AMİP-çı cəbhəçi oldu

amip-ci-cebheci-oldu
Oxunma sayı: 647

Bir müddət əvvəl AMIP-dən istefa vermiş keçmiş siyasi məhbus, hüquq mudafiəçisi Musa Rahim AXCP-yə üzvlüklə bağlı müraciət edib. Xatırladaq ki, M.Rahim öz yaşadığı evin damında hakimiyyətin apardığı siyasətə etiraz əlaməti olaraq yazdığı şüarlara görə həbs olunmuşdu. M.Rahimlə yanaşı 13 nəfər İmişli sakini də AXCP-yə üzvlük üçün müraciət edib.

Dünən AXCP-nin müvafiq strukturlarına ərizə ilə müraciət edən bu şəxslər ölkədə demokratiya uğrunda gedən mübarizəyə öz töhvələrini vermək niyyətindədirlər.

M.Rahim «Azadlıq» qəzetinə açıqlamasında bildirdi ki, onun bu addımı atmasına səbəb hazırda AXCP-ni rejimə qarşı mübarizə aparan əsas müxalifət təşkilatı kimi görməsidir: «AXCP-nin keçdiyi şərəfli yol, hakimiyyətlə mübarizədə prinsipial və ardıcıl olması hamıya bəllidir. İqtidarın yürütdüyü çirkin siyasət AXCP və onun lideri Əli Kərimlini xalqın gözündən sala bilməz. Əksinə bu siyasət bumeranq effekti verərək hakimiyyətin özü üçün ciddi fəsadlar yaradacaq. Xalqın hüquqlarının bərpası uğrunda AXCP-nin prinsipial mübarizəsi məni həmişə cəlb edib».

M.Rahimin sözlərinə görə, hakimiyyət hazırda dünyada gedən proseslərdən, Yaxın Şərqdəki dəyişikliklərdən nümunə götürməlidir. Çünki demokratikləşmə dalğası qarşısı alınmaz prosesdir və Azərbaycan Avropanın bir parçası olmağa məhkumdur. «Hakimiyyətin yürütdüyü siyasət hazırda dünyada qəbul olunmur. Xalqlar ayağa qalxaraq demokratik cəmiyyətdə yaşamaq arzularını ifadə edirlər. Azərbaycan xalqı da ölkəmizdə hüquqi dövlətin qurulmasını istəyir», deyə M.Rahim vurğuladı.
M.Rahim onu da bildirdi ki, yaxın zamanlarda İmişli rayonundan daha onlarla vətəndaş AXCP sıralarına üzvlüklə bağlı müraciət edəcək.