Almaniya səfirliyi etirazlara cavab verdi

almaniya-sefirliyi-etirazlara-cavab-verdi-
Oxunma sayı: 669

Almaniyanın Azərbaycandakı səfirliyi bu ölkənin xarici işlər naziri Gido Vestervellenin Azərbaycana səfəri zanmanı müxalifətlə görüşünə parlamentdə etiraz bildirilməsinə reaksiya verib.

Səfirliyin mətbuat katibi Aytəkin Məhərrəmova gunxeber.com-a açıqlamasında parlamentdə baş verənlərdən xəbərdar olduğunu deyib: “Biz bu məsələdən xəbərdarıq. Onu deyə bilərəm ki, cənab Gido Vestervellenin Bakıda vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüş keçirəcəyi barədə əvvəlcədən Azərbaycana rəsmi məlumat verilmişdi. Bu görüşlər Almaniya Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycanla razılaşdırılmışdı. Buna görə də parlamenrdə belə etirazların səsləndirilməsinə əsas görmürük”.
A.Məhərrəmova bildirib ki, baş verənlərlə bağlı Almaniyanın Xarici İşlər Nazirliyi məlumatlıdır: “Amma biz səfirlik olaraq Almaniya Xarici İşlər Nazirliyinin adından mövqe bildirə bilmərik”.

Xatırladaq ki, parlamentin martın 16-da keçirilən iclasında Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı G.Vestervellenin müxalifətlə görüşünə belə münasibət bildirmişdi:
“Mən soruşmaq istəyirəm ki, əgər Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov gedib Almaniyada desturuktiv qüvvələrlə Almaniyanın taleyini, daxili vəziyyətini müzakirə etsə, görək bunu necə qarşılayarlar? Yaxşı, siz gəlmisiz… Əvvəla beynəlxalq təşkilat tərəfindən mandatınız yoxdur. Siz Avropa Şurasının, BMT-nin, ATƏT-in təmsilçisi deyilsiniz, siz Azərbaycan kimi başqa bir ölkənin xarici işlər nazirisiniz. Gəlmisiniz bura, elə adamlarla, partiyalarla qapalı görüşlər keçirirsiniz ki, onlar ümumiyyətlə Azərbaycan haqqında dosyelər verirlər. Onlarda milli təəssüb hissi deyilən şey yoxdur. Daha çox tənqid elə, daha çox qərəzli yanaş, daha çox qonorar qazan prinsipi ilə fəaliyyət göstərirlər. Elə adamlarla görüşürlər ki, onlarda milli təəssübkeşlik hissi yoxdur. Biz buna qarşı ciddi şəkildə sözümüzü deməliyik, müqavimət göstərməliyik”.

Spiker Oqtay Əsədovun Fəzail Ağamalıya cavabı belə olmuşdu: “Sizin fikirlərə şərh vermək istəmirdim. Amma ikinci dəfədir ki, Gürcüstan prezidenti Mixail Saakaşvilinin Milli Məclisdəki çıxışına münasibət bildirirsiz. Belə çıxır ki, Milli Məclis özü buna şərait yaradıb və Milli Məclisin fikrini ifadə edib. Mixail Saakaşvili müstəqil dövlətin prezidentidir. Bura rəsmi səfərə gəlib, Milli Məclisdə çıxış etmək istəyib, bunu qadağan etmək olmaz, çünki rəsmi səfərdir. O yalnız öz fikirlərini ifadə edib. Bunun nə Azərbaycana, nə də ki Azərbaycanın siyasətinə aidiyyəti yoxdur. Bunu hər dəfə deməyi artıq hesab edirəm.
Almaniya xarici işlər nazirinin səfərinə gəlincə, o Azərbaycana rəsmi səfərə gəlib. Bu da onun səviyyəsidir. Çünki bizim bəzi səviyyəsizlər buna imkan yaradırlar ki, belə görüşlər keçirilsin. Əgər Elmar Məmmədyarov Almaniyaya getsə, orada bizdəki kimi destruktiv qüvvələr olmayacaq ki, orda ona belə şərait yaratsınlar. Bunun da səbəbini dəfələrlə demişik – bizim millətin yaddaşından böyük qardaş Moskva xofu çıxmayıb. Hər kəs kənarda bir qüvvə axtarır ki, ona müraciət etsin. Bunu belə şişirtməyə, onu reklam etməyə ehtiyac yoxdur”.