“AMAY Abdulla”ya qarşı qaldırılan iddiaya baxılmadı

amay-abdullaya-qarsi-qaldirilan-iddiaya-baxilmadi
Oxunma sayı: 1719

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bir mənzili bir neçə şəxsə satmaqla dələduzluq etməkdə təqsirləndirilən "Xudafərin" MMC-nin vəzifəli şəxsləri - Ramiz Quluzadə, Nicat Məmmədov, Cavid Qurbanov və Emin Gülün məhkəməsi keçirilib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə zərərçəkmişlər mülki iddia qaldırıraraq adıçəkilən şəxslərin onlara dəyən ziyanı ödəməsini istəyiblər. İddia məhkəmə icraatına qəbul edilib.

Eyni zamanda, zərərçəkmişlərdən biri həm də “Amay Abdulla”ya qarşı iddia qaldıraraq onun da prosesə cəlb edilməsi və ziyanın ödənilməsi üçün ondan pul tutulmasını istəyib. Hakim bildirib ki, A.Abdullayev bu işdə təqsirləndirilən şəxs olmadığı üçün onun barəsində iddiaya baxıla bilməz.

Daha sonra azadlıqda olan təqsirləndirilən şəxslərin həbs edilməsi üçün verilən vəsatət də təmin edilməyib.

Proses mayın 11-də davam etdiriləcək. 

İttihama görə, 47 nəfər zərərçəkmiş var. Təqsirləndirilən şəxslər ümumilikdə 2 milyon manat dəyərində dələduzluq etməkdə təqsirli bilinirlər.

Qeyd edək ki, "Xudafərin" MMC-yə "AMAY Abdulla" ləqəbi ilə tanınan Abdulla Abdullayev rəhbərlik edib. 

Murad Əhməd