Almaniyada Azərbaycan mitinqi

almaniyada-azerbaycan-mitinqi
Oxunma sayı: 882


“Qafqazinfo” xəbər verir ki, mitinqə müxtəlif Avropa ölkələrindən gəlmiş insanlar, o cümlədən Köln- Dayanışma Azərbaycan Dərnəyinin Ufuk Kamal, Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi, Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Naiba Hacıyeva Köln Ülkü Ocaqları, Atatürkçü Düşüncə Dərnəyinin, müxtəlif diaspor fəalları, həmçinin almanlar dəstək veriblər.

Səsgücləndirici ilə Xocalı soyqırımı və Qarabağla bağlı alman dilində məlumat verilib, çıxışlar dinlənilib. Almaniya vətəndaşları və müxtəlif ölkələrdən olan turistlər mitinqi maraqla qarşılayıblar. Onlara Xocalı soyqırımı ilə bağlı broşürlər paylanılıb. Xüsusilə, gənclərimiz ayrı ayrılıqda turistlərə Xocalı soyqırımı və Qarabağ məsələsi ilə haqqında məlumat veriblər. Alman polisinin verdiyi xəbərə görə, mitinqdə 500-dən yuxarı insan iştirak edib.

Daha sonra isə tədbir çıxışlarla davam etdirilib. Tədbiri Alman Azərbaycan Mədəniyyət Evinin rəhbəri Altay Rüstəmli Azərbaycan himni ilə açıq elan etdi. Xocalıda baş verən cinayətlərin heç zaman unudulmayacağını bildirdi. İlk öncə çıxış edən Alman-Azərbaycan Mədəniyyət Evinin icraçı direktoru Rəşad Xasayoğlu Xocalı soyqırımı ilə bağlı məlumat verib. Sonra sözü Soyqırım Həqiqətlərini Tanıtma İctimai Birliyinin sədri Ceyhun Ələkbərova verib.

Ceyhun Ələkbərov bildirib ki, 1992-ci il fevral ayının 25-dən 26-sına keçən gecə, erməni silahlaı dəstələri Xocalı şəhəri üzərinə hücum edərək şəhəri yerlə yeksan edib, insanları kütləvi şəkildə qətlə yetiriblər. Bn bu vəhşilikəri yaşayan  və görən bir insan kimi, o hadisələri sizlərin təsəvvüründə canlandırmaq mənim üçün çox çətindir. Xocalının işğaldan sonra sağ qalan insanlar qırğından canlarını qurtarmaq üçün müxtəlif istiqamətlərə hərəkət etdilər. Bu da 1948-ci il Cenevrə Konvensiyasının GENOSİD aktının müddəalarına  görə, bir soyqırım aktıdır. Hadisənin üzərindən 22 il keçməsinə baxmayaraq, bu qətliam hələ də dünya birliyi tərəfindən layiqincə, qiymətləndirilməyib və icraçılar cəzalandırılmayıblar”. C.Ələkbərov “biz Xocalıların tək istəyi dünyanın bu hadisəyə duyarsız qalmaması bu qətliamı bir türkün və müsəlmanın qətliamı kimi deyil, insanlığın məhv edilməsi kimi dəyərləndirməsidir”,- deyə əlavə edib: “Onu da bildirim ki, dövlətimizin bu istiqamətdə, ümumiyyətlə ümummilli məsələlərlə bağlı sistemli şəkildə gördüyü işlər effektiv nəticəsini verməkdədir. Bu məsələlərdə diaspor təşkilatlarımızın gördüyü işlər danılmazdır. Bu da yaxın gəəcəkdə Xocalı soyqırımını dünya birliyi tərəfindən soyqırım aktı kimi tanınmasına təkan verəcək. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”.

Sonra çıxış edən Dünya Azərbacanlıları Əlaqələndirmə Şurasının üzvü, Dünya Azərbaycanlıları Konqresinin idarə heyətinin üzvü Səftər Rəhimli bildirib ki, ikiyə bölünmüş Azərbaycan daim erməni terroru ilə üz-üzə qalıb. Onun sözlərinə görə, ermənilər həm Güney Azərbaycanda, həm də Quzey Azərbaycanda dəfələrlə Azərbaycan türklərinə qarşı soyqırım törədiblər: “Bu soyqırım aktlarının ən dəhşətlisi Xocalı qətliamıdır. Burada yaşayan türklər mövqelərindən, düşüncələrindən asılı olmayaraq, ümummilli məsələlərlə bağlı həmrəylik nümayiş etdirməli, bir olmalıdırlar. Xocalı soyqırımı ilə bağlı mühüm işlər görülür. Bu tədbir də həmin işlərin tərkib hissəsidir və belə tədbirlər sistemli şəkildə davam etdirilməlidir”,-deyə çıxışçı qeyd edib.

Mitinqin sonunda Kölndə yaşayan tarzən Vahid Vəliyevin ifasında “Bayatı-Şiraz” muğamı səsləndirilib.