyni zamanda Niderland, Belçika, Fransa, Skandinaviya ölkələri üzrə Koordinasiya Şuralarının əlaqələndiriciləri, o cümlədən Mayisə Gündoğdu, Toğrul Zeynallı, Ülviyyə Cabbarova da iştirak və çıxış ediblər. Avropada yaşayan azərbaycanlı alimlər Cavid Səfərov, Rasim Mirzəyev, Asif Məsimov, Avstriyada  fəaliyyət göstərən diaspor təşkilatının  rəhbəri və karate üzrə dünya çempionu Fərid Əzizov, bəstəkar və pianoçu Abuzər Manafzadə, Avropada  şöhrət qazanmış azərbaycanlı  rəssam Əşrəf Heybətov Berlində keçirilən müzakirələrin iştirakçısı olub. 

Müzakirələrdə gənclər fəallıq nümayiş etdirib. Almaniyadakı Azərbaycan diasporunun təmsilçilərinin yeni və müasir imkanlara söykənərək diaspor hərəkatının keyfiyyətcə yeni müstəviyə qaldırılması, onlayn müzakirə platformalarının təşkili və s. barədə  təklifləri maraqla qarşılanıb.





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi