AMİP rəhbərliyinə yeni seçkilər keçirildi

amip-rehberliyine-yeni-seckiler-kecirildi-
Oxunma sayı: 644

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, iclasda katibliyin hesabatı dinlənilib, təşkilatı məsələyə baxılıb, ölkədəki ictimai-siyasi və sosial-iqtisadi vəziyyət müzakirə olunaraq qətnamə və Güney Azərbaycandakı vəziyyətlə bağlı bəyanat qəbul edilib.

Katiblik adından hesabat verən AMİP Baş Katibi Arzuxan Əlizadə keçən dövr ərzində görülən işlər haqqında, rayon (şəhər) təşkilatlarındakı vəziyət, təbliğat işinin təşkili, beynəlxalq əlaqələr və qarşıda duran vəzifələr barədə məlumat verdikdən sonra hesabat ətrafında müzakirələr olmuş və nəticə etibarı ilə katibliyin fəaliyyəti kafi qiymətləndirilib.

Təşkilati məsələlərin müzakirəsi zamanı Mərkəzi Şura sədrliyinə Rəşad Bayramovun namizədliyi irəli sürülüb və o, AMİP Mərkəzi Şurasının sədri seçilib. MŞ Sədrinin təqdimatı ilə Nigar Əlicanlı Mərkəzi Şuranın Sədr müavini seçilib. Həmçinin AMİP Siyasi Şurasında vakant qalan üç yerə seçkilər keçirilib və səsvermənin nəticələrinə görə Eldar Hüseynov, Zəfər Vəliyev və Adil Qurbanov Siyasi Şura üzvləri seçiliblər.

Ölkədəki sosial-iqtisadi və ictimai-siyasi vəziyyətin müzakirəsi zamanı iqtidarın yürütdüyü siyasətdə yanlışlığın davam etdirilməsi, demokratik dəyərlərə və azadlıqlara sayğısızlıq göstərilməsi, köklü islahatlar aparılmaması, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişlərə nail olununmaması, sosial ədalətsizliyin hökm sürməsi, mərkəzdənqaçma meyllərinin artması, idarəçilikdə köhnə metodlara üstünlük verilməsi və hakimiyyət qolları arasında qeyri-bərabər bölgünün mövcudluğu, məhkəmələrin icra strukturlarından asılı qalmasının davamlı sabitliyə və inkişafa getdikcə daha çox təhlükə yaratdığı qeyd olunmaqla qətnamə qəbul edilib. Qətnamədə həmçinin siyasi fəaliyətinə görə həbs olunanların dərhal azadlıqa buraxılması tələbi də öz əksini tapıb.

Sonda Güney Azərbaycandakı vəziyət müzakirə olunaraq İran rejiminin Güneyli soydaşlarımıza yönəlik siyasətinin sərtləşdirilməsi, repressiyaların, təqib və təzyiqlərin amansız xarakter alması, qətl və həbslərin intensivləşməsinin ciddi narahatlıq doğurduğu bildirilib və bununla bağlı AMİP Mərkəzi Şurasının bəyanatı qəbul olunub.