“Anar Əliyev Azərbaycanın ilk leqal milyonçusudur?”

anar-eliyev-azerbaycanin-ilk-leqal-milyoncusudur
Oxunma sayı: 3400



Bununla belə, mediada bu müsahibədən sonra da bir sıra suallar qoyulur və onlara cavablar axtarılır, bəzən iddia və ittihamlar da dilə gətirilir.

Əlbəttə, Anar Əliyevin adı ətrafında belə ajiotaj yaranması, müxtəlif ehtimalların, iddiaların gündəmə gətirilməsi Azərbaycan reallığında o qədər də təəcüblü deyil. Bunun bir səbəbi “Global Witness” təşkilatının yaydığı hesabatda ortaya qoyulan iddialardırsa, digər səbəbi də ölkədə ictimaiyyətin böyük hissəsinin yerli iş adamlarının uğurlu karyerasına inamının aşağı olması, onların təmiz yolla böyük pullar qazanmasına az qala qeyri-mümkün hadisə kimi yanaşılmasıdır. Çünki ölkədə əsas biznes sahələri bir qayda olaraq, iri məmurların əlində cəmləşib və iş dünyası ilə dövlətin, məmurluğun sərhədləri yox olubdur.

Düzdür, azərbaycanlıların heç də az olmayan kəsimində xüsusi biznes, sahibkarlq istedadının olduğunu hər kəs qəbul edir. Elə buna görə də xaricdə, xüsusən Rusiya və Türkiyədə xeyli sayda milyonçu, hətta milyarder azərbaycanlı iş adamlarının olması kimsəyə təəcüblü gəlmir. Baxmayaraq ki, bu insanların bir çoxu ölkədən çıxanda heç nəyə sahib olmayıblar. Nə ata-babadan böyük varidat qalıb, nə də kiminsə himayəsində olublar. Məsələn Vahid Ələkbərov, Telman İsmayılov, Mehrac Babayev və digərləri kimi. Yəni, xarici ölkələrdə iş adamlarımızın milyonçuya, milyarderə çevrilməsini hamı anayışla qarşılayır, kimsə onarı xüsusi müzakirə obyektinə çevirmir.

Ancaq bir qədər qəribə də olsa, insanların əksəriyyəti Azərbaycanda kiminsə nəiniki gənc yaşlarında, hətta ömrünün böyük hissəsini yaşasa belə öz gücünə milyonçuya çevrilə biləcəyinə inanmır və ya bunu qəbul etmək istəmir. Bu baxımdan, Anar Əliyevlə bağlı yerli mediada və sosial şəbəkələrdə gedən müzakirələri uzun illər ictimai fikrə hakim kəsilmiş stereotiplərlə bağlamaq daha doğru olardı. Hansı ki, bu stereotiplərin formalaşmasında hökumətin, ökədəki mövcud sistemin də «əməyi» az olmayıb.

Əksər dövlət qurumlarında iş adamlarına münasibətdə korporativ maraqların önə qoyulması, özlərinə daha yaxın olanlarla işbirliyi qurulması, «yadların» müxtəlif dövlət qurumlarının basqılarına məruz qalması, hətta sıradan çıxırılması faktlarına kifayət qədər rast gəlinməsi ölkə vətəndaşının əksəriyyətində Azərbaycanda kiminsə himayəsində olmadan uğurlu biznes qurmağın qeyri-mümkünlüyü fikrini formalaşdırıb.

Bu baxımdan Anar Əliyevlə bağlı məlumat ortaya çıxan kimi mətbuatın, müəyyən siyasi dairələrin, ümumiyyətlə ictimaiyyətin onu müxtəlif istiqamətlərdən müzakirəyə çıxarması, hətta bu müzakirələr zamanı bəzən Anar Əliyev adlı şəxsin varlığının belə şübhə altına alınması bizim reallıqlarla tam üst-üstə düşən bir mənzərə idi.

Qəribə və təəcüblü olan Anar Əliyevin bu reallıqlara məhəl qoymadan üzə çıxması, əvvəl bəyanat, daha sonra geniş müsahibə verməkdən çəkinməməsi və özü ilə bağlı demək olar ki, bütün iddialara münasibət bildirməsi idi. Lakin görünən budur ki, Anar Əliyevin müsahibəsindən sonra da hansısa dairələr onun adı ətrafında eyni məsələlər üzrə müzakirələri yenidən qızışdırıblar. Sanki kimlərsə neft sektorundakı bütün problemləri, fiksə edilmş və ehtimal olunan korrupsiya faktlarını Anar Əliyevin adı ilə bağlamağa, onun biznes fəaliyyətini qaralamağa çalışır. Bu zaman ictimaiyyəti çaşdırmaq üçün “Global Witness” təşkilatının yaydığı hsabatdakı faktlar bir qədər də şişirdilir, hesabatdan sonra bir çox məsələlərə aydınlıq gətirən həm ARDNŞ-in, həm də onun özünün açıqlamalarının üzərindən sükutla keçilir. Nədir bunlar?

Birincisi, Anar Əliyev Naxçıvandan olduğu üçün onun adı bir çox vəzifəli şəxsin qohumu kimi hallandırılır. Hətta soyadındakı oxşarlığa görə onu ölkə rəhbərinin yaxın qohumu kimi də qələmə verən oldu. Ancaq Anar Əiyev bu iddiaları birmənalı şəkildə təkzib etdi. Hətta bəzi suallardan qaçmaq üçün soyadının sonluğunu “Əlizadə” olaraq dəyişdirdiyini bəyan etdi. Baxmayaraq ki, kiminsə qohumu olması faktı bir insanın özünə uğurlu biznes karerası qurmasını əngəlləmir.

İkincisi, Anar Əiyevin biznes fəaliyyətinə başlamaq üçün ilkin kapitalı hardan əldə etməsinin qaranlıq oduğu iddiası qabardılır. Halbuki, A.Əliyev müsahibəsində bu məsələyə də çox inandırıcı aydınlıq gətirib. Bununla bağlı müsahibəsində söylədiklərini təkrarlamaq fikrində olmasaq da, qısaca qeyd edək ki, gənc yaşlarından, sadə dildə desək, alverlə məşğul olan Anar Əiyev bir qədər bəxtinin gətirməsi, bir qəər də işgüzarlığı sahəsində özünə böyük biznes qua bilib. Onun böyük pullar qazanmasında isə özünün də dediyi kimi, bir ara Bakıda «su qiymətinə» olan torpaq sahələrinin 2-3 il ərzində kəskin şəkildə bahalaşmasının böyük rolu olub. Sitat: «…2000-ci illərin əvvələrində Bakıya gəlmişəm və Gənclik metrosu ətrafında yerləşən şəxsi evlərin və torpaq sahələrinin alqı-satqısı ilə fəal məşğul olmuşam.

Məlumat üçün bildirim ki, həmin dövrdə 2-3 il ərzində torpaq və əmlak qiymətləri kəskin şəkildə qalxmağa başladı. Bu isə mənə alqı-satqıdan qısa zamanda əlimdə olan ilkin kapitalı kəskin şəkildə artırmaq imkanı yaratdı. Eyni dövrdə mən tikinti materiallarının və avadanlıqlarının alqı-satqısı sahəsində fəal olmuşam. Bundan əlavə mənə məxsus olan şirkətlərin bəzi yaşayış binalarının tikintisındən əldə etdikləri gəlir də mənim ilkin kapitalımın artmasına səbəb oldu…»

Əlbəttə, Anar Əliyevin mütləq həqiqəti danışdığını iddia etmək fikrindən uzağıq. Lakin həqiqətən də, Bakıda torpaq, əmlak qiymətlərinin qısa müddət ərzində kəskin bahalaşmasından yüzlərlə, bəlkə də minlərlə adam böyük pullar əldə etməyiblərmi? Bu baxımdan, tamamilə mümkündür ki, Anar Əliyev də bir dövrlər – 2000-ci illərin əvvəllərində fantastik gəlirlər verən bu biznesdən böyük kapital əldə edə bilibdir.

Üçüncüsü, Anar Əliyevə qarşı irəli sürülən iddia onun neft sektoruna necə daxil olması, bu sahədən böyük pullar qazanması ilə bağlıdır. Bir çoxları neft sektoruna «yad adamın» buraxılmadığını əsas gətirərək, Anar Əiyevin bu sahədən böyük pullar qazanmasına imkan verilməsinin şübhəli olduğunu bildirirlər. Əslində haqsız da sayılmazlar. Həqiqətən, Azərbaycan hökumətinin neftdən hansısa iş adamının böyük pullar qazanmasına imkan verməsi təəccüblüdür.

Ancaq həm Anar Əliyevin müsahibəsindəki fikirləri, həm ARDNŞ-in keçmişdəki və indiki açıqlamaları, həm də mütəxəsislərin rəyləri göstərir ki, o, bu işə risk edərək başlayıb. Daha dəqiqi, ARDNŞ hələ hansı nəticə verəcəyini bilmədiyi bir işə vəsait qoymaq istəmədiyindən, ilkin illərdə bunu özəl şirkətlər vasitəsilə həyata keçirmək istəyib. Bu zaman Anar Əliyevin təklifləri daha cəlbedici olğundan, eyni zamanda qurduğu şirkətə «Lukoyl» şirkətinin vitse-prezidenti olmuş, bu sahədə zəngin təcrübə toplamış Valeriy Qolovuşkini cəlb edə bildiyindən onu seçiblər. Bu ARDNŞ-in açıqlamasında da qeyd edilib. 

Sitat: «…2008-ci ildə ARDNŞ Azərbaycan neftinin marketinqi üzərində nəzarəti əla almağa və bu xam neft həcmlərini birbaşa son istifadəçilərə, xüsusilə də Avropa, Asiya və Amerika üzrə çatdırmağa dair qərar qəbul etdi… Bu sahədə uğurlu nəticələr əldə etmək üçün ARDNŞ-nin qarşısında Azərbaycan neftinin dünya bazarında kotirovka oluna bilən brendinin əldə olunması, bazara nüfuz edə bilən, peşəkar treydinq şirkətinin və onun dünya üzrə şəbəkəsinin yaradılması, lazım olan bank maliyyəşmələrinin və peşəkar mütəxəssislərin cəlb olunması kimi vəzifələr dururdu. ARDNŞ tərəfindən bu məqsədlə cəlb olunmuş təkliflər müvafiq qaydada təhlil edildikdən sonra biznes sahəsində uğurlu təcrübəsi olan və hələ 2000-ci illərin əvvələrindən ARDNŞ ilə əməkdaşlıq edən azərbaycanlı iş adamı Anar Əliyevin təklifləri ən səmərəli hesab edildi və sonradan, həqiqətən də, uğurla nəticələndi.

Belə ki, ARDNŞ-nin ilk treydinq şirkəti olan SOCAR Trading şirkəti (birgə müəssisə) təsis edildi və Anar Əliyevin təşəbbüsü ilə Lukoyl şirkətində rəhbər vəzifədə işləmiş və zəngin təcrübəyə malik Valeriy Qolovuşkin onun rəhbərliyinə gətirildi. Qısa bir zaman çərçivəsində görülmüş işlər nəticəsində Azərbaycan nefti dünya birjalarına ilk dəfə olaraq birbaşa öz brendi altında çıxarıldı…»

Oxşar fikirlər Anar Əliyevin müsahibəsində də yer alıb. Sitat: «Socar Trading SA adlı bir şirkətin qurulması mənim və həmçinin tanınmış neft treyderi olan cənab Valeriy Qolovuşkin tərəfindən irəli sürülən bir təklif oldu. ..Biz dünyanın xam neft treydinqi sayılan İsveçrədə belə bir yeni treydinq şirkətinin qurulmasını təklif etdik. Bu xam neftin satışı strukturunun Azərbaycanın xam neftinin əsas satış mərkəzinə çevrilməsi üçün peşəkar işçi heyəti və ofislə təchiz edilməli idi. O zaman ARDNŞ belə bir şirkətin qurulmasına dair zəruri təcrübəyə və “nou-hau”ya malik deyildi, və nəticədə bizim tərəfimizdən verilən təklifə əsasən Socar Trading SA şirkəti quruldu. Bunun nəticəsi olaraq, Azərbaycanın xam neftinin dəyəri dünya bazarlarında qalxdı və brend kimi qəbul olundu…»

Qeyd edək ki, şirkət gəlirlə işləməyə başladıqdan və müsbət nəticələr əldə olunduqdan sonra əvvəlcədən olan razılaşmaya əsasən, bütün pay ARDNŞ-ə satılıb. Yəni, ARDNŞ qısa müddətdən sonra heç bir risk etmədən geniş təcrübəyə və böyük şəbəkəyə malik olan nüfuzlu treydinq şirkəti əldə edir. Təbii ki, risk edərək belə bir şirkət qurduğu və onu qoruyub saxladığı üçün (2008-ci ildə dünyanı maliyyə böhranı bürüyəndə ciddi maliyyə problemləri ilə üzləşən «Socar Trading SA»-nı iflas olmasına məhz Anar Əliyev imkan verməyib-müəl.) Anar Əliyevin də burdan qacancı olub.

Onun ən böyük qazancı isə həm Azərbaycana belə bir böyük şəbəkəyə malik şirkət qazandırmaq, həm də ARDNŞ-in etibarlı partnyoruna çevrilməklə şirkətin digər layihələrində də qarşılıqlı, sərfəli şərtlər daxilində pay alması olur.

Yəni başqa ittihamlar bəlkə də əsaslıdır, lakin buna görə Anar Əliyevi ittiham obyektinə çevirmək yersizdir. Çünki Anar Əliyev olmasaydı başqa bir şəxsin vasitəsilə belə bir şirkət qurulacaqdı.

Nəhayət, dördüncüsü, hazırda 36 yaşı olan Anar Əliyevin biznes fəaliyyətinin şübhə altına alınmasının səbəblərindən bir kimi də onun gəncliyi göstərilir. Əlbəttə, Azərbaycan reallığında kiminsə gənc yaşlarında milyonçuya çevrilməsi təəcüblü qarşılana bilər. Bu da yuxarıda qeyd etdiyimiz kimi, ölkədə uzun illər ərzində formalaşmış stereotiplərlə bağlıdır. Hazırda Azərbaycanda tanınan, məşhur olan gənc iş adamlarının mütləq əksəriyyətinin arxasından onların nazir, nazir müavini, komitə sədri, deputat olan atalarının, digər məmur yaxınlarının kölgəsi görünür.

Kiminsə gəncliyində ciddi uğurlar əldə etdiyi ortaya çıxanda isə, heç kəs buna inanmaq istəmir, arxasında yenə də “kölgə” axtarır.

Ancaq biz başımızı qaldırıb ətrafımıza boylansaq, uzağa getməyək, elə qonşu Gürcüstana baxsaq tamam fərqli mənzərəni görə bilərik. Bu ölkədə prezidentin 44 yaşı varsa, 31 yaşlı bir gənc baş nazir vəzifəsini tutaraq bütün ölkə iqtisadiyyatına nəzarət edə bilirsə, 36 yaşlı, artıq gənclik dövrünü keçirmiş bir şəxsin biznesdə uğur qazanmasından təbii nə ola bilər?

Gürcüstanın, digər ölkələrin təcrübəsi, idarəetmə sistemi onu sübut edir ki, şərait yaradılarsa, imkan verilərsə insanlar gənc yaşlarında böyük uğurlara imza ata bilərlər. Anar Əliyevin də belə demək mümkünsə, bəxti onda gətirib ki, ona belə bir imkan tanınıb. Buna görə Azərbaycanda ilk dəfə olaraq rəsmən milyonçu olduğunu bəyan etməyə cəsarət edən bir gənci günahlandırmaq doğru yanaşma sayıla bilməz. /azpolitika/