Altı nəfərlik oğru dəstəsi tutuldu - Foto

alti-neferlik-ogru-destesi-tutuldu
Oxunma sayı: 1554

Xaçmaz rayon ərazisində yerləşən fərdi yaşayış evlərindən, kafe və restoranlardan silsilə oğurluqlar edən altı nəfərdən ibarət oğru dəstəsi saxlanılıb. 

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, Xaçmaz RPŞ-nin keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətləri törətməkdə şübhəli bilinən Xaçmaz rayon sakinləri Mirbaba Ağayev, Zöhrab Şıxıyev, Zaur Mustafayev, Tərxan Məmmədov, Əmrah Zülfüqarov və əvvəllər məhkum olunmuş Allahverdi Sadıxov tutulub.

Dindirilmə zamanı həmin şəxslər törətdikləri oğurluq hadisələrini etiraf ediblər. Dəstə üzvləri ondan çox evə, eləcə də gecə vaxtı bağlı olan kafe və restoranlara qanunsuz daxil olaraq, oradan pul, xalçalar, televizorlar, paltaryuyan, təsərrüfat malları və digər məişətdə istifadə olunan avadanlıqları oğurlayıblar. Oğurladıqları qənimətləri Əmrah Zülfüqarova məxsus nəqliyyat vasitəsi ilə hadisə yerindən aparan dəstə üzvləri, həmin əşyaların bir qismini dəyərindən ucuz qiymətə satıblar. Satışdan əldə olunan pullar isə dəstə üzvləri arasında bölünüb.

Oğurluq yolu ilə əldə edilmiş əşyaların xeyli hissəsi isə polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.