Altıağacda atmosfer havasında cirkləndricilər təyin ediləcək

altiagacda-atmosfer-havasinda-cirklendriciler-teyin-edilecek-
Oxunma sayı: 657

Bu ilin fevral ayından Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Norveç Hava Tədqiqatları İnstitutu nəzdində fəaliyyət göstərən Kimya Koordinasiya Mərkəzi tərəfindən Altıağac Milli Parkı ərazisində quraşdırılan atmosfer havasında transsərhəd çirkləndiriciləri təyin edən 1-ci səviyyəli atmosfer havasının fon monitorinqi stansiyası (EMEP) fəaliyyətə başlayıb.

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Almaniyanın “Abacus Analytical Systems GmbH” şirkətinin istehsalı olan xromotoqraf sistemi, avadanlıqlar və cihazlar Lüksemburq Hersoqluğundan alınıb. Həmin cihazlar vasitəsilə kationların, anionların, qaz halında çirkləndiricilərin təyin edilməsi nəzərdə tutulub.

Sözügedən stansiyadan əldə edilən məlumatlar əsasında iqlim dəyişmələri, çirkləndiricilərin transsərhəd daşınmasının dinamikası, atmosfer havasının çirkləndirilməsinin ətraf mühitə, insan sağlamlığına təsiri müəyyən ediləcək, həmçinin elmi-praktik proseslər tədqiq olunacaq, proqnozlar veriləcək və əldə olunan nəticələrlə bağlı Konvensiyanın aidiyyatı tədqiqatlar mərkəzi ilə mütəmadi mübadilələr aparılacaq.

Bu məqsədlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Çirklənməsinin Monitorinqi Mərkəzinin Spektrometriya və Xromatoqrafiya Laboratoriyası müvafiq kimyəvi standartlar və reaktivlərlə təmin edilib. Mərkəzdə quraşdırılmış DİONEX İCS-1100 ion xromotoqrafik sisteminin işə salınması, stansiyaya göndəriləcək filtrlərin hazırlanması, nümunələrin kimyəvi emalı, standart və məhlulların hazırlanması, cihazda müxtəlif texniki prosedurların yerinə yetirilməsi ilə əlaqədar laboratoriyanın mütəxəssisləri ilə təlimlər keçirilib.

Stansiya Respublika ərazisində mövcud atmosfer havasının çirklənməsinin monitorinqi sisteminə daxil edilib.


Nigar Məmmədli