Amerikalılar kosmosda təbii sərvət axtarır

amerikalilar-kosmosda-tebii-servet-axtarir
Oxunma sayı: 643

“Azerimuslims.com” Türkiyə mətbuatına istinadən bildirir ki, ABŞ-ın “Planetary Resources” şirkəti yaxın on il ərzində kosmosun “yeraltı” sərvətlərini çıxararaq, Yerə gətirmək niyyətində olduğunu açıqlayıb.

“Google” axtarış sisteminin qurucuları Larri Peyc və Erik Şmidt, eləcə də tanınmış kinorejissor Ceyms Kameronun da dəstəklədiyi layihənin ABŞ-ın Sietl şəhərində keçirilən təqdimat mərasimində şirkətin qurucu üzvü Piter Diamandis kosmosun təbii sərvətlərlə zəngin olduğunu və bu sərvəti bəşəriyyətin istifadəsinə təqdim etmək istədiklərini deyib. Diamandis bu planın tarixin ən böyük iqtisadi fürsətlərindən olduğunu qeyd edib.

Təqdimat mərasimində çıxış edən şirkətin digər qurucu üzvü Erik Anderson günəş sistemini ticarət sahəsinə daxil etdiklərini deyib. Layihənin həyata keçirilməsi ilə yeni bir sənaye sahəsinin yaranacağını bildirən Anderson uğur qazanacaqları təqdirdə bir çox firmanın yaranacağına inandıqlarını qeyd edib.

Anderson hazırda asteroidlərin mənbələrinin kəşf edilməsi üçün cihazın hazırlaması, eləcə də xüsusi kosmik teleskopun kəşfi və tədqiqat üçün kosmosa göndərilməsi işinin davam etdiyini vurğulayıb. Sözügedən teleskopun köməyi ilə hansı asteroidlərdən təbii sərvət əldə etmənin mümkünlüyünü öyrənəcəklərini deyən şirkət rəhbəri daha sonra sözügedən göy cisimlərinə robotlar göndərilərək, oradan çıxaracaqları təbii sərvəti dünyaya gətirəcəklərini iddia edib. Habelə Anderson kosmosdakı ən qiymətli təbii sərvətin su olduğunu güman etdiklərini bildirib.

Məlumat üçün deyək ki, “Planetary Resources” şirkəti 2009-cu ildə Piter Diamandis və Erik Anderson tərəfindən yaradılıb.